Azərbaycan Fransaya nota verdi

Azərbaycan, Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin Fransaya səfəri ilə bağlı Fransaya nota verib.

Trend-in məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin nümayəndəsi Bako Saakyan və onu müşayiət edən şəxslərin 17-19 may 2015-ci il tarixində Fransaya səfəri ilə əlaqədar Fransanın Azərbaycandakı səfiri Paskal Mönye 20 may tarixində Xarici İşlər Nazirliyinə çağırılıb və xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən Fransa səfirinə etiraz notası təqdim edilib.

H.Hacıyev bildirib ki, nazir müavini Xələf Xələfov tərəfindən bu kimi faktların, eləcə də Fransa Milli Məclisinin deputatlarının bu ilin 3 may tarixində qondarma rejimin “parlamenti”nə keçirilmiş “seçkilər”də “müşahidəçi” kimi iştirakının Azərbaycan ilə Fransa arasında inkişaf etməkdə olan dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna, eləcə də Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi mandatına uyğun gəlmədiyi və Ermənistan-Azərbaycan münaqişəsinin həllinə xələl gətirdiyini qeyd edib.

İkili standartların təzahürü kimi qiymətləndirilən bu kimi halların Azərbaycan ilə Fransa arasındakı münasibətlərin mövcud vəziyyətinə də mənfi təsir etdiyi diqqətə çatdırıldı.

Səfir Paskal Mönye təqdim olunan notanın və Azərbaycanın ciddi narahatlığının ölkəsinə çatdırılacağını bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO