Azərbaycan Ümumdünya Poçt İttifaqının Qəyyumlar Şurasına üzv seçilib

Azərbaycan Ümumdünya Poçt İttifaqının Xidmət Keyfiyyəti Fondunun (Quality of Service Fund – QSF) dünyanın 9 ölkəsinin nümayəndəsindən formalaşan Qəyyumlar Şurasına (Board of Trustees – BoT) üzv seçilib. Bu barədə Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mətbuat xidmətinə istinadən məlumat verib.

 

Qeyd edək ki, RYTN-nin Poçt sektorunun baş məsləhətçisi Nasir Həmidov İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) (Universal Postal Union – UPU) yaz sessiyasında iştirak edib.

 

Sessiyanın sonunda baş tutan plenar iclaslarda ÜPİ-nin Xidmət Keyfiyyəti Fondunun Qəyyumlar Şurasına növbəti müddətə səsvermələr yolu ilə seçkilər keçirilib. Sözügedən quruma üzv olmaq üçün Şərqi Avropa və Şimali Asiya regionu üzrə 1 vakant yerə 2 ölkədən nümayəndələrin – Azərbaycan (Nasir Həmidov), Gürcüstan (Nuqzar Breqvadze) namizədlikləri verilib.

 

ÜPİ qaydalarına uyğun olaraq seçkilər Poçt Əməliyyatları Şurasının (Postal Operations Council – POC) 40 üzv-ölkəsinin iştirakı ilə aparılıb və Azərbaycan nümayəndəsi böyük üstünlük və səs çoxluğu ilə (31 səslə) seçilib. Beləliklə, Azərbaycan növbəti müddətə Şuranın üzvü seçilərək ÜPİ-nin ən vacib orqanının 9 üzvündən biri olub.

 

Məlumat üçün bildirək ki, dünyanın bütün coğrafi regionlarını təmsil edən və 9 ölkə nümayəndəsindən ibarət ÜPİ-nin Qəyyumlar Şurasında, dünya ölkələrinin poçt xidməti keyfiyyətinin yüksəldilməsi üzrə ÜPİ-yə təqdim etdikləri layihələrə baxılaraq müzakirələrdən sonra təsdiqlənir, onların icrasına nəzarət həyata keçirilir, icranın nəticələrinə görə müvafiq qiymətləndirmə işləri yerinə yetirilir.

 

Sözügedən qurumda üzvlük Azərbaycanın imicinə müsbət təsir etməklə yanaşı, ölkəmizin poçtu üçün ÜPİ çərçivəsində növbəti layihələrin hazırlanması, qəbulu və tətbiq olunmasına da, əvvəlki dövrdə olduğu kimi, geniş imkanlar yaradacaq.

 

Xatırladaq ki, ÜPİ-nin QSF çərçivəsində Azərbaycan poçtu üçün indiyə kimi 7 layihə hazırlanıb və həyata keçirilib. Sözügedən layihələr daxilində ümumi sayı 21 ədəd olmaqla poçt yüklərinin daşınması üçün avtomaşınlar, yüzlərlə müxtəlif çeşidli skaner, printer və s. avadanlıqlar alınaraq Azərbaycan poçt şəbəkəsində istismara verilib.

 

Nəticədə, qlobal poçt zəncirinin bir hissəsi olan “Azərpoçt” MMC-nin beynəlxalq poçt şəbəkəsinin keyfiyyətinin yüksəldilməsi üçün əhəmiyyətli irəliləyişlərə nail olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO