«Azərbaycan bu gün və sabah» jurnalının növbəti sayı işıq üzü görüb


Jurnalın bu nömrəsi «İslahatlar» bölməsindən başlanmışdır. Burada Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru Əli Nuriyevin «Ailə, təhsil və milli-mənəvi dəyərlər» məqaləsi təqdim edilmişdir. Bu məqalənin ardınca Hamlet İsaxanlının jurnalın ötən nömrəsində gedən məqaləsinin davamı təqdim edilmişdir. Hər iki alimin məqaləsi əhəmiyyətli problemə həsr edilmişdir. Lakin gələcək diskussiyalara ehtiyac var.

«Sivilizasiyaların dialoqu» bölməsində fəlsəfə elmləri doktoru Nazim Səfərovun «Milli-mənəvi dəyərlər nədir?» məqaləsi yer almışdır. Məqalədə mənəvi dəyərlər probleminə fərqli yanaşma təqdim edilir və bu səbəbdən də oxucuların diqqətini cəlb edəcəkdir.

«Siyasət» bölməsində filologiya elmləri namizədi Elçin Mehrəliyevin «Azərbaycan ədəbiyyatı Qarabağın işğalı problemi haqqında» məqaləsi dərc edilmişdir. Bəziləri filoloqun məqaləsinın siyasət bölməsində verilməsinə təəccüblənə bilər. Lakin fənlərarası tədqiqatlarla tanış olanlar üçün təəccüblü bir şey yoxdur. Burada iqtisad elmləri namizədi Fazil Hacıyevin «Azərbaycanda maşınqayırma sənayesinin inkişaf tarixinə dair» adlı məqaləsi də verilmişdir. Məqalə iqtisadi siyasət məsələlərinə həsr edilmişdir.

«Vətəndaş cəmiyyəti» bölməsində sosioloji elmlər doktoru Rafael Həsənovun «Azərbaycanın yerli özünüidarə orqanlarında vətəndaşların iştirakı və sosial kapital» məqaləsi təqdim edilmişdir. Qeyd edək ki, bu çox ciddi mövzudur. Ölkəmizdə bələdiyyələrin inkişafından, onların xalqın mənafeyinin yaxşılaşdırılmasına nə dərəcədə xidmət edəcəklərindən çox şey asılıdır. Müəllifin düşüncələri sosioloji məlumatlarla təsdiq edilmişdir. Bu da həmin düşüncələrə inamı artırır.

«Elmdə islahatlar» bölməsində iki Rumıniya alimi – elmlər doktoru Florina Braunun və İoann İldikonun «Ekoturizm böyüməkdə olan bir bazardır» adlı birgə məqaləsi dərc edilmişdir. Məqalədə bazar və turizm arasındakı əlaqələr təhlil edilir. Bu bölmədə həmçinin Rumıniyanın elmlər doktoru Kristina Popanın və Həmzə Kərimovun «Üzvi qidanın marketinqi» adlı birgə məqalələri də təqdim edilmişdir.

Xatırladaq ki, elmi, ictimai-siyasi xarakterli «Azərbaycan bu gün və sabah» jurnalının təsisçisi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasıdır və jurnal 2007-ci ilin iyun ayından nəşr olunur.

Mənbə: SAMF

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO