Azərbaycanda yeni seçki məntəqələrinin yaradılması planlaşdırılır

Azərbaycanda yeni seçki məntəqələrinin yaradılması planlaşdırılırMərkəzi Seçki Komissiyasi aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsinin təşkilinə dair tədbirlər keçirəcək. Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin təsdiq etdiyi Milli Fəaliyyət Proqramına əsasən, bununla bağlı əhatəli proqramlar hazırlanır: “Tədbirlərdə müxtəlif dövlət qurumlarının, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər. Bu tədbirlər əvvəlki illərdəkindən daha geniş olacaq. Tədbirlər avqustun 25-26-da yerlərdə keçiriləcək. Bununla əlaqədar MSK üzvləri həmin yerlərə ezam olunacaq”.

İclasda həmçinin MSK-nın 15, 25 və 27 may tarixli iclaslarının protokolları təsdiq edilib.

Daha sonra MSK sədrinin müavini Natiq Məmmədov “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən, aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsinin təşkilinə dair məruzə ilə çıxış edib.

N.Məmmədov qeyd edib ki, bu işlər respublika ərazisini əhatə edəcək. Seçki komissiyalarının üzvlərinin seçki siyahılarının hazırlanması, seçkilərin keçirilməsi və s. məsələlərdə maarifləndirilməsi üçün təlimlər keçiriləcək, hüquq və vəzifələri izah ediləcək.

Bununla yanaşı, N.Məmmədov maarifləndirmə işlərinin miqyasının genişləndirilməsinə dair təkliflə çıxış edib. Komissiya üzvləri bu məsələyə dair müsbət rəy bildiriblər.

Sözügedən məsələ ilə bağlı MSK üzvü Akif Qurbanov bildirib ki, artıq şablondan kənara çıxılmalı, ənənəvi formada deyil, ATƏT-in tövsiyyələri nəzərə alınmaqla və problemlərin hansı sahəyə aid olduğu müəyyən edilməklə uyğun maarifləndirmə işləri aparılmalıdır.

Bundan əlavə, MSK üzvləri bəzi seçki dairələrinin seçki məntəqələri üzrə seçicilərin sayının təmsilçilik normalarına uyğunlaşdırılması məsələsini müzakirə ediblər. MSK katibi Mikayıl Rəhimov qeyd edib ki, DSK-lar seçicilərin sayına uyğun olaraq yeni məntəqələr yaradılması təklifi ilə çıxış ediblər. MSK DSK-ların bu təklifinə müsbət cavab verib.

İclasın sonunda isə bır sıra dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO