Argentinanın Milli Kitabxanasında Azərbaycan ilə bağlı nəşrlərdən ibarət fond yaradılmışdır

Argentinanın Milli Kitabxanasında Azərbaycan ilə bağlı nəşrlərdən ibarət fond yaradılmışdırArgentinanın paytaxtı Buenos-Ayresdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünün qeyd edilməsi çərçivəsində akademik, ictimai və mədəni tədbirlər həftəsi başlamışdır.
Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatları Mirkazım Kazımov, Asim Mollazadə və Ceyhun Osmanlı, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva və XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayevdən ibarət nümayəndə heyəti Argentinaya səfər etmişdir.
Argentinanın Milli Kitabxanasında Azərbaycan haqqında nəşrlərdən ibarət fondun yaradılması ilə bağlı təqdimat mərasimi keçirilmişdir. Mərasimi açan səfir Məmməd Əhmədzadə Argentina Milli Kitabxanası kimi Latın Amerikasının aparıcı elmi, intellektual və mədəni mərkəzlərindən birində ölkəmiz haqqında müxtəlif dillərdə nəşrlərdən ibarət fondun yaradılmasını mühüm hadisə kimi qiymətləndirmişdir. Diplomat səfirlik tərəfindən Argentina Milli Kitabxanasına hədiyyə olunan 100-dən artıq müxtəlif dillərdə kitab, jurnal və materiallardan ibarət nəşrlərin siyahısını və Heydər Əliyev Fondunun hazırladığı “Azərbaycan” kitabını Milli Kitabxananın prezidenti, Argentinanın tanınmış sosioloqu və ictimai xadimi Horasio Qonzalesə təqdim etmişdir. Azərbaycan nümayəndə heyəti adından çıxış edən A.Mollazadə respublikamızın tarixən müxtəlif sivilizasiyaların qovşağında yerləşən çoxmədəniyyətli bir ölkə olduğunu vurğulamışdır. Deputat Azərbaycanın qədim və zəngin tarixi-mədəni irsindən danışaraq bu gün də ölkəmizin sivilizasiyalararası dialoqa, habelə Xəzər bölgəsi ilə Avropa arasında əməkdaşlığa verdiyi töhfələrdən bəhs etmişdir.
Tədbirdə Azərbaycan ilə bağlı fonddakı nəşrlər, ölkəmizin görməli yerlərini əks etdirən fotosərgisi və milli mətbəximizin ləziz nümunələri təqdim olunmuşdur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO