ATV televiziyası xəbər proqramlarının sayını artırır

ATV kanalı xəbər proqramlarının sayını artırmaq niyyətindədir. “Telekanalımızın Xəbərlər Departamenti ötən yeddi il ərzində “Son xəbər” proqramının özünəməxsus xəbərlər yayımlamasına nail ola bilib.

Xəbərlər proqramının sayını artırmaq niyyətindəyik”. Bu barədə Trend News-a “Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin (ATV) Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu bildirib. ATV kanalının Xəbərlər Departamentinin yaranmasından 7 il ötür. Aydınoğlunun sözlərinə görə, ötən müddətdə hər bir tamaşaçı yayımlanan xəbərin ATV-nin “Son xəbər”inə məxsus olduğunu hiss edib.

“Biz həmişə xəbəri şoulaşdırmaq niyyətindən uzaq olmuşuq. Xəbərlərdə operativliyə, qərəzsizliyə sadiq qalmağa çalışmışıq”, – o əlavə edib.

Baş redaktor deyib ki, yeddi il əvvəl “Son xəbər” gündə yalnız bir dəfə – 20:30-da yayımlanıb.

“Artıq xəbər yayımının sayını üçə çatdırmışıq. İndi hər gün səhər saat 09:00-da, günorta saat 14:00-da və axşam əsas xəbərimiz isə saat 20:30-da efirə çıxır. Hazırda “Son xəbər”in saat 24:00-da, yaxud gecə saat 1-də buraxılışının yayımı haqqında düşünürük.

Müəyyən müddətdən sonra isə axşam saat 20:30-da yayımlanan əsas xəbərlərin vaxtının da artırılacağı istisna olunmur. İndi “Son xəbər”in həmin buraxılışının vaxtı 20-22 dəqiqədir. Bu müddət 10-15 dəqiqə artırıla bilər” – Aydınoğlu vurğulayıb. O, “Son xəbər”in “Həftə sonu” adlı buraxılışında həftə ərzində baş verən hadisələrin yekunu ilə bağlı süjetlərin yayımlandığını qeyd edib. Onun fikrincə, yeddi il ərzində əldə etdikləri nailiyyətlərdən biri də “ATV İnternational” kanalının fəaliyyətə başlamasıdır. “Bu bizə göstərilən etimadın nəticəsi idi. Məhz həmin etimadı doğruldaraq, biz indi eyni vaxtda kanal vasitəsilə erməni, fars, rus və ingilis dillərində xəbər veririk”, – baş redaktor xatırladıb.

Aydınoğlu deyib ki, uğurları işgüzar və sağlam kollektivə sahib olmaları nəticəsində əldə edə biliblər.

“ATV adlı bir məktəbin olduğu da artıq təsdiqlənib. Azərbaycanda fəaliyyət göstərən, demək olar ki, bütün xəbər proqramlarında ATV-nin “Son xəbər” proqramının yetirmələri məsul vəzifələrdədir. Bu da ATV-nin digər uğurudur”, – baş redaktor bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO