“Azad Azərbaycan ” qəzetinin baş redaktoru: “Mətbuat şurası özünü dövlət qurumu kimi aparır “

“Azad Azərbaycan” qəzeti deputat Qənirə Paşayevadan üzr istəmək və onun mövqeyini çap eləmək niyyətində deyil”. “Media forum”a açıqlamasında belə deyən baş redaktor Asəf Abbasov əlavə edib ki, qəzet deputata qarşı heç bir qərəz yazmayıb: “Azad Azərbaycan”dakı yazıda dövlət başçısının avtomobillərdən tünd rəngli, plyonkalanmış şüşələrin yığışdırılması haqda göstərişinə məhəl qoyulmamasından danışılıb”.

Yanvarın 21-də Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının iclasında deputat Qənirə Paşayevanın “Azad Azərbaycan” qəzetinin 9 dekabr 2009-cu il sayında gedən “Plyonkalı maşınların sayı yenə də artmaqdadır” sərlövhəli yazıdan şikayətinə baxılıb. Millət vəkilinin səlahiyyətli nümayəndəsi Vidadi Məmmədov bildirib ki, qəzet Q.Paşayevanı hədəf götürərək onun barəsində dəfələrlə qərəzli, həqiqətə uyğun olmayan materiallar dərc edib.

Mətbuat Şurasının media açıqlamasında bu haqda deyilir: “İclasda materialların araşdırılması zamanı müəyyənləşdirilib ki, “Azad Azərbaycan” qəzetində Q.Paşayeva barədə gedən yazılarda istər “Kütləvi informasiya vasitələri haqqında” qanundan, istərsə də Jurnalistlərinin Peşə Davranışı Qaydalarından irəli gələn tələblərə sayğısızlıq göstərilib. Mətbu orqanın millət vəkilinin təkzib, yaxud şəxsin mövqeyini əks etdirən yazısının dərcindən imtinası həmin KİV-in bu sayaq materilların təqdimatında maraqlı tərəf olduğu qənaətini formalaşdırmaqdadır. Komissiya qəzet rəhbərliyinin məsələnin müzakirəsinə qatılmamasını nəşrin şuranın üzvü kimi qəbul etdiyi nizamnamə tələblərinə sayğısızlıq əlaməti olaraq dəyərləndirib. Bütün bunlar nəzərə alınaraq “Azad Azərbaycan”a ciddi xəbərdarlıq olunması barədə rəy çıxarıb. Rəydə qəzetə qarşı tərəfdən – Q.Paşayevadan üzr istəməsi, deputatın mövqeyini əks etdirən yazısını dərc etməsi tövsiyəsi də yer alıb.

İclasda həmçinin “Azad Azərbaycan” qəzetinin əməkdaşları ilə bağlı Mətbuat Şurasına müxtəlif dövrlərdə bir sıra şikayətlərin daxil olduğu barədə məlumat verilib. Bildirilib ki, nəşr iş prinsipini eyni qaydada davam etdirəcəyi halda onun fəaliyyəti şuranın “reket jurnalistika”ya qarşı mübarizə komissiyasında araşdırılacaq”.

“Media forum”a danışan baş redaktor Asəf Abbasov qeyd edib ki, Mətbuat Şurası ictimai qurumdur: “Amma özünü dövlət qurumu kimi aparır. Bizə ciddi xəbərdarlıq edilir. Nə ciddi xəbərdarlıq edə bilərlər ki? Bununla bağlı ötən şənbə günü şura sədri Əflatun Amaşovla söhbətimiz olub. Açığı, komissiyanın qərarını ciddi hesab eləmirəm. Qənirə xanımım sifarişinə xidmət sayıram.

Heç bir üzrxahlıq, yaxud başqa nəsə ola bilməz. Qəzetin mövqeyində heç bir qərəz yoxdur. Məqalədə prezidentin avtomobillərdən tünd rəngli, plyonkalanmış şüşələrin yığışdırılması haqda göstərişindən danışılır. Müəllif məqaləni bu göstərişə əməl edilməməsinə kökləyib, Tovuzda müşahikdə elədiyi faktları da məqaləsinə daxil edib. Orada Qənirə xanımdan başqa bir deputatın da rayona şüşəsi plyonkalanmış maşında gəldiyi deyilir”.

Baş redaktor komissiyanın qərarının ikinci hissəsi ilə qəti razılaşmadığını deyib: “Guya bizi “reket qəzet” elan edə bilərlər. Bu qəzet 15 ildir fəaliyyət göstərir. Azərbaycan dövlətçiliyinə daim xidmət edib. Belə qəzet “reket” ola bilər?”

Asəf Abbasov Mətbuat Şurasının sədri Əflatun Amaşovla hansı yekun qərara gəlib-gəlmədiyi barədə məlumat verməyib: “Görüşüb fikir mübadiləsi apardıq”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO