Azərbaycanda uşaqlarını baxımsız qoyan valideynlər üçün cəzalar sərtləşdirildi

Azərbaycanda yetkinlik yaşına çatmayan uşaqların təlim-tərbiyə vəzifələrini lazımınca yerinə yetirməyən valideynlərə və onları əvəz edən şəxslərə qarşı cəzalar sərtləşdirilib. İnzibati Xətalar Məcəlləsinə bununla əlaqədar edilən dəyişikliklər bu gün Milli Məclis (MM) tərəfindən qəbul olunub.
Trend-in məlumatına görə, MM-in bu gün keçirilən plenar iclasında bildirilib ki, yeni dəyişikliklərə əsasən, təlim-tərbiyə vəzifəsini lazımınca, eyni zamanda, üzrlü səbəblər olmadan yerinə yetirə bilməyən valideynlər və onları əvəz edən şəxslər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına görə cərimə ediləcəklər. Bu cərimənin məbləği 60 manatdan 100 manata kimi olacaq.
Hazırda isə uşaqlar lazımınca tərbiyə edilmədikdə bu kateqoriyadan olan valideynlərə və ya onları əvəz edən şəxslərə yalnız xəbərdarlıq edilir. Yaxud onlar 20 manatdan 40 manata kimi cərimələnirlər.
Yeni dəyişikliklər əsasında valideynlər üçün yeni bir inzibati məsuliyyət növü də müəyyənləşdirilib.
Dəyişikliklərə görə, bu valideynlər və onları əvəz edən şəxslərin əməlləri yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitə və ya psixotrop maddələr qəbul etməsinə səbəb olduqda onlara qarşı cərimə tətbiq ediləcək. Həmin şəxslər öz əməlləri ilə yetkinlik yaşına çatmayanların avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əməlləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya 14 yaşından 16 yaşınadək olan uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda da cərimələnəcəklər. Sadalanan bu hallara görə tətbiq ediləcək cərimənin məbləği isə 50 manatdan 100 manatadək olacaq.
Yeni dəyişikliklər əsasında 14 yaşından 16 yaşına kimi olan yetkinlik yaşına çatmayanların törətdikləri xırda xuliqanlığa görə, valideynlər və ya onları əvəz edən şəxslər üçün tətbiq edilən cərimənin də məbləği artırılır. Hazırda 30 manatdan 40 manata kimi olan bu cərimənin məbləğinin 50 manatdan 100 manatadək olacaq.
Yetkinlik yaşına çatmayanların sərxoşluq vəziyyətinə gətirilməsinə görə, valldeynlər və ya başqa şəxslər 50 manatdan 100 manatadək (hazırda 20 manatdan 35 manata qədərdir) cərimələnəcəklər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO