APA 5 yaşını təntənəli şəkildə qeyd edib

Noyabrın 16-da Azəri-Press Agentliyi (APA) Bakı Əyləncə Mərkəzində 5 yaşını təntənəli şəkildə qeyd edib.

Tədbirə dövlət rəsmiləri, millər vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, incəsənət xadimləri, siyasi partiya təmsilçiləri, media qurumlarının rəhbərləri, bir sözlə APA-nın oxucuları və xəbər mənbələri qatılıb.

Tədbirdə öncə APA-nın 5 illik yubileyi münasibətilə çəkilmiş “APA xəbər verir” filmi təqdim edilib. Filmdə APA-nın 5 illik fəaliyyəti ilə bağlı Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, vitse-spiker Ziyafət Əsgərov, akademik Rafiq Əliyev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, ADP sədri Sərdar Cəlaloğlu, BAXCP sədri Qüdrət Həsənquliyev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Rabitəbank”ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev, QHT-lərə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Azay Quliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, DİN-in mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, xalq artisti Fəxrəddin Manafov, QMİ sədrinin müavini Hacı Sabir Həsənli agentliklə bağlı öz fikirlərini, xatirələrini bölüşüblər.

Təqdimat mərasimində çıxış edən APA-nın baş direktoru Vüsalə Mahirqızı tədbirə qatılan bütün iştirakçılara öz təşəkkürlərini bildirib: “Mən hər kəsə – dostlarımıza, rəqiblərimizə və informasiya mənbələrimizə təşəkkür edirəm. 5 il əvvəl uzunömürlü, populyar bir agentlik yaratmaq üçün yola çıxdıq və buna nail olduq. Mən Azərbaycan dövlətinə, bu dövlətin prezidentinə ölkədə söz azadlığının inkişafı üçün yaradılan bu şəraitə görə təşəkkür edirəm. APA-nın bütün əməkdaşlarına – onu yaradan 7 nəfərdən tutmuş hazırda agentlikdə çalışan 150 nəfərə qədər – hər kəsə təşəkkür edirəm. Bu, onların agentliyi, onların xidmətidir”.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə APA-nı təbrik edərək agentliklə bağlı bir xatirəsini danışıb. Ə. Həsənov rəhbəri xanım olan kişi kollektivi və rəhbəri kişi olan, lakin xanımların çoxluq təşkil etdiyi kollektivlərdə işləmək təkliflərində birinciyə üstünlük verməyi məsləhət bilib: “ Biz bunu Vüsalənin və APA-nın timsalında da gördük”.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri deyib ki, APA yarananda artıq meydanda öz xətti olan onlarla agentlik var idi: “Lakin Vüsalə o agentliklərin heç birinə toxuna bilməzdi. Onun rəhbərlik etdiyi APA o birilərə toxunmadan onların yanından öz boyuna uyğun xəttini çəkdi və bu agentliklər arasında lazım olan yerini tutdu”.

Daha sonra tədbiri Azərbaycan incəsənətinin seçilən simaları davam etdiriblər. Yubiley gecəsində Azərbaycanın əməkdar artistləri Təyyar Bayramov, İlqar Muradov, Fidan Hacıyeva, Tünzalə Ağayeva, Manana, xalq artisti Faiq Ağayev, tanınmış sənətçilər Lalə Məmmədova, Ayaz Qasımov, eləcə də “Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil edən və üçüncülük qazanan AySel Teymurzadə sevilən mahnılarını ifa ediblər.

Tədbir çərçivəsində APA-nın formalaşmasında rolu olan ilk 7 nəfərə agentliyin plaketləri verilib. Bunlar agentliyin baş direktoru Vüsalə Mahirqızı, baş direktorun birinci müavini Nurşən Quliyev, baş direktorun texniki məsələlər üzrə müavini Seymur İsmayılov, parlament müxbiri Elbrus Seyfullayev, hazırda lent.az saytının baş redaktor müavini işləyən Gülşən Hacıyeva, apasport.az saytının baş redaktoru İxtiyar Əsgərov və APA-nın ilk dizayneri olmuş Kamil Abışovdur. Onlara plaketləri APA-nın baş redaktoru Vüqar Hüseynov təqdim edib.

Tədbirin sonunda APA-nın bütün əməkdaşlarının iştirakı ilə yubiley tortu kəsilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO