“Azərbaycan KİV-nin dili” mövzusunda konfrans keçiriləcək

Əflatun Amaşov: “Dilimiz kasıblaşır”

Aprelin üçüncü ongünlüyündə Mətbuat Şurası və Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu birgə “Azərbaycan KİV-nin dili” mövzusunda illik konfrans keçirəcək.

Mətbuat Şurasının sədri Əflatun Amaşovun Lent.az-a verdiyi məlumata görə, tədbirdə Dilçilik İnstitutunun tanınmış alimləri, KİV rəhbərləri, mütəxəssislər, jurnalistlər iştirak edəcəklər.

Konfransda mediamızın dili ilə bağlı məruzələr dinləniləcək, çıxışlar olacaq: “Biz istəyirik ki, mediamızın dilinə önəm verək, ayrı-ayrı KİV-də dillə bağlı davamlı monitorinqlər keçirək, bu sahədə tendensiyanı izləyək, vaxtaşırı problemləri müzakirə edək”.

Əflatun Amaşov bildirib ki, Mətbuat Şurası mediamızda bununla bağlı indiyə qədər də monitorinqlər aparıb. Mətbuat Şurasının dil üzrə komissiyası fəaliyyət göstərir. Həmin komissiyanın rəhbəri Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıxovdur.

Mətbuat Şurasının sədri bu sahədəki problemlərdən birinin yad dillərdən gələn sözlərlə bağlı olduğunu söyləyib: “Bu sözlər Azərbaycan dilində vətəndaşlıq hüquqları qazanırsa,
dilimizdə qalırlar, əgər vətəndaşlıq hüququ qazanmırlarsa, xalq o sözləri unudur. Ancaq yad dillərdən gələn sözlər əsasən mətbuatımızda işlənir, mətbuatda yaranır. Bu sözlər mətbuatda nə qədər uzun müddət işlənsə, xalqın hafizəsində bir o qədər qalır. Bu məsələ ilə bağlı müəyyən problemlər var”.

Mətbuat Şurasının sədri mətbuatımızdakı orfoqrafik səhvlərə də toxunub. Onun sözlərinə görə, son zamanlar informasiya-kommunikasiya texnologiyalarının inkişafı, kompüterin geniş yayılması ilə əlaqədar redaksiyalarda da müəyyən vəzifə bölgüləri aparılıb və əksər redaksiyalarda korrektor ştatları götürülüb: “Jurnalist yazır, redaktor oxuyur, səhifəyə qoyur. Hətta aparıcı qəzetlərimizdə diqqətdən yayınan elə səhvlər olur ki, bu, istər-istəməz oxucuda qəzet barədə müəyyən mənfi fikir yaranmasına əsas verir”.

Əflatun Amaşov jurnalistikanın xəbərçilik istiqamətində inkişaf etdiyini, başqa janrlara az yer verildiyini və buna görə də jurnalistikada söz ehtiyatının azaldığını vurğulayıb. Mətbuat Şurası bu sahədə də monitorinq aparır: “Sovet dövründə, məsələn, 1980-ci illərdə işıq üzü görən qəzetlərdə təqribən 5 mindən çox müxtəlif sözlər işlədilib. Bəzi məqamlarda qəzetlərdə söz ehtiyatı 10 min olub. Ancaq çağdaş qəzetlərdə söz ehtiyatı 1000-1500 söz civarında olur. Söz ehtiyatı kasıblaşır, bu da istər-istəməz dilimizin kasıblaşmasına gətirib çıxarır. Bu məsələlər də gündəmdədir”.

Mətbuat Şurasının sədri qeyd edib ki, sovet dövründə Azərbaycan jurnalistikası rus jurnalistikası əsasında formalaşaraq inkişaf edib. Rus jurnalistikası isə elə bu gün də qrammatik tələblərə daha çox riayət edən jurnalistikadır. Rusiyanın hətta əyalətlərində çıxan qəzetlərdə çox nadir hallarda orfoqrafik səhvlərə rast gəlmək olar: “Bu gün Azərbaycanda çağdaş jurnalistikamız Türkiyə jurnalistikasına, Türkiyə jurnalistikası üzərindən Amerika jurnalistikasına istiqamətləndiyi üçün faktı olduğu kimi vermək meyli daha aparıcıdır. Məsələn, müsahib necə danışır, bunu elə olduğu kimi çatdırmaq, xəbərlərin daha çox operativliyinə üstünlük verib, bədii-publisistik keyfiyyətlərini arxa plana keçirmək Azərbaycan jurnalistikasında da özünü göstərir. Lakin ABŞ, Türkiyə qəzetlərində belə hansısa qrammatik, orfoqrafik səhvlər olanda oxucularda o qəzetlərə qarşı müəyyən yadlaşma olur, Azərbaycanda da elədir”.

Əflatun Amaşov Mətbuat Şurasının Dilçilik İnstitut ilə bu mövzuda mütəmadi tədbirlər keçirməyi nəzərdə tutduğunu dilə gətirdi: “İstəyirik ki, konfransdakı çıxışları sonradan kitabça halında çap etdirək və problemlərin geniş müzakirəsini aparaq. İctimai-siyasi həyatda baş verən olayların daşıyıcısı KİV və dildir. Millətin mənəvi baxımından dilin inkişafı mühümdür”.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO