APA “Xəzər” telekanalından təzminat tələb edəcək

APA ilə “Xəzər” telekanalı arasında münasibətlər gərginləşib. APA-nın rəhbərliyi bu agentliyə məxsus informasiyaların “Xəzər” televiziyasının xezerxeber.com saytında istinadsız yerləşdirilməsindən hiddətlənib. APA bunu qeyri-peşəkarlıq və oğurluq adlandırıb. Buna görə də agentlik rəhbərliyi “Xəzər”in bir abunəçi olaraq onun informasiyalarından istifadə etməsinə qadağa qoymaq haqda fikirləşir.

APA-nın baş direktoru Vüsalə Mahirqızı məsələ ilə bağlı Modern.az saytına açıqlama verib:

“Hələki “Xəzər”in abunəçiliyi dayandırılmayıb, mən sosial şəbəkədəki statusumda da bununla bağlı yazmışam. “Xəzər” televiziyasının törəməsi olan xezerxeber.com saytı bizim də, Modern.az saytının da, başqa informasiya mənbələrinin hüquqlarını çox kobud şəkildə pozur. Mən şəxsən öz materiallarımızla bağlı dəfələrlə orada olan dostlarımızla, qeyri-dostlarımızla söhbət eləmişəm. Kommersiya direktorumuz da söhbət edib. “Xəzər” televiziyasının bizimlə müqaviləsi var, amma xezerxeber.com saytının müqaviləsi yoxdur. Onlar belə təpki göstərirlər ki, xezerxeber.com televiziyanın törəməsidir, ona görə xəbərdən istinadsız istifadə edə bilər. Halbuki, biz müqavilədə yazmışıq ki, bir subyekt xəbəri ikincisinə ötürə bilməz. Bu məsələ ilə bağlı telekanalla, həmin saytın rəhbərliyilə danışığımız olub. Bu insanlar guya, Azərbaycana Türkiyə təcrübəsini gətirmək istəyirlər. Bəzi adamlar özlərini ağıllı hesab edib deyir ki, Türkiyədə də xəbəri filan yerdən alanda biz onun üstünə loqosunu qoymuruq. Mən dünya təcrübəsini də, Türkiyə təcrübəsini də çox yaxşı bilirəm. Mən bilirəm ki, o adamlar təkcə bizə yox ,o biri agentliklərə də belə deyirlər”.

Dünya təcrübəsinə yaxından bələd olduğunu deyən Vüsalə Mahirqızının sözlərinə görə, informasiya agentliklərindən xəbəri almağın iki üsulu var:

“Birincisi xəbərə, bulletenlərə çox böyük pul verirlər. Həmin vaxt xəbərin üzərində informasiya agentliyinin loqosundan istifadə etmək məcburi deyil. Məsələn, deyək ki, Türkiyənin STV kanalı “Cihan” xəbər agentliyinə 100 min dollar pul verir, informasiyanı alır. Və 100 min dolların əvəzində “Cihan”ın loqolarından istifadə etmir. Xəbəri “Cihan”ın loqosu olmadan verir.

İkinci yol isə budur ki, xəbər aşağı məbləğə satılır. Bu vaxtı loqolardan mütləq istifadə şərt olaraq qoyulur. Məsələn, biz bu yolu tutmuşuq. “Xəzər” televiziyası da bizim hesabımıza 100 min dollar pul keçirsin, APA-nın xəbərlərini öz xəbərləri kimi istifadə etsin. Bəli, belə bir yol var. İndi onlar bunu tez-tez deyirlər ki, filan agentliklərin xəbərini filan radio verir, amma loqolardan istifadə etməyəndə problem yaranmır. Halbiki, “Reuters” agentliyi xəbəri 200 min dollara satır. “Xəzər” də gətirsin o məbləğdə pulu versin, götürsün APA-nın xəbərlərini və getsin işləsin. Xəbəri biz onlara xammal olaraq verək. Yoxsa aya 250 manata bulleten alıb, sonra da mənim xəbərimi dədə malı kimi istifadə eləmək istəyinin professionallığa dəxli yoxdur. Bu nə Türkiyə, nə Avropa mediasıdır. Bu peşə etikasını bilməmək yolundan yayınmaqdır. Bunun başqa adı yoxdur. Buna görə də “Xəzər” TV-yə xəbərdarlıq məktubu hazırlanır, biz onlarla müqaviləni bu məsələyə görə birtərəfli qaydada dayandıracağıq. Şirkət kimi monitorinqimizi davam etdiririk. “Xəzər” telekanalı bu oğurluğa davam etsə, avtomatik olaraq məhkəməyə veriləcək və xüsusi təzminat alınacaq. Ağılları ora- bura getməsin, biz o təzminatı onlardan alacağıq”.

Modern.az məsələ ilə bağlı “Xəzər” telekanalından da münasibət öyrənməyə çalışıb. Amma telekanaldan saytımıza bildiriblər ki, onlar bu məsələyə şərh vermək istəmirlər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO