Aqil Abbas: “Elçin Şıxlı Mətbuat Şurasına hörmət gətirirdi”

“Elçin Şıxlı çox sevdiyim insandır və “Ayna”-“Zerkalo” da oturuşmuş qəzetdir, artıq 24 ildən çoxdur fəaliyyət göstərir. Sözüm ondadır ki, Elçin Şıxlının Mətbuat Şurasından çıxmasını istəməzdim. Çünki o, Mətbuat Şurasına hörmət gətirən bir adamdır, qəzetləri də Mətbuat Şurasına hörmət gətirirdi”. 

Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, deputat Aqil Abbas deyib. 

“Mətbuat Şurasının buna nə reaksiya verdiyi haqqında məlumatım yoxdur. Hər-halda reaksiya verməli idilər. Bilirsiniz ki, KİV-ə Dəstək Fondu da “Ayna”-”Zerkalo” qəzetlərinə yardım edirdi. Elçin Şıxlı qəzetlərini həftəliyə keçirməklə o vəsaitdən də imtina etmiş oldu. Çalışacağam ki, Mətbuat Şurasında bu məsələləri müzakirə edək. Mən ruspərəst deyiləm, amma müstəqil rusdilli qəzetə ehtiyacımız var. Çünki Azərbaycanda rusdilli əhali “Zerkalo”nu oxuyur”.

Qeyd edək ki, “Ayna”-“Zerkalo” qəzeti Mətbuat Şurasının təsisçilər heyətindən çıxıb. Qəzetin baş redaktoru Elçin Şıxlı bunu Şuranın qəzetin problemləri ilə maraqlanmaması ilə əlaqələndirib: 
“Bu qərarı Mətbuat Şurasının qəzetimizin düşdüyü ağır vəziyyətə biganə qaldığını gördükdən sonra qəbul etdim. Qəzetin müxbiri Rauf Mirqədirov həbs olundu, şura heç bir reaksiya vermədi. Qəzet gündəlik nəşrini dayandırdı, bir dəfə də olsun zəng edib soruşmadılar ki, problem nədir. Nəyimə lazımdır belə qurum? Mətbuat Şurası ayrı-ayrı fərdlərin qurumu deyil. Bu qurumun əsas təsisçilərindən biri də biz olmuşuq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO