Azərbaycanda əmlak vergisindən yayınmanın qarşısını almaq üçün yeni qayda müəyyənləşir

Vergilər Nazirliyi “Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması Qaydaları”na dəyişiklik edilməsi haqqında qərar layihəsi hazırlayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə təqdim ediləcək layihə ictimai müzakirəyə çıxarıb.
 
Nazirlər Kabinetinin 2003-cü il 12 iyun qərarı ilə təsdiqlənmiş “Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması Qaydaları” səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri, büdcədən maliyyələşən təşkilatlar və bələdiyyələr istisna olmaqla) inventarizasiyanın aparılması qaydalarını müəyyən edir. İnventarizasiyanın əsas məqsədi vergitutmadan gizlədilmiş (yayındırılmış) obyektlərin, mal-material qiymətlilərinin və əmlakın faktiki mövcudluğunun aşkar edilməsi, faktiki mövcud əmlakın və digər qiymətlilərin mühasibat uçotunun məlumatları ilə müqayisə edilməsi, öhdəliklərin uçotda tam əks etdirilməsinin yoxlanılması, sahibkarlıq fəaliyyətində gəlir (mənfəət) götürmək üçün istifadə edilən daşınar və daşınmaz əmlakın, o cümlədən qeyri-maddi aktivlərin və pul vəsaitlərinin vergitutma obyekti kimi vergi uçotundan yayındırılması hallarının aşkar edilməsi və aradan qaldırılması və vergitutmadan gizlədilmiş (yayındırılmış) mal-material qiymətlilərinin bazar qiymətləri nəzərə alınaraq ödənilməli olan vergi (o cümlədən Azərbaycan Respublikasına kənardan gətirilmiş mal-material qiymətliləri üzrə gömrük orqanlarında ödənilməli olan verginin) məbləğini müəyyən etməkdir.
 
Qüvvədə olan Qaydaya əsasən ilə səyyar vergi yoxlaması zamanı vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə, vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmadıqda və vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış mallar aşkar edildikdə Vergilər Nazirliyinin əsaslandırılmış qərarı ilə inventarizasiya aparılır. Vergilər Nazirliyi tərəfindən təklif edilən dəyişikliyə əsasən səyyar vergi yoxlaması zamanı vergi ödəyicisində tək sonuncu vergi yoxlaması zamanı yox, ümumiyyətlə vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə Vergilər Nazirliyinin əsaslandırılmış qərarı ilə inventarizasiya aparılacaq. Eyni zamanda vergi ödəyicisində əmlak vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyü yoxlanıldıqda da Vergilər Nazirliyinin əsaslandırılmış qərarı inventarizasiya aparılacaq.

Apa.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO