AŞPA məruzəçisi Meliça Markoviç Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvləri ilə görüşdü

AŞPA məruzəçisi Meliça Markoviç Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvləri ilə görüşdüDünən, 24 avqust 2015-ci il tarixində “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə AŞPA məruzəçisi xanım Meliça Markoviçin Azərbaycana növbəti səfəri başladı. Səfərin ilk günü məruzəçi və onu müşaiyət edən, müstəqil ekspert Styliani Lydia Vamvakeriounun də daxil olduğu 5 nəfərlik nümayəndə heyəti ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) üzvlərinin görüşü baş tutdu. Görüşdə Sərsəng su anbarının Ermənistanın işğalı altında olması səbəbindən su anbarının təsiri altında olan 6 rayonun – Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarının sosial-iqtisadi vəziyyətində baş vermiş dəyişikliklər, bu regionda yaşayan əhalinin içməli su çatışmazlığından əziyyət çəkməsi, habelə regionda kənd təsərrüfatının su qıtlığı səbəbindən böhran içərisində olması, ərazidə biomüxtəlifliyin pozulması, Su anbarına və onun qurğularına 20 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün qəza vəziyyətində olması səbəindən onun aşağı axımında yerləşən ərazilərin 400 min nəfər əhalisi üçün ciddi təhlükə yaratması və sair bu kimi mühüm məsələlər müzakirə edilmiş, bu məsələlərlə bağlı vətəndaş cəmiyyətinin ciddi narahatlığı ifadə olunmuşdur. Xatırladaq ki, Sərsəng su anbarı ilə bağlı məsələ ilk dəfə 2013-cü ilin may ayında AVCİYA-nın “Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsinin icrasına başlaması ilə gündəmə gətirilmişdir. Millət Vəkili, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun gərgin mübarizəsi nəticəsində və AŞPA-ya təqdim etdiyi “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında 12 may 2014-ci ildə AŞPA-nın Sosial Məsələlər, Səhiyyə və davamlı inkişaf Komitəsində Bosniya və Herseqovinalı deputat, xanım Meliça Markoviç məsələ ilə bağlı məruzəçi təyin edilmişdir.
Hazırki səfər məruzəçi Meliça Markoviçin Azərbaycana ikinci rəsmi səfəridir. Səfər 27 avsut 2015-ci il tarixinədək davam edəcəkdir. Səfər çərçivəsində Bakıda bir sıra nazirlik rəsmiləri ilə görüşlər keçiriləcək, regiona səfər ediləcək və su anbarının təsiri altında olan rayonların bir sıra qurumları, eləcə də yerli icmaları ilə görüşlər baş tutacaqdır.

MƏTBUAT XİDMƏTİ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO