“Azərbaycan kinematoqrafçıları” kitabı çapdan çıxıb


Kitabda 15 kino xadiminin həyat və yaradıcılığı əks olunub
Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Film Fondunun təşəbbüsü ilə kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadənin növbəti kitabı işıq üzü görüb. Aydın Kazımzadənin Lent.az-a verdiyi məlumata görə, “Azərbaycan kinematoqrafçıları” adlanan kitabda 15 kino xadiminin həyat və yaradıcılığına həsr olunub: “112 illik Azərbaycan kino tarixinə yüzlərlə milli kino sənətkarlarımızın adları həkk olunub. Ötən illər ərzində bir çox kinematoqrafçı dünyasını dəyişib, onların müxtəlif növdə və janrda çəkdikləri filmləri bugünkü nəslə yadigar qalıb. Bu kitabda verilmiş portret-oçerklərdə belə sənətkarlardan on beşinin həyat və yaradıcılığından söhbət açılıb”.

Kitabda bəhs edilən kinematoqrafçılar sırasında Lütfəli Abdullayev, Emin Sabitoğlu, Həsənağa Turabov, Həsən Məmmədov, Şahmar Ələkbərov, Ceyhun Mirzəyev də var.

Aydın Kazımzadə onu da bildirib ki, Beynəlxalq Arxivlər Federasiyası tərəfindən səmərəli fəaliyyət göstərən arxivlərin hesabatı yer alan toplu işıq üzü görüb. Azərbaycan Dövlət Film Fondunun hesabatı da burada əksini tapıb. Toplu Norveçin paytaxtı Oslo şəhərində çapdan çıxıb və orda keçirilən toplantıda təqdim olunub.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO