Azərbaycan mediasının üç mühüm problemi beynəlxalq konfransın iki günlük müzakirə mövzusu olacaq

Bakıda “Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda iki günlük beynəlxalq konfrans başlayıb.

APA-nın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının, Beynəlxalq Avrasiya Mətbuat Fondunun, Demokratik Jurnalistlər Liqasının, Jurnalistlərin Həmkarlar İttifaqının və “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin həyata keçirdiyi “Etik jurnalist təşəbbüsləri – Azərbaycan” layihəsi çərçivəsində təşkil olunan konfransda xarici və yerli ekspertlər, kütləvi informasiya vasitələrinin rəhbərləri, jurnalist təşkilatlarının nümayəndələri, dövlət rəsmiləri və ictimai-siyasi xadimlər iştirak edir. Jurnalistlərin Həmkarlar İttifaqının sədri, “Etik jurnalist təşəbbüsləri – Azərbaycan” layihəsinin koordinatoru Müşfiq Ələsgərli qonaqları salamlayaraq tədbirin Avropa Komissiyasının maliyyə dəstəyilə keçirildiyini deyib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında ölkə mediasının problemlərinə toxunub. O, indiyədək Salatın Əsgərova, Çingiz Mustafayev, Elmar Hüseynov kimi jurnalistlərin həlak olduğunu xatırladıb. Ə.Amaşov dünən E.Hüseynovun qətlinin ildönümü olduğunu xatırladaraq əmin olduğunu bildirib ki, onun qətlinin üstü açılacaq və cinayətkarlar cəzalandırılacaq.

Jurnalistlər Federasiyası katibinin müavini Oliver Money-Kirle Azərbaycanda medianın çox bölündüyünü söyləyib: “Burada hökumət və müxalifət mediaları arasında bölünmüşlük görünür”. Onun fikrincə, Azərbaycanda media peşəkar deyil və siyasiləşib.

Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdir müavini Ərəstun Mehdiyev 1998-ci ildə Azərbaycanda senzuranın ləğv olunduğunu xatırladaraq, ölkədə bu istiqamətdə digər addımların da atıldığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. O bildirib ki, Azərbaycanda 4300-dən artıq KİV, 50-dən artıq informasiya agentliyi qeydiyyatdan keçib: “Əlbəttə, kəmiyyət artımı keyfiyyətdən xəbər vermir. Ancaq kəmiyyət artımı həm də keyfiyyət göstəricilərinə təsir edir”.

Ə.Mehdiyev deyib ki, bu gün cəmiyyətdə azad sözə ehtiyac var, gələcəkdə də ehtiyac olacaq: “Ancaq azad söz də vicdanlı, obyektiv olmalıdır. Bu baxımdan görəcəyimiz işlər də çoxdur”.

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli tədbirin əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.

ATƏT-in Bakı Ofisinin təmsilçisi Jacqueline Carpenter deyib ki, tədbirin mövzusu ifadə azadlığı və ATƏT-in öhdəlikləri baxımından önəmlidir. Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin təmsilçisi Fuad Hüseynov da tədbirin əhəmiyyətindən danışıb. O, vətəndaş cəmiyyəti nümayəndələrinin hökumətlə konstruktiv əməkdaşlıq etməsinin vacibliyini də qeyd edib. Daha sonra M.Ələsgərli “Etik jurnalist təşəbbüsləri – Azərbaycan” layihəsi barədə geniş məlumat verib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azərbaycan mediasının mənzərəsi: mövcud vəziyyət, yeni çağırışlar” mövzusunda məruzə edib. O bildirib ki, 2010-cu ildə müxtəlif qurumlardan və şəxslərdən Mətbuat Şurasına KİV-də yazılan yazılarla bağlı 700-ə yaxın şikayət daxil olub. Şikayətlərin əksəriyyəti haqlı sayılıb. Müraciətlər arasında şərəf və ləyaqətin alçaldılması halları üstünlük təşkil edib. Ə.Amaşov internet resurslarının sürətlə inkişaf etdiyinə diqqət çəkərək deyib ki, Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 250 minə yaxındır. 2009-cu ildə ölkədə yaradılmış internet bloqlarının sayı 200 olubsa, 2010-cu ildə bu rəqəm 1000-i keçib. Bundan əlavə, Azərbaycanda 10-dan çox internet radio və televiziyası var”. Lent.az İnformasiya Agentliyinin baş redaktoru Qabil Abbasoğlu “Mediada yeni çağırışlar – Azərbaycanda internet medianın inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanda internet mediası sahəsində qanunvericilik bazasının hazırlanmasının zəruriliyini vurğulayan Q.Abbasoğlu hazırda KİV-lə bağlı qanunlara istinad etdiklərini söyləyib: “Ancaq internet mediasında söhbət məlumatın elə bu gün, bu dəqiqə, hətta bəzən canlı olaraq oxuculara çatdırılmasından gedir. Bu isə yeni standartların yaradılmasını zəruri edir”.

Tədbirdə “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, “İREX-Azərbaycan” təşkilatının hüquqşünası Ələsgər Məmmədli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da çıxış edib. Daha sonra müzakirələr başlayıb. Müzakirələrdə Beynəlxalq Jurnalistlər Federasiyası katibinin müavini Oliver Money-Kirle, Media Hüququ İnstitutunun direktor müavini Xalid Ağalıyev və başqaları söz alıb.

Fasilədən sonra tədbirin “Şəffaflıq kontekstində hakimiyyət-media münasibətləri” mövzusunda ikinci sessiyası başlayıb. Bu mövzuda əsas məruzə ilə Azəri-Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı çıxış edib. O deyib ki, bu gün Azərbaycan mediasının müxtəlif kontekstlərdə fikir mübadiləsinə ehtiyac var. Medianın spesifik bir sahə olduğunu qeyd edən V.Mahirqızının fikrincə, bu gün Azərbaycanda KİV-in inkişafı ölkə iqtisadiyyatının inkişafına tərs mütənasibdir. Baş direktor medianın reklam alması sahəsində mövcud olan problemlərə də toxunub: “Reklam vermək istəyənlər qəzetlərin tirajı ilə maraqlananda məlum olur ki, qəzetin nə qədər satılması haqda məlumat verilmir. Televiziyalarla bağlı reytinq məsələsi mübahisəlidir. Saytlarla bağlı vəziyyət isə bir az daha aydındır. Ancaq ən böyük mübahisə qəzetlərin satış göstəricilərilə əlaqəlidir. Reklam verəni isə tiraj yox, nəticə maraqlandırır”.

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dəstək Fondunun yaradılmasını müsbət qiymətləndirən V.Mahirqızı hesab edir ki, bu, hakimiyyət-media münasibətlərində hakimiyyətin addımı olub. O bildirib ki, dövlət tərəfindən yazılı mediaya yardım göstərilməsi müsbət haldır: “Lakin telekanallardakı həmkarlarımızın vəziyyətinin də çox yaxşı olduğunu demək mümkün deyil”. V.Mahirqızının sözlərinə görə, Azərbaycanda media müstəqil biznes strukturlarına çevrilməlidir: “Dövlət tərəfindən ayrılan maliyyə yardımı isə yalnız müəyyən kömək xarakteri daşıya bilər”.

APA-nın rəhbəri Azərbaycanda birinci mənbədən informasiya alınmasında hələ də problemin qaldığını söyləyib. Lakin o, əvvəlki illərlə müqayisədə bu sahədə xeyli irəliləyiş olduğunu, dövlət orqanlarının müasir informasiya texnologiyalarından istifadə edərək informasiya şəffaflığını təmin etdiyini vurğulayıb. V.Mahirqızı ali məktəblərin jurnalistika fakültələrində “İctimaiyyətlə əlaqələr” ixtisasının yaradılmasını zəruri sayıb.

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli çıxışında fond tərəfindən yazılı mediaya 2009-cu ildə 1,3 milyon, 2010-cu ildə isə 2 milyon manat ayrıldığını xatırladıb. Jurnalistlər arasında bir sıra müsabiqələrin keçirildiyini deyən V.Səfərli bunun həm də jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət etdiyini bildirib: “Fond azad mətbuatın inkişafına dəstək məqsədilə yaradılıb. Biz iqtidar-müxalifət ayrıseçkiliyi qoymuruq”.

“Şəffaflıq-Azərbaycan” Təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva, “Trend” İnformasiya Agentliyinin direktoru İlqar Hüseynov, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də mövzu ətrafında çıxış edib.

Beynəlxalq konfrans martın 3-də işini yekunlaşdıracaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO