Azərbaycanın tanınmış aliminin kitabı İranda çap edilib

Tanınmış Azərbaycan şərqşünası, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin “Şəms və Mövlana” adlı kitabı İranda əski əlifbada işıq üzü görüb. Kitab Tehrandakı “Təkderəxt” nəşriyyatında 500 tirajla nəşr olunub.

Modern.az-ın məlumatına görə, kitaba sufizmin və bütövlükdə Şərq bədii-fəlsəfi düşüncəsinin ən parlaq simalarından olan Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumi haqqında müəllifin məqalələri, eləcə də onların yaradıcılığından etdiyi tərcümələr daxil edilib.

Müəllif orta əsr qaynaqlarına əsaslanaraq, Şəms Təbrizinin gerçək şəxsiyyəti və düşüncələri üzərinə işıq salmış, onun bioqrafiyasının bəzi qaranlıq və mübahisəli məqamlarına aydınlıq gətirməyə nail olub.

Kitabda həmçinin Mövlananın irəli sürdüyü fəlsəfi-ictimai təlimin yığcam və anlaşıqlı şərhi verilmiş, onun ədəbi irsinin bu gün də aktual və müasir olmasını şərtləndirən başlıca amillərdən bəhs edilib.

Qeyd edək ki, kitab Məsiağa Məhəmmədinin 2010-cu ildə Bakıda çap olunmuş eyni adlı əsəri əsasında tanınmış naşir və tədqiqatçı doktor Hüseyn Şərqi tərəfindən nəşrə hazırlanıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO