Azərbaycanda bələdiyyə seçkilərinə səsvermə başlayıb

Dekabrın 23-də səhər saat 8.00-da Azərbaycanda bələdiyyə seçkilərinə səsvermə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirib. MSK sədri bildirib ki, bələdiyyə seçkiləri 118 dairəni və 5049 məntəqəni əhatə edəcək. Səsvermədə iştirak edəcək seçicilərin sayı 4 milyon 972 min 356 nəfərdir. Seçkilərlə əlaqədar bütün siyahılar dəqiqləşdirilib və məntəqələrdən asılıb. Seçkilərdə şəffaflığın təmin edilməsi üçün 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Azərbaycanda mövcud olan 125 dairənin 7-si bu proseslərdə iştirak etmir. Çünki bunlar Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yerləşən dairələrdir. Ümumilikdə, həmin dairələrdən başqa digər 4 dairədə də məcburi köçkün vətəndaşlarımız var. Məcburi köçkün seçicilərin sayı 339 min 326 nəfərdir.

Diqqətə çatdırılıb ki, bələdiyyə seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 52 min 636 nəfərdir. Həmçinin 17 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Məzahir Pənahov bildirib ki,seçicilərin fəallığı ilə bağlı ictimaiyyətə gün ərzində 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat veriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO