ANS-in üzr istəməsi üçün Teleradio Şurasına müraciət hazırlandı – QALMAQAL

Kəlbəcər rayonun işğalının 21-ci ildönümü günü ANS-də telejurnalist Ləman Ələşrəfqızının hazırlayıb efirə verdiyi süjetlə bağlı bu telekanala müraciət olunacaq.

Bu barədə Modern.az-a açıqlama verən jurnalist və hüquq müdafiəçisi Xalid Vahidoğlu deyib. O bildirib ki, ANS televiziyası həmin süjetdə Kəlbəcər sakinlərinin ünvanına səsləndirdiyi fikirlərə görə üzr istəməlidir: 

«Kəlbəcərin işğal günü vətənpərvərlik görüntüsü yaratmağa çalışan bir kanalda belə bir süjetin efirə verilməsi başadüşülən deyil. Həmin gün ANS telekanalının «Xəbərçi» verilişinin saat 21:00 buraxılışında «Kəlbəcərsiz 21 il» başlıqlı süjet efirə verildi. Ləman Əliəşrəfqızının hazırladığı 3 dəqiqə 37 saniyəlik süjetdə Kəlbəcər sakinlərinin ünvanına bir neçə təhqiramiz ifadələr səsləndirildi. Həmin süjetdə müəyyən görüntülər fonunda səsləndirilən «bu sürü psixologiyası təkcə mülki əhalidə yox, döyüşçülərdə də hiss olunurdu» və «Kəlbəcərdən utandım. Süd verdiyi balaları ona naxələf çıxdılar» ifadələri Kəlbəcər sakinlərinə qarşı təhqirdir. Süjet efirə veriləndən az sonra  bununla bağlı iradlarımızı bildirəndə isə süjeti hazırlayan jurnalist tərəfindən təkrar təhqiramiz ifadələr səsləndirildi. İşğal altında olan bütün ərazilərin itirilməsi səbəblərinin müəyyənləşdirilməsi üçün normal müzakirələrin keçirilməsinin biz də tərəfdarıyıq. Amma bu birtərəfli şəkildə minlərlə insanın təhqir edilməsi ilə aparılmamalıdır. Biz hazırda ANS Şirkətlər Qrupunun prezidenti cənab Vahid Mustafayevə müraciət hazırlamışıq və rəhbərlik etdiyi kanalın efirində səsləndirilən təhqiramiz ifadələrə görə üzr istənilməsini tələb edəcəyik».

X.Vahidoğlunun sözlərinə görə, Qarabağ müharibəsi dönəmində uzun müddət mühasirə həyatı yaşayan bir rayonun sakinlərinin ünvanına bu fikirlərin səsləndirilməsi yolverilməzdir: «Kəlbəcər rayonu Qarabağ müharibəsi dönəmində 5 il mühasirə şəraitində yaşayıb. Rayona 2 il elektrik enerjisi verilməyib və Kəlbəcər sakinləri düşmənə ov tüfəngləri ilə müqavimət göstərib. 1992-ci il aprelin 8-də Ermənistan Silahlı Qüvvələri Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün Ağdaban kəndinə hücum edib və dəhşətli soyqırımı törədiblər. Həmin vaxt Ağdaban kəndinin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib. Bu hadisə zamanı 67 nəfər qətlə yetirilib (onlardan 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadındır), 5 nəfər  girov götürülüb,  2 nəfər itkin düşüb, 12 nəfər ağır bədən xəsarəti alıb. Ağdaban kəndinin 7 nəfər sakini diri-diri odda yandırılıb. Amma Kəlbəcər sakinləri bundan sonra da düşmənə müqaviməti davam etdirib. 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı isə Ermənistan Silahlı Qüvvələri tərəfindən 511 mülki şəxs, 55 hərbçi qətlə yetirilib. 1231 nəfər girov götürülərək ağır işgəncələrə məruz qalıb, 2500 nəfər əlil olub. Girovluqda olan şəxslərdən 43 nəfərin taleyindən bugünədək məlumat yoxdur. Kəlbəcərin işğalından sonra Başlıbel kəndini tərk etməyən 62 nəfər dağlarda sığınacaq tapıb (bütün bunlar «Başlıbel faciəsi erməni vəhşilikləri şahidlərin dili ilə» kitabında öz əksini tapıb). İşğaldan 18 gün sonra onlardan 27 nəfəri qətlə yetirilib, 19 nəfəri girov götürülüb, 30 nəfər isə 133 gün düşmənin əhatəsində qalaraq partizan müharibəsi aparıb. Həmin şəxslərdən 29 nəfər 1993-cü iyulun 22-də Daşkəsən ərazisinə gəlib çıxsalar da, bir nəfər kəndi tərk etməyib və taleyindən indiyədək heç bir məlumat yoxdur. Amma ANS televiziyası Kəlbəcər sakinlərinin rayonun qorunması üçün verdikləri qurbanları nəzərə almadan bütün bir rayonun əhalisini təhqir etməklə sağlam məntiqdən uzaq düşdü».

X.Vahidoğlu deyir ki, süjetdə səsləndirilən ifadələrlə jurnalist etikasının pozulması və təhqir elementlərinin olması ilə bağlı media hüququ ilə məşğul olan ekspertlərin rəyləri də var: «Biz həmin süjeti media ekspertlərinə də göstərdik. Süjetdə jurnalist etikasının pozulduğu və təhqiramiz ifadələrin olması onlar tərəfindən də təsdiq olundu və bu barədə mətbuatda da məlumat yayıldı. Biz müraciətimizi ANS televiziyasına göndərəndən sonra bir həftə onların üzr istəməsini gözləyəcəyik. Əgər süjetin efirə verildiyi «Xəbərçi» verilişində Kəlbəcər sakinlərindən üzr istənilməsə, məsələnin hüquqi müstəvidə həllinə çalışacayıq. Ümid edirik ki, müraciətimiz anlayışla qarşılanaraq yerinə yetiriləcək və məsələnin hüquqi müstəvidə araşdırılmasına ehtiyac qalmayacaq. Azərbaycan hüquqi dövlətdir və heç kəsə insanları təhqir etmək haqqı verilməyib. Bunu edənlər isə qanun qarşısında cavab verməlidir».

X.Vahidoğlu onu da qeyd edib ki, müraciət bu gün, ən uzağı sabah ANS telekompaniyasına və  Milli Televiziya və Radio Şurasına göndəriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO