Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 9 may “Qələbə Günü ” ilə bağlı “dəyirmi masa ” keçirib

7 may 2015-ci il tarixində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 9 may – Faşizm üzərində Qələbə günü ilə əlaqədar “Qələbə Günü” adlı “dəyirmi masa” keçirib. Görüşdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) vitse-prezidenti Vəli Əlibəyov, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ekspertlər şurasının üzvləri, İnsan Hüquqları üzrə İctimai Şuranın rəhbəri Ənvər Qafarlı və Azərbaycan Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Nadir Abdullayev iştirak ediblər.
Tədbiri giriş sözü ilə Assosiasiyanın vitse-prezidenti Vəli Əlibəyov açaraq bildirib ki, Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq nümunələri göstərmişdir,qurbanlar vermiş, ən əsası da Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub. Vəli Əlibəyov görüş iştirakçıları olan Ənvər Qafarlı və Nadir Abdullayevə Böyük Vətən müharibəsi illərinin (1941-1945) onların uşaqlıq illərinə təsadüf etdiyini və həmin illərin yaddaşlarında necə həkk olunduğu haqqında həmin xatirələri danışmağını və gənlərin də bu mövzu haqqında məlumatlanmağı xahiş edib.
İnsan Hüquqları üzrə İctimai Şuranın rəhbəri Ənvər Qafarlı uşaqlığının müharibə illərinə təsadüf etdiyini bildirərək xatirələrini bölüşüb.
Müharibə təzə başlayan zaman birinci sinifdə oxuyurdum. Müharibənin nə olduğundan xəbərsiz idim. Evdəkilər müharibənin gətirdiyi fəsadlar barədə tez-tez danışmağa başlamışdılar, kimlərəsə, qara kağız gəldiyini deyirdilər. Amma mən danışılanları o qədər də anlayacaq yaşda deyildim. Biz Bakıda yaşayırdıq, ilk dəfə müharibə haqqında təəssüratlarım 1943-cü ildə yarandı, artıq müharibəninnə olduğunu anlayacaq yaşda idim. O zaman Almanların qırıcı təyyarələri Bakı səmasında dövrə vururdular bununla əlaqədar olaraq 2 dəfə həyəcan siqnalı çalındı. Sonradan məlum oldu ki, həmin təyyarələr bombalamaq üçün yox, kəşfiyyat xarakterli imiş. Lakin buna baxmayaraq insanlarda qorxu, həyəcan hissi yaranmışdı, xüsusilə də uşaqlarda.
Müharibə mənim məktəb illərimə təsadüf edirdi. Məktəbdə müəllimlər şagirdləri ruhlandırdılar ki, bizim Qırmızı ordumuz, şanlı ordumuz qalib gələcək. Bu inam təkcə məktəblərdəki müəllimlərdə yox, bütün insanlarda var idi. Müharibənin ağır zamanlarında hamı birlik nümaiş etdirirdi, bir-birlərinə dayaq olurdular ki, əsas olan vətənin qələbəsidir. 1944-cü ildə müharibənin bitməsinə az qalmış əmim oğlu Rəhim Qafarlı 18 yaşında qəhrəmanlıqla vəfat edib. İndi onun qəbri Polşanın Krakov şəhərindədir.
Müharibə dövründə Bakıda çörəyi talonla verirdiər. Uşaqlara 600 q, böyüklərə 400 q çörək verilirdi gündə. Biz çörək paylarımızı İçərişəhərdə yerləşən çörəkçidən alırdıq, çörəkçi də erməni xanım idi. Məktəblərdə də imkansız ailələrin uşaqlarına günorta yemək verilirdi. Məktəbliləri Baknın müdafiəsi üçün yaradılan səngərləri qazmaqda köməyə aparırdılar. Bununla yanaşı məktəbliləri Abşeronda yerləşən meyvə bağlarına aparıb meyvə yığımında da onların köməyindən istifadə edirdilər.
Müharibədə təkcə əsgərlər deyil siravi vətəndaşlar, hətta məktəbli uşaqlar belə əllərindən gələni edirdilər ki, onlarında az da olsa köməyi toxunsun.
Axşam olanda müdafiə məqsədilə Bakı küçələrində böyük miqyaslı, gur işıqlı projektorlar qurulurdu, həmin projektorlar səmanı işıqlandırırdılar. Axşamlar evlərdə işıq yandırmağa icazə vermirdilər.
İnsanlarda qələbəyə inam yaratmaq, ruhlandırmaq üçün görülən tədbirlərdən biri də Səməd Vurğun, Rəsul Rza kimi tanınmış şairlərin məktəblərə gedərək məktəblilərlə görüşləri idi. Xüsusilə müharibə nəticəsində yaxınlarını itirən uşaqlara qayğı ilə yanaşaraq, onların yaxınlarının qəhrəman olduqlarını, şücaət göstərdiklərini bildirirdilər.
Demək olar ki, şəhərdəki bütün xəstəxanalar müharibədə yaralanan əsgərlərlə dolu idi. Hətta Azərbaycan Neft Akademiyasının yataqxanasını və bir neçə məktəbi yaralıların yerləşdirilməsi və müalicəsi üçün hərbi xəstəxana etmişdilər. Məktəbliləri də onlarla görüşmək üçün tez-tez ora aparırdılar. Həmin yaralıların içində bir çox dövlətlərin nümayəndələri var idi. Onlar məktəblilərə necə döyüşdüklərini, qəhrəmanlıqlarını və ən əsası da qələbəyə inandıqlarını danışırdılar.
Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Nadir Abdullayev müharibənin onun həyatında buraxdığı izləri bölüşərək müharibənin acı fəsadlarından danışıb.
Məktəb diektoru olan atam öz ərizəsi ilə işdən azad olaraq müharibəyə yollanıb. Atamla yanaşı əmilərim də müharibədə qəhrəmancasına iştirak edərək canlarından keçiblər. O zaman biz kənddə yaşayırdıq. Kənd yerində Bakıdan fərqli olaraq vəziyyət çox ağır idi. Kişlər müharibəyə yollandıqları üçün bütün yük qadınların üzərinə düşürdü. Yemək tapmaq çətinləşmişdi, insanlar aclıq çəkirdilər. Evlərdə günlərlə, aylarla işıqlar yanmırdı. Hətta elə ailələr olurdu ki, qar yağan zaman günlərlə evdən çölə çıxa bilməyib aclıqdan ölürdü bütün ailə üzvləri.
Müharibədən yaralanıb qayıdan əsgərlərdən ümidlə yaxınları haqqında xəbər almaq üçün sıraya düzülürdü insanlar.
Müharibənin bu qədər acı fəsadlarını yaşayan, xatirələrinə həkk edən bir insan üçün müharibə ən dəhşətli hadisədir.
1990-1994-cü illərdə birinci Qarabağ müharibəsi zamanı bizlər yenidən həmin qorxunu, itirmək qorxusunu hiss edik, təkrar yaşadıq. Lakin nə olursa, olsun vətənin bütövlüyü üçün canından keçmək lazımdır. İnanrıq ki, vaxt gələcək Azərbaycanın tarixi torpaqları yenidən geri qaytarılacaq, lazım gələrsə hərb yolu ilə.
Böyük Vətən müharibəsinin qələbə ilə nəticələnməsinin əsas səbəbi də qələbəyə inam və birlik idi.
 
Mətbuat Xidməti

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO