Azərbaycan ilə Serbiyanın hakim partiyaları memorandum imzaladılar

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında Azərbaycan Baş nazirinin müavini, YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov Serbiyanın Tərəqqipərvər Partiyasının (STP) nümayəndə heyəti ilə görüş keçirib.

Trend-in məlumatına görə, tədbirdə STP-nin beynəlxalq əlaqələr katibi, Avropa inteqrasiyası məsələləri üzrə naziri, STP-nin nümayəndə heyətinin rəhbəri xanım Yadraka Yoksimoviç, nümayəndə heyətinin üzvləri təmsil olunub.

Görüşdə ikitərəfli əlaqələr, əməkdaşlığın gələcək prespektivləri müzakirə olunub.

Ə.Əhmədov bildirib ki, bu səfərlər iki partiya arasındakı münasibətlərin etibarlı özülünü yaradacaq. Onun sözlərinə görə, Azərbaycan və Serbiya arasında münasibətlər yüksələn xətlə inkişaf edir.

Xanım Y.Yoksimoviç də münasibətlərin inkişafından məmnunluq ifadə edib.

Görüşün sonunda partiyalar arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Baş nazirinin müavini, YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov deyib ki, Yeni Azərbaycan Partiyası dünyanın siyasi partiyaları ilə əməkdaşlıq edir və zaman-zaman onların siyahısını yeniləri əlavə olunur:

“Beləliklə də partiyamızın dostlarının coğrafiyası genişlənməkdədir. Bu gün Serbiyanın hakim Tərəqqipərvər Partiyası ilə əməkdaşlıq haqqında memorandum imzaladıq. Bütövlükdə Azərbaycan-Serbiya münasibətləri inkişaf etməkdədir. İki ölkənin hakim partiyaları arasında bu gün imzalanan əməkdaşlıq haqqında memorandum və iki ölkə arasındakı dostluq münasibətlərə müsbət töhfəsini verəcək.

Ə.Əhmədov əminliklə bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə əlaqədar dəfələrlə bəyanat vermiş Serbiya bundan sonra bu mövqeyində qalacaq.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan və Serbiya arasında iqtisadi münasibətlər isə qarşılıqlı maraqlar əsasında qurulub və bu prinsiplərlə də davam etdirilir.

Görüşdə həmçinin YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Milli Məclisin üzvü Sevinc Fətəliyeva, media nümayəndələri iştirak edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO