SAMF

Bu sayt Söz Azadlığını Müdafiə Fondunun rəsmi internet resursudur

AVCİYANIN “XOCALI YADDAŞI” kitabı işıq üzü gördü

AVCİYANIN “XOCALI YADDAŞI” kitabı işıq üzü gördü
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının "1905.az” portalının "1905.az kitabı” seriyasından ikinci nəşri – "XOCALI YADDAŞI” kitabı işıq üzü görüb. Orijinal dizayn və nəfis tərtibatla çap olunan kitab Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunub və şərti olaraq üç hissəyə bölünüb. Kitab AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun ön sözü ilə açılır. Birinci hissədə Qarabağ bölgəsinin, bu əraziyə ermənilərin köçürülməsi tarixi, onların törətdikləri soyqırımlar, Ermənistanın ərazi iddiaları, Qarabağ probleminin başlanması, Dağlıq Qarabağın azərbaycanlı kəndlərinin işğalı ilə bağlı materiallar verilib. Birinci bölüm Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarından müvafiq iqtibaslarla müşayiət olunur.
Xocalı soyqırımından bəhs edən ikinci bölüm kitab içərisində kitab kimi verilib və digər bölümlərdən ayrılır. Bu bölümə Xocalı rayonu və şəhəri, Xocalı soyqırımı, hadisə zamanı itkin düşənlərin, əsir və girov götürülənlərin siyahısı, əsir və girov götürülənlərlə bağlı ətraflı məlumat, faciə zamanı müstəsna igidlik göstərən Azərbaycanın Milli Qəhrəmanları, qətliamı törədən erməni qruplaşmaları, xocalılara divan tutulan yaşayış məntəqələri ilə bağlı materiallar daxil edilib. Materiallar xarici medianın Xocalı soyqırımı ilə bağlı yazıları, faciə zamanı əsir düşənlərin dedikləri, eləcə də ermənilərin baş verənlərlə bağlı söylədikləri ilə müşayiət olunur.
Üçüncü bölümdə Rusiyanın "Memorial” İnsan Hüquqları Mərkəzinin, "Human Rights Watch” təşkilatının Xocalı hadisələri ilə bağlı hesabatı, Xocalı soyqırımı ilə bağlı rəsmi sənədlər, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir sıra çıxış və müraciətləri, hadisənin soyqırımı kimi dəyərləndirilməsi ilə bağlı materiallar, Heydər Əliyev Fondunun Xocalı soyqırımının tanıdılması ilə bağlı fəliyyəti, "Xocalıya ədalət” kampaniyası, soyqırımın beynəlxalq aləmdə tanınması, eləcə də bu hadisə ilə bağlı gerçəkləri dünyaya yayan insanlar haqqında məlumatlar verilib.
Bütün kitab boyu hadisələr müstəqil məna yükü daşıyan fotoxronikanın köməyi ilə oxuculara təqdim edilir.
Kitabda həmçinin, Xocalı soyqırımının şahidi olan insanlar, soyqırımın tədqiqatçısı olan alimlər, Xocalı faciəsinin incəsənətdə, ədəbiyyatda inikası ilə bağlı müsahibələr də yer alıb. Kitabda ilk dəfə olaraq M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının fondlarından da istifadə etməklə Xocalı soyqırımı mövzusunda elmi, bədii və publisistik kitabların siyahısı verilib.
"XOCALI YADDAŞI” kitabının ideya müəllifi və naşiri AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov, elmi məsləhətçiləri Azərbaycan MEA-nın müxbir üzvü İlyas Babayev, siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev, iqtisad elmlər doktoru Vurğun Süleymanov və başqaları, yaradıcı heyətin rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayevdir.

Oxunub: 153 | Tarix: 20-02-2017, 12:05 | Kateqoriya: Xəbərlər