Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi

Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyiŞamaxının Millət Vəkili Elxan Süleymanovun Qərargahından aldığımız məlumata əsasən dünən, 10 iyun 2013-cü il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində “İndustrie Magazin Verlag” jurnalının təşkilatçılığı ilə “Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi” adlı Beynəlxalq Konfrans keçirilmişdir. Konfransın Moderatorları Avstriyanın keçmiş kansleri Alfred Qusenbauer və Azərbaycanın AvroNest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Şamaxının Millət Vəkili Elxan Süleymanov olmuşdur.

Konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə həmçinin Azərbaycanın Sənaye və Energetika Naziri cənab Natiq Əliyev, Millət Vəkilləri Qüdrət Həsənquliyev və Fazil Mustafa daxil olmuşlar. Konfransın işində İsrailin Avstriyadakı səfiri Aviv Şir-On, İtaliyanın keçmiş Ticarət və Sənaye Naziri və Farefuturo Fondunun prezidenti cənab Adolfo Urso, deputatlar, səfirlər, elmi birlik və institutların əməkdaşları, tələbələr, bir sıra şirkətlərin nümayəndələri, aparıcı media mənsubları iştirak etmişlər. Konfrans iştirakçıları Azərbaycanın etibarlı neft-qaz təchizatçısı və qeyri-sabit region olan Cənubi Qafqazda Qərbin sabit müttəfiqi kimi rolu ilə bağlı fikir mübadiləsi etmiş, enerji daşıyıcıları, iqtisadiyyat, Avropa İttifaqı ilə əlaqələr, dini tolerantlıq və mədəniyyətlərarası dialoq mövzularında çıxışlar etmişlər. Konfransda Azərbaycanın ən ağrılı məsələsi və regionda sabitliyə daim təhlükə olan Dağlıq Qarabağ problemi və onun yaratdığı fəsadlar barədə geniş müzakirələr aparılmışdır. Konfransin əvvəlində „Industrie Magazin“ jurnalının redaktoru cənab Florian Zangerl çıxış edəcək natiqləri auditoriyaya təgdim etmişdir. Sonra Avstriyanın kecmiş kansleri cənab Alfred Quzenbauer iştirakçıları salamlamiş və tədbirin movzusunun vacibliyi barədə məlumat vermişdir.

Konfransda çıxış edən Innsbruk Universitetinin professoru cənab Gerhard Manqot Cənubi Qafqaz bölgəsində mövcud geosiyasi vəziyyət barədə geniş şərh verərək qeyd etmişdir ki, bölgədə olan münaqişələr hec də dondurulmuş deyil və istənilən məqamda qarşıdurmanın silahlı fazası bərpa edilə bilər. Rusiya bölgədə baş verən munaqişələrin arxasında dayanır və Ermənistanda onun 2 hərbi bazasi mövcuddur ki, bu hərbi birləşmələr bütün bölgədə olan vəziyyətə nəzarət etməyə imkan verir. Iran öz növbəsində Rusiya ilə regionda müttəfiqdir ve Azərbaycanda vəziyyətin gərgin saxlanılmasında maraqlıdır. Bundan əlavə ABS-da olan güclü erməni diasporu bu ölkənin regionda olan siyasətinə birbaşa təsir edir. AB-nin regionda elə bir təsiri yoxdur. Türkiyə isə yeganə dövlətdir ki, Azərbaycana siyasi dəstək verir. Bu şəraitdə Azərbaycan özünün güclü ve müstəqil xarici siyaset yürüdən ölkə olmasını sübut edərək Avropa Birliyindən heç bir önəmli siyasi dəstək almadığı halda Avropanın enerji təhlükəsizliyində önəmli rol oynamaqda israrlıdır.

Vyana Beynəlxalq Iqtisadi Araşdırmalar Institutunun nümayəndəsi Vasili Astrov daha cox Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin edilməsi məsələlərinə toxunmuşdur. O qeyd etmişdir ki, Avropa enerji təchizatinda diversifikasiyanı təmin etməlidir.

İsrailin Avstriyadakı səfiri Aviv Şir-On Azərbaycanla İsrail arasında dostluq və əməkdaşlıq əlaqələrindən danışmış və hər iki ölkənin taleyinin və geosiyasi vəziyyətinin oxşarlığı barədə fikirlərini bölüşmüşdür.

Azərbaycanın Sənaye və Energetika Naziri Natiq Əliyev çıxış edərək Azerbaycanın neft ixracatının tarixindən, ölkəmizin Avropa Birliyinin enerji təhlükəsizliyində önəmli rol oynamağa hazir olmasından danişmışdır. O, qeyd etmişdir ki, Azerbaycanin təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon m3 təşkil edir və ölkəmiz ildə 12 mlrd m3 qaz ixracatı potensialına malikdir. N. Əliyev yeni perspektiv qaz yataqları və Azərbaycanın qonşu ölkələrin qazla təchizatına hazır olması barədə məlumat verərək bildirmişdir ki, hazırda Gürcüstanın enerji təchizatının 90%-ni Azərbaycan verir. O, həmçinin AB ölkələri tərəfindən Azərbaycanın qeyri-neft sektorunun inkişafına investisiya qoyulmasında maraqlı olduğumuzu diqqətə çatdırmışdır.

Konfransda geniş məruzə ilə çıxış edən Millət Vəkili Elxan Süleymanov belə mötəbər tədbirin keçirilməsi münasibətilə Konfrans iştirakçılarını təbrik etmiş, təşkilatçılara minnətdarlığını bildirmişdir. O, Azərbaycan barədə ətraflı məlumat vermiş və qeyd etmişdir ki, siyasi baxımdan mürəkkəb və həssas coğrafi məkanda yerləşən Azərbaycan əsrlər boyu Şərqlə Qərb arasında ticarət və kommersiya üçün kəsişmə nöqtəsi olmuşdur. 22 il əvvəl dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan bazar iqtisadiyyatına əsaslanan sivil, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu, o cümlədən Avropaya inteqrasiyanı özünün daxili və xarici siyasətinin prioritet istiqamətləri elan etmişdir. BMT-nin, ATƏT-in, Avropa Şurasının və digər Beynəxalq təşkilatların bərabərhüquqlu üzvü olan Azərbaycan Respublikası, Avropa İttifaqı və NATO ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq əlaqələri qurub, Aİ-nin Şərq Tərəfdaşlığı proqramının iştirakçısı və AvroNest Parlament Assambleyasının təsisçilərindən biri olaraq hazırda Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində strateji rol oynayır və etibarlı tərəfdaşdır. Müstəqillik illərində Azərbaycan iqtisadiyyatı şaxələnmiş, neft və qaz sektorunun inkişafı ilə yanaşı, qeyri-enerji sektorlarının, o cümlədən informasiya və kommunikasiya Texnologiyaları, maliyyə xidmətləri, neft-kimya, nəqliyyat, tikinti, turizm və kənd-təsərrüfatının inkişafında ciddi irəliləyişlər əldə edilmişdir.

E. Süleymanov bildirmişdir ki, Azərbaycan çoxmillətli və çoxdinli bir ölkədir. Əsrlər boyu burada müxtəlif dini və etnik qruplara mənsub olan insanlara tolerant münasibət bəslənilib. Çoxsaylı etnik və dini qruplar Azərbaycanda heç bir ayrıseçkiliyə məruz qalmayıb, hər kəs öz milli və dini mənsubiyyətini qoruyub saxlayıb. Hazırda əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq, Azərbaycanda məscidlərlə yanaşı Cənubi Qafqazda ən qədim Xristian kilsəsi, xristian-pravoslav kilsələri, katolik kilsəsi, yəhudi sinaqoqları, atəşpərəst Zərdüşt məbədi mövcuddur.

Deyilənlərlə yanaşı Millət Vəkili qeyd etmişdir ki, dövlət müstəqilliyinin ilk illərindən Azərbaycan Ermənistanın hərbi təcavüzü ilə üzləşmişdir. Təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu işğal edilmiş, 1 milyona yaxın azərbaycanlının bütün hüquqları pozulmuş və bu insanlar qaçqın və məcburi köçkünə çevrilmişdir. Odur ki, təcavüzün aradan qaldırılması, Azərbayan ərazilərinin işğaldan azad edilməsi, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunması Azərbaycanın xarici siyasətində əsas fəaliyyət istiqamətlərindən biri olmuşdur. E. Süleymanov təəssüflə bildirmişdir ki, bir çox hallarda Dağlıq Qarabağı Ermənistan və Azərbaycan arasında mübahisəli ərazi, problemi isə münaqişə kimi təqdim edirlər. Lakin, bu, münaqişə deyil, bu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür. Ermənistan Azərbaycana hərbi təcavüz edərək müharibə aparıb və Azərbaycan ərazilərini işğal edib. Ermənistan işğalçı, Azərbaycan isə işğala məruz qalan tərəfdir. Dağlıq Qarabağ problemi ilə bağlı BMT Təhükəsizlik Şurası və Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT və digər beynəlxalq qurumlar tərəfindən Qətnamələr qəbul edilsə də, təəssüf ki, beynəlxalq təşkilatların qəbul etdikləri həmin qətnamələr kağız üzərində qalıb və onların heç biri icra olunmur. Bundan əlavə, faktiki olaraq işğalçı dövlət olan Ermənistanla işğala məruz qalmış Azərbaycan arasında fərq qoyulmur, əksinə, əksər hallarda Ermənistan müdafiə olunur. Heç bir beynəlxalq təşkilat bu dövlətə qarşı sanksiyalar tətbiq etmir və bu da onlara işğalçılıq siyasətini davam etdirmək üçün yaşıl işıq yandırır.

Millət Vəkili deyilənlərə misal olaraq AvroNest Parlament Assambleyasının bu ilin may ayında Brüsseldə keçirilən plenar sessiyasında baş verənlərə diqqət çəkmişdir. O bildirmişdir ki, AvroNest PA-nın son sessiyasında Ermənistan nümayəndə heyəti və onların havadarları olan bəzi avropalı deputatlar bu təşkilatın qəbul etdiyi Qətnamələrə işğalçı dövlətlə sərhədlərin açılması, işğal altında olan ərazilərin de-fakto hakimiyyət orqanları ilə əməkdaşlıq qurulması, Avropa İttifaqı nümayəndələrinin Dağlıq Qarabağ və ətraf ərazilərə Azərbaycan hökumətinin razılığı olmadan maneəsiz daxil ola bilməsi, müstəqil dövləti olan ermənilərə bir daha öz müqəddəratını təyin etmə hüququnun verilməsi və s. bu kimi absurd müddəalar daxil etmişdilər. Məsələnin ən acınacaqlı tərəfi odur ki, bu təkliflərin müəllifləri işğalın aradan qaldırılmasını vacib saymaq əvəzinə, işğalçı Ermənistana dəstək göstərirdilər. Lakin Azərbaycan nümayəndə heyətinin prinsipiallığı və məsələyə ciddi yanaşması onlara bu məkrli planlarını həyata keçirməyə mane oldu.

Elxan Süleymanov bildirmişdir ki, Azərbaycanın cəbhəyanı rayonlarında məskunlaşmış mülki əhali 25 ilə yaxındır ki, təhlükə altında yaşayır. Belə ki, Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən Sərsəng su anbarı Ermənistanın işğalı altında qalmış ərazilərdə yerləşir. Sərsəng su anbarı 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilib və ölkəmizin ən hündür su hövzəsidir, bu anbar 125 metr hündürlüyündə bəndə və 560 mln.m3 su tutumuna malikdir. İşğal nəticəsində Azərbaycanın 7 rayonu Sərsəng su anbarından istifadə etmək imkanlarından məhrum edilmişdir. Sərsəng su anbarı işğal altında olması səbəbindən texniki qurğular baxımsızlıqla üzləşmiş və hazırda qəzalı vəziyyətə düşmüşdür. Odur ki, bu su anbarının təbii fəlakət, texniki nasazlıq və ya əvvəcədən düşünülmüş təxribat üzündən dağılma ehtimalı böyükdür. Qeyd edilmiş səbəblər nəticəsində Sərsəng su anbarı hazırda Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilmişdir və bu təhlükə zaman keçdikcə daha real xarakter almaqdadır. Ölkənin 7 rayonunun 400000 (dörd yüz min) nəfər əhalisinin həyatı ciddi təhlükə altındadır. Aydındır ki, hər an baş verə biləcək qəza ekoloji böhranla yanaşı, mülki əhalinin kütləvi şəkildə məhv olmasına və humanitar böhrana səbəb ola bilər. Millət vəkili bəyan etmişdir ki, dünya ictimaiyyəti, xüsusilə də dünyanın aparıcı güc mərkəzləri nəhayət ki, obyektivlik nümayiş etdirməli, Ermənistanın hərbi işğalına son qoymaq istiqamətində konkret addımlar atmalıdırlar. Bu addımlar qısa zaman kəsiyində reallaşdırılmalı və Sərsəng su anbarında baş verə biləcək qəza nəticəsində regionda üzləşəcəyimiz humanitar böhranın qarşısı alınmalıdır.

Çıxışının sonunda Elxan Süleymanov Konfransda iştirak edən siyasətçilərə və kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edərək onları Sərsəng su anbarında qəza nəticəsində regionda yarana biləcək humanitar böhranın qarşısının alınması məqsədilə dünya ictimaiyyətinin məlumatlandırılması, məsələnin beynəlxalq təşkilatlar qarşısında qaldırılması və təcili tədbirlərin həyata keçirilməsi istiqamətində həyəcan təbili çalmaqda Azərbaycana kömək etməyə çağırmışdır.
Konfransda çıxış edən İtaliyanın keçmiş Ticarət və Sənaye Naziri və Farefuturo Fondunun prezidenti cənab Adolfo Urso Dağlıq Qarabag probleminin yaddan çıxmış münaqişə olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, Beynəlxalq təşkilatların məlum Qətnamələri icra edilmir, məsələnin həlli görünmür və Azərbaycanın qonşuları ilə münasibətləri heç də asan deyil. Daha sonra o, Italiyanın neft idxalından asılı olduğu barədə danışmış və neft idxalının diversifikasiyasının vacibliyini vurğulayaraq Italiyanin kimya, maşınqayırma sənayesinin bu idxaldan birbaşa asılı olduğunu bildirmişdir. Sərsəng su anbarı barədə danışan cənab Adolfo Urso 1963-cü ildə Italiyada oxşar bəndin uçması nəticəsində 2000 insanın ölümünün böyük faciə ilə nəticələnməsini diqqətə çatdırmış və bu cür hadisənin Azərbaycanda da hər an baş verə bilməsi təhlükəsi barədə narahatlığını ifadə etmişdir.

Millət Vəkili Qüdrət Həsənquliyev çıxışında Avropa Birliyini Azərbaycanın problemlərinə biganə qalmamağa çağırmışdır. O qeyd etmişdir ki, AB ilə ölkəmizin əlaqələrinin güclənməsi bəzi qonşu dövlətləri qıcıqlandırır və bu əməkdaşlığa süni əngəllər yaradılır. Lakin buna baxmayaraq Azərbaycan müstəqil siyasət aparır və ciddi nailiyyətlər əldə edir.

Millət Vəkili Fazil Mustafa Azərbaycan və Türkiyənin Avropa Birliyinə ən yaxın müsəlman ölkələri olmasını qeyd etmişdir. O, regionda olan munaqişələrin düşünülmüş və məqsədyönlü tarixi ssenarisi barədə fikirlərini bildirmiş və ölkəmizin problemlərini bir daha vurğulamışdır.

Tədbirə yekun vuran cənab Qusenbauer AB-Azerbaycan əlaqələrinin güclənməsi zərurətindən, Azərbaycanda qeyri-neft sektorunun inkişafindan danışaraq media mənsublarını Sərsəng su anbarının hər an qəzaya uğraya bilməsi təhlükəsi və bu baş verərsə çoxlu sayda insan təlafatına səbəb olacağı barədə yazmaga cagirmişdır.

Konfransın sonunda Euronews kanalının „Azərbaycan: Qafqaz mozaikası“ adlı reportajı təqdim edilmişdir.

KarabakhİNFO.com

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO