Azərbaycan və Türkiyə hərbi təlim və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Müdafiə naziri Zakir Həsənov Türkiyə Jandarmasının nümayəndəsi ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Jandarma Baş Komandanlığının Qərargah rəisi, korpus generalı İbrahim Yaşarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə naziri qonağı salamlayaraq Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdiyini, strateji tərəfdaşlıq münasibətləri əsasında qurulduğunu və əlaqələrin davamlı olduğunu qeyd edib.

Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və prinsiplərə uyğun həllinə nail olunmasının vacibliyini diqqətə çatdırıb.

Sonra Azərbaycan və Türkiyə arasında qarşılıqlı təcrübə mübadiləsinin, təlim və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb, əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO