“Ayna ” mətbu evi Vitse-prezidentinin həbsindən rəsmi məlumat yoxdur

Bir neçə gündür “Ayna” Mətbu Evinin vitse-prezidenti Fərhad Süleymanovun həbs olunduğu xəbəri yayılsa da, bu haqda rəsmi məlumat yoxdur.

“Azadlıq” qəzeti 24 fevral sayında F.Süleymanovu Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının bir ölüm işinə görə saxladığını yazıb. Fevralın 24-də “Media forum”un sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Fərhad Süleymanovla bağlı hər hansı rəsmi bilgisi olmadığını deyib. “Media forum”a danışan Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Ramiz Rzayev isə həbslə bağlı məlumatın dəqiqləşdirilməkdə olduğunu vurğulayıb.

“Ayna” Mətbu Evinin prezidenti Rauf Talışinski fevralın 23-də “Day.az” saytına açıqlamasında F.Süleymanovun həbsini təsdiqləyib. O, fevralın 22-də Bakı Şəhər Prokurorluğundan F.Süleymanovun həbsi haqda rəsmi məktub aldıqlarını söyləyib. Baş redaktor istintaq aparıldığını əsas gətirərək detallar barədə danışmaq istəmədiyini vurğulayıb: “Bir şey deyə bilərəm ki, Fərhad Süleymanovun həbsi onun peşə fəaliyyəti ilə bağlı deyil”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO