ANS-in aparıcısı Ayaz Nizamioğlu: “Efirə yaraşmıram… “

Uzun müddətdir ANS TV-də çalışan telejurnalist, “Düz Bucaq” verilişinin aparıcısı Ayaz Nizamioğlu (Mirzəyev) “Anspress”ə müsahibə verib. Modern.az həmin müsahibəni təqdim edir.

– Özünüzü necə təqdim edərdiniz?

– Mən Ayaz Nizamioğlu, 1983-cü ildə Bakıda anadan olmuşam. 132 saylı orta məktəbdə təhsil almışam. 1999-cu ildə Dövlət İqtisad Universitetinə daxil olmuşam, 2003-cü ildə magistratura, daha sonra isə aspirantura pillələrini bitirmişəm. Ailəliyəm, övladım yoxdur.

– ANS-ə ilk gəlişiniz necə olub?

– Bu, 2003-cü ilə təsadüf edib. O zaman ANS-də işləyən jurnalist Anar Cəbrayıloğlu televiziya rəhbərliyinin göstərişi ilə iqtisadiyyat sahəsində yaza bilən jurnalist axtarmaq məqsədi ilə Dövlət İqtisad Universitetinə gəlmişdi. Seçim aparıldı, mən seçildim və staj keçmək üçün ANS-ə dəvət olundum. İki aydan sonra rəsmi olaraq işə qəbul olundum. O dövrdə ANS-də müxbir qıtlığı var idi, adam az idi. Bizi həm ehtiyac, həm də zərurətdən siyasət şöbəsinə keçirtdilər. Sonradan demək olar ki, bütün sahələrdə öz qüvvəmizi sınadıq. Beş aydan sonra efirə çıxdım. O zaman xəbərlərin səhər efiri var idi, orada özümü sınadım. Müxbirlikdən aparıcı redaktor, redaktor və baş aparıcı redaktor vəzifələrinə qədər yüksəldim. “Salam Azərbaycan” və “Xəbərçi”də işləmişəm, bir müddət “Hesabat” verilişinin aparıcısı oldum. Hazırda “Düzbucaq” layihəsinin rəhbəriyəm. Həftənin 6 günü axşam saat 12-də efirə çıxıram. Əsasən icmal, siyasi analitika və gündəmi müəyyənləşdirən mövzular üzərində işləyirik.

– Qonaqların gecə vaxtı efirə çağırılması ilə bağlı problemləriniz olur?

– Əlbəttə ki, çətinliklərimiz olur. Qonaqlarımızın hamısının gecənin bu vaxtı studiyaya gəlmək üçün şəxsi maşını olmur, maşını olanların bəziləri isə gecə saat 12-də ANS-ə gəlməyə razılaşmır. Ümumiyyətlə, layihəni hazrılamaqda əsas istəyimiz odur ki, vizual baxımdan fərqli bir şey olsun. Çünki gecə saat 12-də tamaşaçı cəlb etmək, onu yuxusuna haram qataraq verilişimizə baxmağa məcbur etmək çox çətindir. Çalışırıq ki, daha maraqlı mövzulara toxunaq. Son reytinq göstəricilərimiz heç də pis deyil. Bu, tamaşaçının xəbərə olan tələbatından asılıdır.

– Sizcə efirə yaraşırsınız?

– Məncə yox. Bizdə efirə çıxan jurnalistlər fərqləndirilir. Məsələn, bir neçə saatdan bir efirdə gedən xəbərlər proqramının aparıcısı xarici görünüş baxımından müəyyən mənada diqqət çəkən olmalıdır. Bu, dünya praktikasında da belədir. Bu bir faktdır ki, həmin xəbər buraxılışları tamaşaçıda maraq oyadır. Lakin elə verilişlər var ki, burada jurnalistin şəxsi keyfiyyətlərinə – nitq qabiliyyətinə, peşəkarlığına, verilişə çağırılan qonaqlarla rəftarına, diqqət ayrılır. Amma efirə çıxan aparıcının mütləq gözəl və yaraşıqlı olması şərt deyil. Bir sözlə, hər bir buraxılışın öz tələbi və şərti var.

– Bəzən ANS-i buna görə qınayırlar.

– Hər halda efir pavilyon deyil. Əlbəttə ki, biz tamaşaçıların istək və tələblərini nəzərə alırıq. Lakin əsas tələbimiz tamaşaçını operativ xəbərlə təmin etməkdən ibarətdir. Bəzən bu birinci məqsədimizə görə qınaq obyektinə çevrilirik. Hər birimizi Allah yaradıb. Gözəlliyi də, eyibi də verən Odur. Bu eyiblərə görə insanı qınamaq düzgün olmaz. Bir sözlə, zövqlər müxtəlifdir.

– Prezidentin bir sıra səfərlərində iştirak etmisiniz. Niyə məhz siz?

– 2005-ci ildən başlayaraq 3 il ərzində Azərbaycan prezidentinin xarici səfərlərində iştirak etmişəm və 20-dən çox ölkədə olmuşam. Bu xüsusi bir vəzifədir və məsuliyyət tələb edir. Yəni sən səfər zamanı prezidenti izləməli, onun görüşləri və verdiyi mühüm bəyanatları operativ şəkildə çatdırmalısan. Bu vəzifəyə müxbir seçimində təbii ki, peşəkarlığa daha çox önəm verilir. Nəzərə alın ki, həmin adam özü-özünün redaktoru olur. Həmin şəxs canlı yayımda telefon bağlantısı zamanı buraxdığı bir səhv, uğursuz bir sözə görə işindən azad edilə və ya töhmət ala bilər. Bu vəzifəyə seçimi baş redaktorumuz aparır və şirkətin vitse-prezidentlərinin rəyi öyrənilir. Mən onların rəyi nəticəsində bu səfərlərdə iştirak etmişəm.

– İsrail prezidenti Şimon Peresdən müsahibə götürmüsünüz. Hansı təəssüratlar var?

– Mən İsraildə bu ölkənin prezidentindən müsahibə alan ilk və yeganə azərbaycanlıyam. Bu, Şimon Peresin Azərbaycana ilk səfəri ərəfəsinə təsadüf etmişdi. Müsahibəyə razılıq aldıqdan sonra Qüdsə yollandıq. Uzun sürən yoxlamalardan sonra Prezident Aparatına çatdıq. Qarşı tərəfin razılığı ilə müsahibəni ingilis dilində aldım. Və səfər ərəfəsində böyük bir proqram hazırlayaraq efirə verdik.

Yeri gəlmişkən, bu müsahibə Davosda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Şimon Peres arasında yaranan “one minute” qalmaqalından sonra baş tutmuşdu. Həm bununla bağlı, həm Azərbaycana ilk səfərlə bağlı, ikitərəfli münasibətlər, Yaxın Şərq problemi, ümumiyyətlə yəhudi-müsəlman münasibətlərinə dair suallar ünvanladıq. Və o heç bir məhdudiyyət qoymadan, çəkinmədən suallarımızı cavablandırdı. Etiraf edim ki, bu mənim ən yadda qalan müsahibələrimdən biri idi.

– Əminsiniz ki, problemlərə “Düz bucaq”dan baxırsınız?

– Çalışıram desəm daha düzgün olar. Mənim düz baxış bucağım, digərləri üçün heç də düz olmaya bilər. Biz verilişə baxan tamaşaçının dediyimiz sözə rəğbət bəsləməsi üçün mamksimum dərəcədə çalışırıq. Yəni tamaşaçıların ürəklərində bizim hansısa məsələyə birtərəfli və ya səthi yanaşmağımıza dair şübhə qalmasın. Tam olmasa da ideala can atmağa çalışırıq.

– Efir zamanı ekstremal vəziyyətə düşmüsünüz?

– Kifayət qədər çox olub. Lakin adətən mənimlə bağlı belə vəziyyətdən danışılanda 2004-2005-ci il Gürcüstandakı “Qızıl gül” inqilabı yada düşür. Həmin vaxt mən efirdəydim. Bizim keçmiş xüsusi müxbirimiz Qənirə Paşayeva (hazırda millət vəkili – red.) Gürcüstandan canlı yayımla efirə qoşulmuşdu. O eyni zamanda həm əlində telefon canlı yayıma qoşulmuşdu, həm də bir əlində mikrofon Gürcüstanın hazırki prezidenti Mixail Saakaşvilidən müsahibə götürürdü. Efirə qoşulanda mən ona sual verdim, o cavab verdi. Lakin mən bir anlıq onun hansısa bir problemlə üzləşdiyini hiss etdim. Sən demə, o, Saakaşvilidən müsahibə götürən zaman ayağı sürüşərək yıxılmışdı (gülür). Bu məqamda mən ani olaraq ona sual verdim ki, “nə baş verdi orda? Necəsən?”. Yəni canlı efir zamanı mənim belə ifadələr işlətməyim istehza ilə qarşılanmışdı.

– Özünüzü daha hansı sahələrdə sınamaq istəyərdiniz?

– Mən ən çox nasir olmağı və klassik janrda nəsr yazmağı arzulayardım. Təəssüf ki, həvəsim olsa da, xüsusi bir qabiliyyətim yoxdur. Bəzən hansısa bir yazıçının öz növbəti kitabını oxucularına təqdim etməsi səhnəsinə həsəd aparıram. Milyonlarla oxucuya öz kitabını təqdim etmək – bu çox gözəl hisslərdir. Ümumiyyətlə mən kitab oxumağı çox sevirəm. Bu mənim mənəvi qidamdır. Müxtəlif janrlara müraciət edirəm. Avtobusda, metroda, harda boş vaxtım oldu kitab oxuyuram.

– Çox ölkələrdə olmusunuz? Ən xoşunuza gələni hansı olub?

– Mənim ən çox xoşuma gələn ölkə Sloveniyadır. Nəyə görə? Çünki həmin ölkədə şəhərlər meşələrin içində yerləşir. Bu ölkəyə Avropanın “Ağ ciyəri” deyirlər. Burada əhalinin sayı da çox deyil. Sloveniyanın Lyublyana və Bruno kimi şəhərlərində olmuşam. İnsan sanki bir anlıq cənnətə düşür. Hər tərəf yaşıllıq, maşın az, binalar meşələrin arasında itib – çox nadir bir görüntüdür. Avropanın ən məşhur mağarası olan Pastoyn burada yerləşir. Hollywood-un məşhur “13-cü döyüşçü” filmi bu mağarada çəkilib. Deməli, mağara yerin 2500 metr dərinliyində yerləşir. Onun özünəməxsus mikroorqanizmləri var. Turistlər bura xüsusi qatarla düşürlər, bəzən piyada da gedənlər olur. Dərinliyə düşdükcə temperatur – 40 dərəcəyə enir. Bu səbəbdən turistlərə xüsusi jilet, papaq və ayaqqabı verilir. Buranın suyu çox şəffaf və müalicəvidir. Ekspert və alimlər hesab edirlər ki, insanın həmin mağaraya girməsi dünyanın ən məşhur müalicə mərkəzlərində bir aylıq müalicə kursu keçməsinə bərabərdir. Ora bir dəfə düşüb-qalxan şəxs 1 il müddətinə xəstələnmir. Mən özüm bunun şahidi olmuşam.

– İngilis dilini bildiyinizi öyrəndik. Daha hansı xarici dili bilirsiniz?

– İngilis, rus və bir də fransız dilində bir neçə kəlmə bilirəm. Dil bilməyim sözsüz ki, xarici səfərlər zamanı mənə çox kömək olur. Əgər xarici ölkəyə getmisənsə və ən azı ingilis dilini bilmirsənsə çox böyük çətinliklərlə üzləşirsən.

– Məzuniyyətinizi əsasən harda keçirdirsiniz?

– Mən adətən məzuniyyət vaxtlarında İsmayıllı rayonunun Sulut adlanan dağ kəndinə üz tuturam. Burada demək olar ki, cənnətə məxsus hər şey var: bulaq, təmiz hava, çay, yaşıllıq zona, münasib iqlim.

– Dövlət və qeyri-dövlət qurumlarının jurnalistlərlə münasibətindən razısınız?

– Şəxsən mənim dövlət qurumları, dövlət rəsmiləri və ya mətbuat xidmətləri ilə əlaqə yaratmaqda heç bir problemim olmayıb. İmtina halları olub, lakin sonda mən öz istədiyim informasiyanı almışam.

– Mətbuat Şurasının rəhbəri olsaydınız, nələri dəyişərdiniz?

– Bu gün insanların qəzetlərə olan münasibəti dəyişib, bu nəşrləri oxuyanların sayı azalıb. Bu istiqamətdə yeni bir yanaşma fikirləşərdim. İnternet-media vüsət aldığından qəzetlər dəbdən düşüb. Çox az sayda insan, əsasən yaşlı nəsil qəzet oxuyur. Və qəzetlərin əsasən məqalələrə, araşdırmalara deyil, xəbərlərə üstünlük verməsi məni qane etmir. Bəlkə də bunun da maddi səbəbləri var. İnsanlar fərqli bir beyin məhsulu istəyir. Yəni bu istiqamətdə nəsə etməyə çalışardım. İnternetlə bağlı yeni bir layihə fikirləşərdim.

– İdmanla məşğul olursunuz?

– Həvəskar şəkildə ağırlıq qaldırma ilə məşğul olmuşam. Futbol oynamağı, üzməyi çox xoşlayıram. Yay aylarında üzgüçülüyə yazılıram. Məncə insan üçün vacib olan idman növü üzgüçülükdür. Bu yeganə idman növüdür ki, insanın bütün əzələləri işləyir.

– Futbol üzrə yığma komandamız niyə bu gündədir?

– Mən “Hesabat”da işləyəndə milli komandamızın alman baş məşqiçi Berti Foqtsla müsahibəm olmuşdu. Onunla ünsiyyətdə olanda belə başa düşdüm ki, bizdə insanların və futbolçuların futbola yanaşması düzgün deyil. O dəfələrlə bildirib ki, bizdə yanaşmada səhvlər var. Bir futbol azarkeşi kimi deyə bilərəm ki, bizim futbolçularda ruh yüksəkli çatışmır. Düşünürəm ki, komandada stabillik yaratmaq və onlara vaxt vermək, eyni zamanda cavan nəsildən futbolçular yetişdirmək lazımdır. Əgər gənclərimiz bu gün böyük hesabla məğlub olurlarsa, sabahsı gün heç-heçə edər, daha sonra qələbələri sıralayarlar. Əsas odur ki, komandada kök yaradasan. Məncə Berti Foqtsa şans verilməlidir.

– ANS PRESS oxucularına nə sözünüz var?

– Sizə arzum odur ki, çox oxunasınız. Mən özüm də ANS PRESS-i oxuyuram və sizin saytınızı digərlərindən fərqləndirirəm.

Oxuculara gəldikdə isə, düşünürəm ki, insanda zövq olmalıdır. Mən onlara daha çox kitab və əsər oxumağı tövsiyə edirəm. Çünki zövq bu zaman formalaşır, eyni zamanda insanın həm düşüncə tərzi, həm ziyalılıq səviyyəsi artır, səbr yaranır, digərlərinə qarşı xoş münasibət yaranır. Bəlkə də mən səhv edirəm, lakin bu mənim üçün “Düz bucaqdır”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO