Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Vladimir Kolokoltsevin Azərbaycana səfərini əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirərək, iki ölkənin Daxili İşlər nazirlikləri arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu qeyd etdi. Azərbaycan ilə Rusiyanın dost ölkələr olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin bütün istiqamətlərdə fəal əməkdaşlıq həyata keçirdiyini bildirdi. Dövlətimizin başçısı bu baxımdan ölkələrimizin Daxili İşlər nazirlikləri arasında çox səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu ifadə etdi.

Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərə toxunaraq, sentyabr ayında özünün Rusiya Federasiyasına rəsmi səfərini, sonra isə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərini ölkələrimiz arasında mövcud olan qarşılıqlı fəaliyyətin xarakterinin və etimadın əyani nümunəsi kimi dəyərləndirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bu səfərlər zamanı digər məsələlərlə yanaşı, hüquq-mühafizə orqanları arasında əlaqələr də müzakirə edilib və bu sahədə də əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev qəbula görə minnətdarlığını bildirdi. O qeyd etdi ki, bu ilin iyul ayında MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edən zaman Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən söylənilən xoş sözlər tədbir iştirakçılarında böyük məmnunluq hissi doğurub.

Ölkələrimizin ikitərəfli münasibətlərinə toxunan Vladimir Kolokoltsev bildirib ki, dövlət başçıları arasında son bir ildə 5 görüşün keçirilməsi bu münasibətlərin inkişaf strategiyasının bundan sonra da möhkəmləndirilməsinin vacib olduğunu göstərir. Eyni zamanda, Aktau şəhərində Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanmış sənədlər də hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti üçün bir təkan rolu oynayıb.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO