Azərbaycan media nümayəndələri Qazaxıstana dəvət olunub

Bu il aprelin 26-27-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək 10-cu Avrasiya Media Forumuna Azərbaycanlı jurnalistlər də dəvət alıblar. Forumun təşkilat komitəsinin sədri Dəriğə Nazarbayevanın dəvəti ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu və Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin direktoru Azər Həsrət tədbirə qatılacaqlar. Bu barədə U.Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, Forumun builki yubiley tədbirində qlobal səviyyəli bir sıra mühüm məsələlərin müzakirəsi nəzərdə tutulub.

Bunların arasında “Terrorla mübarizə”, “Avrozonanın böhranı: Avropa Birliyinin dağılması üçün gerçək təhlükə, yoxsa siyasi manipulyasiyanın nəticəsi?”, “Çoxmədəniyyətliliyin iflası – sivilizasiyalararası müharibənin simptomları”, “Ərəb baharı: idarə olunan xaos, yoxsa demokratik oyanış?”, “Vikiliks fenomeni”, “Gömrük birliyi” və s. kimi məsələlər də var.

Onu da qeyd edək ki, hər il olduğu kimi bu il də Forumun işinə dünyanın hər tərəfindən nüfuzlu siyasət, biznes, media liderləri qatılacaq və iki gün ərzində geniş müzakirələr aparılacaq.

Qazaxıstan səfəri zamanı U.Rəhimoğlu və A.Həsrətin Beynəlxalq Mətbuat İnstitutunun mandatı əsasında bu ölkədə qurumun milli komitəsinin yaradılması üçün ilkin işləri görəcəyi də nəzərdə tutulur.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO