Azərbaycan Əlcəzairlə əməkdaşlığın perspektivli sahələrini öyrənir

Azərbaycan Əlcəzairlə əməkdaşlıq üçün perspektivli sahələri öyrənir. Hər iki ölkənin qarşılıqlı əməkdaşlıq yarada biləcəyi perspektivli sahələr sırasına kənd təsərrüfatı, tikinti sektoru, yol infrastrukturunun inkişafı və ticarət daxildir. Bunu Trend-ə Azərbaycanın Əlcəzairdəki səfiri Mahir Əliyev deyib.
M.Əliyev qeyd edib ki, iki ölkə arasında demək olar ticari-iqtisadi əməkdaşlıq mövcud deyil, lakin bunun üçün əlverişli şərait və resurslar var: “İki ölkənin idxal və ixrac edə biləcəyi bir çox məhsul var. Əlcəzairdə kənd təsərrüfatı inkişaf edib və bu sahə üzrə birgə müəssisələrin və mini-zavodların yaradılması hər iki ölkə üçün sərfəli ola bilər”.
O diqqətə çatdırıb ki, Əlcəzair hökuməti yol infrastrukturunun inkişafına böyük diqqət ayırır: “Bu sahə əməkdaşlıq üçün, xüsusilə sərmayələrin qoyulması sahəsində maraqlı ola bilər. Əlcəzair, həmçinin yeraltı su resursları ilə zəngindir, lakin ölkənin bu resurslardan istifadə etmək üçün kifayət qədər imkanı yoxdur. Bu sahədə Azərbaycanın zəngin təcrübəsini nəzərə alsaq, onu əməkdaşlıq üçün perspektivli hesab etmək olar”.
Siyasi əməkdaşlıq
Diplomat bildirib ki, Azərbaycanın bu ölkədəki səfirliyi yenidir: “İndiyədək iki ölkə arasında əlaqələr çox aşağı səviyyədə olub ki, bunun da obyektiv səbəbləri var. İndi isə bu ölkə ilə sıx əməkdaşlığın vaxtı çatıb. Əlcəzair Afrika qitəsinin ən böyük ölkəsidir, olduqca nüfuzlu dövlətdir, İslam dünyasında və Avropada onun mövqeyilə hesablaşırlar. Azərbaycan bu ölkə ilə bərabərhüquqlu şərtlərdə əməkdaşlığa hazırdır”.
Onun sözlərinə əsasən, vaxtilə bu ölkə ilə siyasi baxımdan müəyyən anlaşılmazlıq olub: “Xüsusilə Azərbaycan üçün əsas məsələ olan Ernənistan-Azəraycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq təşkilatlarda müzakirərələri zamanı Əlcəzair həmişə neytral mövqe tutub. Əlcəzairin belə mövqe tutmasına səbəb ölkənin kifayət qədər məlumatlı olmaması ilə bağlı olub”.
M.Əliyev əlavə edib ki, Azərbaycan həmişə istənilən beynəlxalq məsələ üzrə mövqeyini açıq bəyan edir və bu yanaşmanı digər dövlətlərdən, o cümlədən Əlcəzairdən də tələb edir: “Məsələn, Azərbaycanın İsraillə yaxşı münasibətləri var, lakin ərəb-İsrail münaqişəsində ölkənin özünün dəqiq mövqeyi var və heç kəs onu bunda təqsirləndirə və ya təzyiq göstərə bilməz”.
Səfir vurğulayıb ki, hazırda Əlcəzair mövqeyini dəyişib və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır: “Əlcəzairin mövqeyinin dəyişməsində iki ölkənin XİN rəhbərləri arasında mövcud dostluq əlaqələri də böyük rol oynadı”.
Əməkdaşlığın yeni sahələri
Diplomat bildirib ki, elm və təhsil sahələrində də əməkdaşlıq üçün yaxşı perspektivlər var: “Ötən əsrin 70-ci illərində Əlcəzairdə bir çox azərbaycanlı mütəxəssis işləyirdi, həmçinin xeyli sayda əlcəzairli Bakının ali məktəblərində oxuyurdu. İndi biz həmin insanları taparaq əməkdaşlığa cəlb etməliyik. Səfirlik həmçinin əlcəzairli tələbələri Azərbaycanın ali məktəblərində tədrisə cəlb etməyi, iki ölkənin ali məktəbləri arasında əməkdaşlıq yaratmağı planlaşdırır”.
M.Əliyevin sözlərinə görə, Əlcəzair həm də günümüzədək yaxşı qalan müxtəlif mədəniyyətlərin – finikiya, qədim yunan, İslam və osmanlı – qədim abidələri ilə zəngindir: “İki ölkə mədəniyyət və turizm abidələrinin restavrasiyası və qorunması sahəsində əməkdaşlıq edə bilərlər”.
Diplomat diqqətə çatdırıb ki, əməkdaşlığa təkan vermək üçün səfirlik müxtəlif səviyyələrdə, o cümlədən ən yüksək səviyyədə birgə səfərlərin təşkili üzərində də işləyəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO