AŞPA EPP qrupunda Azərbaycanla bağlı müzakirələr aparılmışdır

Dünən, 22 iyun tarixdə Strasburqda AŞPA Avropa Xalq Partiyası (EPP) qrupunun iclası keçirilmişdir. İclasda Həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən hazırlanmış Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında məruzə müzakirə olunmuşdur. Əsas müzakirələr Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri ətrafında aparılmışdır. 
İclasda Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov çıxış etmişdir. Mövzunun aktuallığını nəzərə alaraq, Elxan Süleymanovun çıxışının tam mətnini  təqdim edirik.
AŞPA Avropa Xalq Partiyası (EPP) qrupunun iclasında çıxış
Hörmətli sədr,
Hörmətli həmkarlar,
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göstərdiyiniz münasibətdən çox məyus oluram. 
Siz bu çıxışınızla Avropa İnsan Haqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qərarını inkar edirsiniz. Məhkəmə öz qərarında Ermənistan hökumətinin Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilərə faktiki nəzarət etməsi faktını vurğulayır. Qərarda Dağlıq Qarabağda və ətraf rayonlarda baş verən insan hüquqları pozuntularına görə beynəlxalq-hüquqi məsuliyyət Ermənistanın üzərinə düşməsi öz təsdiqini tapıb. Məhkəmə bildirilir ki, “Ermənistan hərbi iştirakı vasitəsilə və hərbi avadanlıq və təcrübəni təmin etməklə, hələ ilk gündən Dağlıq Qarabağ münaqişəsində əhəmiyyətli dərəcədə rola malik olub. Ermənistanın hərbi dəstəyi sözügedən ərazilərə nəzarət üçün həlledici olaraq qalıb”.
Siz öz çıxışınızla BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, Avropa Parlamentinin 2005, 2010 və 2012-ci illərdə qəbul edilmiş qətnamələrini, AŞPA-nın 2005-ci il qətnaməsini inkar etmiş olursunuz.
Siz nə qədər Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı həqiqətlərinə göz yumacaqsınız? Dağlıq Qarabağdan başqa ətraf 7 rayonun işğalına necə göz yummaq olar?
ATƏT-in Minsk Qrupunun bu məsələ ilə məşul olduğunu bildirirsiniz, onun fəaliyyətsizliyinə istinad edirsiniz.
Lakin Ukraynanın başına gələn bəzilərinin də səbəbkarları olduğu fəlakətlərə görə Rusiyaya qarşı misli görünməmiş sanksiyalar tətbiq edirsiniz. Lakin işğalçı Ermənistanı müdafiə edirsiniz. Azərbaycan xalqı və mən ədalət tələb edirik. 
Mən açıq-aydın bəyan edirəm ki, Azərbaycan xalqı artıq sizin ikilistandartlı siyasətinizə dözə bilmir. Biz təmsil olunduğumuz beynəlxalq qurumlarda təmsilçiliyimizi davam etdirməyə  icazə vermir. 
Sizlərdən bəzilərinin Ermənistanı müdafiə məqsədilə ədaləti və həqiqəti tələbilə debat qurmağınız və Ermənistanı müdafiə etməyiniz nə dərəcədə ədalətlidir?
 Məruzənin 1-ci bəndində “Assambleya Azərbaycanın xarici siyasi gündəminin böyük əksəriyyətinə hakim olan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə tam məlumatlıdır” ifadəsi ilə kifayətlənmək gülüncdür. Bu Azərbaycan xalqına qarşı açıq-aşkar etinasızlıq və təhqirdir.
Mən həmməruzəçilər Pedro Aqramuntdan, Tadeuş İvinskidən tələb edirəm ki, məruzədə Ukraynaya göstərilən səviyyədə Azərbaycana da dəstək göstərilməsi tələbi əks etdirilsin.
Bu gün Siz Ermənistan tərəfinin Dağlıq Qarabağı və digər ətraf rayonları işğal etməsi faktını inkar edirsinizsə, onda mən təklif edirəm ki, ümumiyyətlə bütün üzv ölkələrin ərazilərindəki işğal faktlarının Assambleyada bir daha baxılmayacağına dair qərar qəbul edilsin.
Sonda bir daha Sizləri Sizləri Ermənistan tərəfindən torpaqlarımızın işğalı ilə bağlı Azərbaycan xalqına qarşı ayrıseçkiliyə, ədalətsizliyə və qərəzliliyə son qoymağa çağırıram.   
Diqqətinizə görə minnətdaram.  
22.06.2015

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO