“ASAN xidmət” BMT-nin mükafatına layiq görüldü

“ASAN xidmət” dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən nüfüzlu mükafatına layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İnformasiya təminatı şöbəsindən Trend-ə bildiriblər kii, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülüb (United Nations Public Service Award 2015).
Mükafat uğrunda seçim prosesi 2014-cü ilin oktyabr ayından 2015-ci ilin may ayına qədər davam edib. Bu prosesə dünyanın bütün ölkələrindən dövlət xidmətlərinin göstərilməsi sahəsində yüzlərlə təşəbbüs və layihələr qatılıb.
“ASAN xidmət” seçim prosesinin bütün mərhələlərindən uğurla keçib və aprelin 20-24-də BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin illik sessiyasında qalib seçilib. “ASAN xidmət” “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək – 1-ci yerə layiq görülüb.
Qeyd edək ki, 2003-cü ildə təsis edilmiş BMT-nin Dövlət Xidmətləri Mükafatı dövlət xidmətləri sahəsində ən nüfuzlu beynəlxalq mükafatdır. İllik əsasda təqdim edilən mükafat qalib təşkilatlarda mükəmməlliyin, peşəkarlığın, idarəetmənin və vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təmin edilməsinin beynəlxalq tanınmasıdır. BMT-nin Dövlət Xidmətləri Mükafatının məqsədi dövlət idarəçiliyi sahəsində dünya ölkələrində mövcud olan ən qabaqcıl innovativ təcrübələri təltif etmək və bu kimi ən uğurlu təcrübələrin digər dövlətlər tərəfindən tətbiqini təşviq etməkdir.
Mükafat ənənəvi olaraq BMT-nin Dövlət Xidmətləri Günü kimi qeyd edilən 23 iyunda xüsusi təşkil olunan təltifetmə mərasimində qaliblərə verilir. Builki mərasim iyunun 23-26-da Kolumbiyanın Medellin şəhərində keçiriləcək beynəlxalq forum çərçivəsində baş tutacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO