Azərbaycan kiberhücumların qarşısını almağa hazırdır

Azərbaycanın informasiya sistemlərinə kiberhücumların illik artımı 30 faiz təşkil edib.

Bu barədə cümə axşamı Azərbaycan Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov informasiya təhlükəsizliyi ilə bağlı II Respublika elmi-praktiki konfransda bildirib.

Nazirin sözlərinə görə, kiberhücumların 90 faizi xaricdən həyata keçirilir: “Hər həftə təqribən iki min personal və planşet kompyuterlər bu cür hucumlara məruz qalır”.

“Monitorinqlər göstərir ki, ölkədə son istifadəçi qurğuların 25 faizi informasiya təhlükəsizliyi riskinə məruz qalır. Kritik informasiya infrastrukturu, xüsusilə, elektrik və su təchizatı, maliyyə, rabitə sistemi, müdafiə və s. sahələrində təhlükənin artması ilə əlaqədar olaraq informasiya təhlükəsizliyinin təmin edilməsi dövlət üçün prioritet məsələdir”, – deyə nazir Ə.Abbasov bildirib.

Nazirin sözlərinə görə, bununla bağlı Azərbaycanda daxili və xarici siyasət formalaşdırılıb: “Daxili siyasət əsasən tənzimləyici funksiyaların genişlənməsinə və beynəlxalq standartlara uyğun institusion inkişafın təmin edilməsinə yönəlib. Bu istiqamətdə dövlət strukturlarında, xüsusilə, respublikanın güc və hüquq mühafizə orqanlarında məsuliyyətin paylanma prinsipi tətbiq edilir”, – deyə nazir vurğulayıb.

“Dövlətin siyasəti, bir tərəfdən, etibarlı mühitin təmin edilməsinə, ikinci tərəfdən kibertəhlükəsizlik sahəsində tədqiqatlara, sistemin qurulması və istifadə edilməsinə yönəlib. Əsas elmi-texniki tədqiqatların aparılması və real texnoloji təhlükəsizlik sistemlərinin yaradılması üzrə səlahiyyətlər Milli Elmlər Akademiyasına verilib”, – deyə nazir Ə.Abbasov qeyd edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO