Avro-2012 və Azərbaycan jurnalistləri

Azərbaycan mediasının acınacaqlı iqtisadi durumu, jurnalistlərin kasıblığı Avropa çempionatının keçirildiyi bu günlərdə bir daha sübut olundu. Fikir verin, iki ölkədə futbol və idman tarixinin ən önəmli yarışlarından biri keçirilir, Azərbaycan isə orada vur-tut bir jurnalistlə təmsil olunur. Təsəvvür edirsiniz, cəmi bir jurnalistlə! Mən təfsilata varıb “Avro-2012”nin iştirakçısı olmayan, bizdən qat-qat kasıb olan ölkələrin Polşa və Ukraynaya neçə jurnalist göndərməsinə varmaq istəmirəm.

Yenə də sağ olsun “Azerisport.com” saytının rəhbəri Vüqar Zeynalov, çətinliklə də olsa, Litvada yaşayan əməkdaşı Rüstəm Mikayıllını yarışı birbaşa işıqlandırmağa göndərə bildi. Heç olmasa UEFA-da bu turnirdə qeydiyyatdan keçmiş yüzlərlə jurnalist sırasında bir azərbaycanlının adına rast gəlmək olur. Yoxsa doğrudan da çox gülünc mənzərə yaranardı. Amma hardan bilim, bəlkə artıq yaranıb da.

Acı bir gerçəklikdir bu. Bəli, ölkədə bu qədər iş həyata keçiririk, iddiamızı ortaya qoyub “Avro-2020”yə ev sahibliyi etmək istəyirik, çox əla, Azərbaycan futbolunun başını yerə soxmaqdan başqa ayrı bir işə yaramayan, dəyəri bir qəpiyə dəyməyən futbolçularla yüzminlik, milyonluq müqavilələr bağlayırıq, amma jurnalisti Polşa bir kənara, bizə yaxın olan Ukraynaya ezamiyyətə göndərməyə cəmi 1500 dollar tapa bilmirik!

Bir azərbaycanlı jurnalistin Ukraynaya təyyarə ilə səfər edib orada bir həftə normal səviyyədə qalması, yemək xərcləri də daxil, 1500 dollar pul tələb edir. Bu, Azərbaycan milli komandasının bizi biabır etdiyi oyunlarda, yəni guya şərəflə uduzduqları üçün futbolçuya verilən mükafatdan iki dəfə azdır.

Yox, elə fikirləşməyin ki, federasiya və ya hansısa bir klub jurnalisti “Avro-2012”yə göndərməyə borcludur. Tam səmimi deyirəm, qətiyyən belə deyil. Sadəcə, hər gün, hər saat demək lazımdır ki, idman jurnalistinin də bir parçası olduğu Azərbaycan futbolunda dəyərlər günbəgün itməkdədir. Futbolumuzda sözün hər bir mənasında dəyərsiz insanlar çoxaldıqca, təbii ki, sözün, mətbuatın qiyməti də günbəgün azalacaq.

Bəli, Azərbaycan jurnalistlərinin taleyinə yazılan budur: stadiondan oturub ən operativ xəbəri ötürmək, Avropada ulduzu parlayan futbolçuları danışdırmaq əvəzinə hər gün rusun, ukraynalının, ingilisin saytına girib “Avro-2012”ylə bağlı xəbərləri, müsahibələri tərcümə eləməklə məşğuldur. Yox, əziz oxucu, xəbər, müsahibə tərcümə etmək ayıb deyil. Ən böyük ayıb illik büdcəsi yüz milyon dolları aşan Azərbaycanın futbolunu gecəsinə-gündüzünə, soyuğuna-çovğununa baxmadan təbliğ edən jurnalistin 1500 dollar tapmayıb “Avro-2012”dən kənarda qalmasıdır.

Ukraynalı həmkarım soruşur ki, nə üçün Azərbaycandan nə qəzet, nə sayt, nə də televiziya jurnalisti bura gəlməyib, axı ölkənizdə, futbolunuzda bu qədər pul var. Cavab verə bilmədim, ilk baxışda adi, amma dərinliyə gedəndə, çox çətin sual idi…

Doğrudan da, axı bu qədər pulumuz ola-ola biz jurnalistlər Avropa çempionatına niyə gedə bilmirik?

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO