“Azərbaycanın geosiyasəti”

“Azərbaycanın geosiyasəti”Yunus Oğuz – “Azərbaycanın geosiyasəti”

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

II bölmə haqqında

Bu möhtəşəm əsərin ikinci bölməsi çox aktualdır və günümüzün siyasətini beynəlxalq aləmdə müəyyənləşdirən, onun dərin analizə ehtiyacı olan, praqmatizmə daha çox aid olan hissəsidir. Belə ki, müasir beynəlxalq geosiyasi sistemləri, onların bir-biri ilə münasibətlərini dərindən öyrənmədən, təhlil etmədən Azərbaycanın yerini, bu sistemlərlə münasibətini müəyyənləşdirmək çətin olar, ya da müəyyənləşdirməkdə adi kiçik bir səhv Azərbaycan dövlətinin gələcək inkişafına mənfi təsir göstərə bilər. Odur ki, Əli Həsənov bütün sistemləri və dövlətləri ayrı-ayrılıqda təhlil edir, Azərbaycanla münasibətlər kontekstində qarşılıqlı geosiyasi əməkdaşlığın konturlarını cızır və Azərbaycanın milli hədəflərini göstərir. Bu da çox doğrudur.

Bu baxımdan hörmətli professor bu bölmədə birinci olaraq Azərbaycanın beynəlxalq geosiyasi münasibətlər kontekstində Avrasiyanın geosiyasi vəziyyətindən başlayır. Bu təbiidir, belə ki, kitabda da qeyd olunduğu kimi Avrasiya geosiyasi məkan kimi bütün münasibətlər, əməkdaşlıq, yaxud müharibələr, dövlətlərin coğrafi ərazi dəyişmələri; (kiçilmələri, böyümələri, yox olmaları) bu məkandan başlayıb. Bütövlükdə isə Avrasiyanın geosiyasi məkanını təsnifatlaşdırdıqda, o yazır:

“Geosiyasi xarakteristikasına görə Avrasiyanın ən əhəmiyyətli geoməkanları sırasına ümumən və ayrı-ayrılıqda:
1. postsovet məkanını (bütün keçmiş SSRİ-yə daxil olan əraziləri);
2. Orta Asiya və Xəzər Hövzəsini (Rusiya, İran, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanın bütün əraziləri);
3. Cənubi Qafqaz və Qara dəniz hövzəsini (Üç Cənubi Qafqaz dövləti- Azərbaycan, Gürcüstan, Ermənistan;
Qara dəniz hövzəsi ölkələri- Rusiya, Türkiyə, Ukrayna və Qara dənizə çıxışı olan bir çox Şərqi Avropa dövlətləri və əraziləri);
4. Yaxın Şərq və Fars körfəzi ölkələrinin yerləşdiyi ərazilər və s. aid edirlər”. (Bax, S. 204)

Burada Əli Həsənov tarixə baş vurmuş, Avrasiyanın əhəmiyyətindən bəhs etmiş, onun geosiyasi münasibətlərinin digər qitələrə də necə təsir etdiyindən yazmışdır. Onun yazdığı kimi Avrasiya ilk geosiyasi məkan olaraq dünyanın beynəlxalq münasibətlərdə ilk rüşeymi məhz “hartlandda” qoyulmuşdur.

Müəllif qeyd edir ki, Avrasiya həm də XXI əsrdə əsas alternativ enerji və digər transmilli layihələrinin həyata keçirildiyi region hesab olunur. Təbii xammal mənbələri ilə zənginliyi, əmək resurslarının geniş potensialı, dünya enerji və xammal ehtiyatlarının bir qisminə malik olması və s. Avrasiyanın geosiyasi, geoiqtisadi və geostrateji əhəmiyyətini getdikcə ciddi şəkildə artırır. Xüsusən, yeni dövrdə dünyada enerji ehtiyatlarının getdikcə artması regionun zəngin təbii və mineral qaynaqlarına malik olan Orta Asiya, Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsi kimi ərazilərinin planetin əhəmiyyətli və cəlbedici məkanı kimi tanınmasına şərait yaratmışdır.

Bu baxımdan aydındır ki, bu geosiyasi məkanda dünyada ən çox toqquşmalar, hərbi müdaxilələr, toqquşmalar, münaqişələr, diplomatik çəkişmələr, müharibələr, üsyanlar, daxili ixtilaflar baş verir. Güc dövlətləri gözəl anlayırlar ki, Avrasiya kimi geosiyasi məkana kim ağalıq, hökm edəcəksə, dünyanı da o idarə edəcək, iqtisadi və hərbi baxımdan ən güclüsü də o olacaq. Dünyaya hökm etmək istəyən bu güc dövlətləri həm də gözəl anlayırlar ki, Avrasiyanın geosiyasi, geoiqtisadi və geostrateji əhəmiyyəti ilə yanaşı, bu məkan eyni zamanda müxtəlif və çoxsaylı region xalqlarının yaşadığı, müxtəlif dillərdə danışan və müxtəlif mədəniyyət daşıyıcısı olan region ölkələrinin mövcud olduğu konkret sivilizasiya meydanı, milli-etnik yaşayış məskəni coğrafi məkandır. Odur ki, müəllif qeyd edir: “Müasir dövrdə Avrasiya regionunda dövlətlərarası beynəlxalq münasibətlər və milli maraqlar uğrunda mübarizə əsasən bir neçə istiqamət üzrə cərəyan edir.

Bunlar:

• regionun böyük dövlətlərinin (Rusiya, İran, Türkiyə, Çin və s.) ayrı-ayrılıqda təzahür edən maraqları;
• dünyanın digər böyük dövlətləri və dövlət birliklərinin milli maraqları: Buraya ABŞ, Avropa İttifaqı və onun bəzi üzv dövlətlərinin (Böyük Britaniya, Fransa, Almaniya) Yaponiya və Çini aid etmək mümkündür;
• regionun mühüm geosiyasi və geostrateji əhəmiyyət kəsb edən dövlətlərinin milli maraqları: Bu sıraya Azərbaycan, Ukrayna, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Türkmənistan və digər region dövlətlərinə aid etmək olar”. (Bax,S. 213)

Hörmətli professor həmçinin qeyd edir ki, Avrasiyanın regional geosiyasi, geoiqtisadi vəziyyətini, o cümlədən, həm burada yerləşən, həm də bu məkandan kənarda olan ölkələrarası münasibətlərin, tərəfdaşlığın, yaxud antipatiyanın xarakterini müəyyən edən səciyyəvi cəhətlərdən və meyllərdən biri də region çərçivəsində mürəkkəb geosiyasi mühitin və arxasında müxtəlif maraqlı dövlətlərin dayandığı geostarteji qrupların gizli mübarizəsinin mövcudluğudur. Buraya dövlət içində qrup maraqlarından başlamış, korporotiv və dövlət maraqlarını da aid etmək olar. Bu gizli mübarizə çox açıq mütəviyə keçməsə də prosesləri dərindən izləyən tədqiqatçılar gözəl anlayırlar ki, bu gizli mübarizənin əsasını geosiyasi məkanda geoiqtisadi və geostrateji üstünlüyü uğrunda aparılan yarış təşkil edir.

Əli Həsənov Avrasiyanın geosiyasi xarakteristikasını verəndə birinci yerdə Rusiyanı qələmə verir. Heç də səhv etmir, çünki Avrasiyanın böyük bir hissəsinə Rusiya sahibdir və onun bu məkanda əsrlərdir geosiyasi, geoiqtisadi və geostrateji maraqları mövcuddur və o bu maraqları heç kimə güzəşt etmək istəmir, əvvəlki kimi burada mütləq maraqların sahibi olmaq istəyir. Buna baxmayaraq Rusiyanın bu geosiyasi məkanda gah güclü, hökmranlıq, diqtə, gah da zəiflədiyi illər olub. O yazır: “Rusiyanın Xəzər hövzəsində növbəti geosiyasi fəallıq dövrü SSRİ-nin dağılmasından sonraki dövrə təsadüf edir. Məlumdur ki, 1920-1991-ci illərdə əksər Avrasiya məkanı kimi, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz da tam olaraq SSRİ-nin nəzarətində idi və həm beynəlxalq, həm də regional rəqabətdən kənar məkan hesab olunurdu. Lakin SSRİ-nin dağılmasından sonra bir müddət Rusiyanın bütövlükdə Avrasiya siyasəti … regional geosiyasi mövqelərini zəiflədən və siyasi ədəbiyyatda geosiyasi risklər kimi dəyərləndirilən ciddi neqativ hallar müşahidə olunurdu”. (Bax, S. 221)

Daha sonra Əli Həsənov yazır ki, Rusiyanın hərbi-geostrateji məsələlər və milli təhlükəsizlik ilə bağlı da ciddi problemləri meydana çıxmışdı. Ölkənin həmin dövrdə milli təhlükəsizliyinə əsas təhdidlər əvvəlki illərdə güman edildiyi kimi xaricdən ABŞ və Qərb dövlətlərindən deyil, ölkədaxili milli-etnik separatizm meyllərinin artmasından, daxili anarxiya və özbaşınalıqdan, kütləvi cinayətkarlıq hallarının artmasından və s. qaynaqlanırdı.

Təbiidir, Rusiya imperiya olaraq Avrasiya məkanında geosiyasi hakimliyini birdən-birə ədən vermək, nüfuzdan düşmək, yerini ABŞ və Qərb dövlətlərinə güzəştə getməklə barışa bilməzdi, çünki bu zaman onun özünün daxildən parçalanma təhlükəsi yaranırdı, belə ki, B.N. Yeltsinin zamanında “kim nə qədər istəyir demokratiya götürsün” sözlərinə istinad edərək əksər muxtar respublikalar, artıq özlərini respublika elan etmişdilər. Bu da Rusiyadan ayrılmaların sonuncu işartıları idi. Kreml bununla barışa bilməzdi.

Hörmətli professor bu barədə yazır: “2000-ci ildə Rusiyada baş verən hakimiyyət dəyişikliyi ilə həm daxildə iqtisadi-siyasi idarəetmənin qaydaya salınmasına, daxili hərc-mərcliyin, ziddiyətlərin və qeyri-müəyyənliyin aradan qaldırılmasına ciddi səy göstərildi, həm də ölkənin xarici siyasətində ciddi dəyişikliklər baş verdi. Qısa müddətdə bütün ölkədə mərkəzləşmiş iqtisadi, siyasi, sosial, maliyyə və hərbi-strateji idarəçilik sistemi qaydaya salındı və dövlət nəzarəti möhkəmləndirildi. Bütün ölkə ərazisində mərkəzi hakimiyyət strukturları gücləndirildi, daxili anarxiya və hərc-mərcliyin qarşısı alındı və digər qətiyyətli addımlar atıldı”. (Bax, s. 224)

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO