Azərbaycanda ilk dəfə bitkilərin genetik xəritələnməsi üçün tədqiqatlara başlanılıb

Azərbaycanda ilk dəfə olaraq, bitki genetik müxtəlifliyinin sekvens əsasında genotipləşdirilməsi, mühüm əhəmiyyət daşıyan bitkilərin de-novo və re-sekvensi, kəmiyyət və keyfiyyət əlamətlərini idarə edən genlərin identifikasiyası, asossiativ və genetik xəritələnməsi, ekzom və transkriptom səviyyəsində tədqiqatlar aparılmasına başlanılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutundan (GEİ) Trend-ə verilən məlumata görə, bu barədə GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov institutda qonaq olan akademiya prezidenti, akademik Akif Əlizadə və vitse-prezident, akademik İbrahim Quliyevə məlumat verib.

Z.Əkpərov bildirib ki, Elmin İnkişafı Fondunun (EİF) “Azərbaycanın torpaq və bitki genetik müxtəlifliyinin səmərəli istifadəsi istiqamətində fundamental tədqiqatların maddi-texniki bazasının gücləndirilməsi” adlı pilot layihə çərçivəsində GEİ-də molekulyar genetika və biotexnologiya sahəsinin ən müasir cihazlarından hesab olunan Yeni Nəsil Sekvenserləri (İon PGM və İon Proton) alınaraq quraşdırılıb. Bu cihazlardan dünyanın bir çox aparıcı beyin mərkəzlərində uğurla istifadə olunur. Belə ki, İon PGM sekvenseri ilə nisbətən kiçik (1 Gb), İon proton sekvenseri ilə isə böyük ölçüdə (10 Gb) informasiyanın oxunması həyata keçirilir. Yeni Nəsil Sekvenserlərindən səmərəli istifadə etmək üçün institutda 4 laboratoriya otağı ayrılıb, internet və elektrik cərəyanının sabitliyi və kəsilməzliyi təmin edilib. Z.Əkpərov qeyd edib ki, yeni texnologiya ilə işləyə biləcək gənc kadrların hazırlanması işinə xüsusi diqqət yetirilib və layihə çərçivəsində 2 gənc tədqiqatçı ABŞ-ın Kənd Təsərrüfatı Departamenti və Kanzas Dövlət Universitetinin “Genotipləşdirmə və Sekvens” laboratoriyasında 21 günlük ezamiyyətdə olub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO