Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasına qatılacaq

 Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə parlament nümayəndə heyəti qurumun yay sessiyasında iştirak etmək üçün iyunun 21-də Fransanın Strasburq şəhərinə səfər edəcək.

Parlamentdən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov, Sahibə Qafarova, Qənirə Paşayeva, Sevinc Fətəliyeva və Elxan Süleymanov daxildir.
 
Tədbirdə AŞPA-nın Daimi Komitəsi və Büronun fəaliyyəti ilə bağlı hesabat dinləniləcək, Azərbaycanda demokratiya institutlarının fəaliyyəti, Türkiyədə son parlament seçkilərinin nəticələri, Macarıstandakı son durum, Mərakeş parlamenti ilə münasibətlər, Ukraynada münaqişə zamanı itkin düşmüş şəxslərin taleyi, media etikası və bu sahədə şəffaflığın artırılması, Rusiya Federasiyası nümayəndə heyətinin səlahiyyətləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparılacaq.
 
Sessiya çərçivəsində AŞPA Bürosunun və qurumun Sosial məsələlər, səhiyyə və davamlı inkişaf, Qeyri-diskriminasiya və bərabərlik, Demokratiya və siyasi məsələlər, İnsan hüquqları və siyasi məsələlər komitələrinin iclasları keçiriləcək. Deputatlarımız sessiyada müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.
 
Səfər zamanı nümayəndə heyətinin üzvü, millət vəkili Sevinc Fətəliyeva AŞPA-nın Partiya Komitələrinin 12-ci iclasında və uşaqlara qarşı cinsi zorakılığın önlənməsi məsələsinə həsr olunmuş tədbirdə iştirak edəcək. Səfər iyunun 28-də başa çatacaq.

Apa.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO