APA kitabı təqdimatını keçirib

“Azəri-Press” İnformasiya Agentliyinin (APA) Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi “Azərbaycanın dövlətçilik tarixi: Bilmədiklərimiz” layihəsi çərçivəsində hazırladığı kitabın təqdimatı keçirilib.

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan APA-nın baş direktorunun 1-ci müavini, “Azərbaycanın dövlətçilik tarixi: Bilmədiklərimiz” kitabının redaktoru Nurşən Quliyev nəşri ərsəyə gətirməkdə məqsədin Azərbaycanın tarixi ilə bağlı əhəmiyyətli məsələlərə bir daha toxunmaq, bəzi qaranlıq məqamlara aydınlıq gətirmək olduğunu deyib: “Layihə seçərkən dövlətçilik tariximizlə bağlı mövzu üzərində dayandıq. Altı ay davam edəm layihənin yekunu olaraq isə bu kitabı ərsəyə gətirdik. Layihənin reallaşmasında və nəticə olaraq bu kitabın işıq üzü görməsində bir çox görkəmli ziyalılar, tarixçi alimlər, etnoqraflar bizə yaxından dəstək oldu”.

Kitabda Azərbaycan tarixini əks etdirən reportajlar, araşdırmalar, habelə tarixçi alimlərlə geniş müsahibə və debatların yer aldığını vurğulayan N. Quliyev bunun Azərbaycanın dövlətçilik tarixinin təbliğinə kiçik də olsa, bir töhfə olacağına ümid etdiyi bildirib: “Dörd fəsildən ibarət nəşrin “Araşdırmalar” adlanan ilk fəslində araşdırmalar yer alıb ki, burada Azərbaycan ərazisində mövcud olan dövlət quruluşları haqqında təhliledici məqalələr əksini tapıb. Kitabın “Reportajlar” fəslində Azərbaycan ərazisində qədim dövrlərdən bu günədək qorunub saxlanan tarixi abidələr və yerlərdən bəhs olunub. Nəşrin “Müsahibələr” və “Debatlar” fəslində isə tarixçi alimlərin, etnoqrafların fikir və mülahizələri əksini tapıb”.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov kitabın Azərbaycanın dövlətçilik tarixinin təbliğinə töhfə verəcəyini qeyd edib: “APA-nın ərsəyə gətirmiş olduğu bu kitabı yüksək qiymətləndirirəm. Ölkəmizin dövlətçilik tarixi ilə bağlı nə yazılırsa, təqdirə layiqdir. Çünki torpaqları işğal olunan bizik, təcavüzə məruz qalan və yalan tarixi faktlarla qarşılaşan da bizik. Ona görə çalışmalıyıq ki, dövlətimizin tarixini dərindən öyrənək və təbliğ edək. Dövlətçilik tarixi elə şeydir ki, burda hər fakt mənbəyə əsaslanmalıdır”.

Qarabağ Azadlıq Təşkilatının sədri, tarix elmləri namizədi Akif Nağı da Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinin zəruriliyindən danışaraq bu baxımdan APA-nın hazırladığı kitabın mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Dövlətçilik tariximizin təbliğində cəmiyyətimizin hər bir üzvü səy göstərməlidir. Bu işi yalnız tarixçilərin üzərinə qoya bilmərik. Bu baxımdan deyə bilərəm ki, APA-nın yaradıcı heyəti öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Kitabın tərtibatında da orijinal formadan istifadə olunub. Çünki indiyədək Azərbaycanda hansısa tarixi məsələ ətrafında bir neçə alimin fikir mübadiləsinin əks olunduğu nəşr hazırlanmayıb”.

Tədbirdə “Azərbaycanın dövlətçilik tarixi: Bilmədiklərimiz” kitabının əcnəbi dillərə tərcüməsinin vacibliyi də vurğulanıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO