Azərbaycanda deflyasiya davam edir

2015-ci ilin may ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,5 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,1 faiz bahalaşıb. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,6 faiz ucuzlaşıb. Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Bu ilin aprelində Azərbaycanda deflyasiya 0,2 faiz təşkil edib.
Ay ərzində buğda ununun, balıq məhsullarının, qoyun və toyuq ətinin, süd məhsullarının, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, alçanın, çiyələyin, kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın, sarımsağın qiymətlərində ucuzlaşma, qarabaşaq yarmasının, yumurtanın, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, göyərtinin, çuğundurun, kökün qiymətlərində isə bahalaşma müşahidə olunub.
May ayında qeyri-ərzaq mallarından parçaların, geyimin, inşaat materiallarının, mebel və ev əşyalarının, məişət cihazlarının qiymətləri bahalaşıb, səsin və təsvirin qəbulu, yazılması və əks etdirilməsi üçün qurğuların qiymətləri isə ucuzlaşıb.
Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən respublikadan kənara dəmiryolu sərnişindaşıma nəqliyyatı tarifləri və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, MDB ölkələri üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO