Anar Çingiz Abdullayevi necə parodiya etdi?

Kulis.Az Anar Rzayevin “Paqonlu kabuslar” hekayəsini Mahir Qarayevin tərcüməsində təqdim edir.
“Literaturnaya qazeta”nin redaksiyasindan
“12 stul klubu”nun budəfəki debütü bir qədər qeyri-ənənəvidir: “Literaturnaya Qazeta”nın 16-cı səhifəsində ilk dəfə olaraq hansısa təcrübəsiz, imzasını tanıtmaq istəyən, yaxud şöhrət tamarzısı olan gənc qələm sahibi deyil, yetərincə şöhrətli və yüksək peşəkarlıq səviyyəsinə malik sənətkar – Azərbaycanın görkəmli yazıçısı Anar çap olunur. Bizim səhifəmizdə ilk dəfə çap olunduğunu, eyni zamanda bu çıxışın satirik stixiyada, daha dəqiq desək, nəsr parodiyasının son dərəcə ağır zəhmət tələb edən bir janrında yazıldığını nəzərə alsaq, deməliyik ki, bu həm də Anarın ikiqat debütüdür. Məsələ orasındadır ki, oxuculara təqdim etmək istədiyimiz bu əsər indiyəcən yazılmış saysız-hesabsız “casus” romanlarına, Lubyanka haqqındakı detektivlərə, oddayanmaz-sudabatmaz çekistlərdən bəhs edən son dərəcə oxunaqlı janrın nümunələrinə – kütlə üçün hesablanmış bədii cəhətdən zəif əsərlərə bir parodiyadır.

Vladimir Volin

PAQONLU KABUSLAR

(Çingiz Abdullayevə dostluq və məhəbbətlə)

Hər şey fanidir…

Çar Solomon

(müəllif çar Solomonun sözlərinin həqiqiliyinə zəmanət

verir və iddia qaldırılacağı təqdirdə məhkəməyə müvafiq

dəlil-sübutları təqdim etməyə hazırdır – bax: Y.Yaroslavski.

“Möminlər və dinsizlər üçün Bibliya”).

O tempora, o mores!

Siseron

(Dövrana bax, dəbə bax! – latınca

əslindən tərcümə müəllifindir)

Paris ibadətə dəyər.

Moskva göz yaşlarına inanmır.

Bütün yollar Romaya aparır.

DTK-nın dünyanın

cəmi şəhərləri üzrə Yolbələdçisi

“Alma-mater” – köhnə adı Lubyanka olan (indi təzədən Dzerjinski meydanı adlandırılan), külli-kainata həm qorxu, həm də heyranlıq duyğuları aşılayan möhtəşəm binanı bu cür adlandır-maq düzgün olmasa da, onun – Dronqonun ömrünün xeyli hissəsi, üstəlik də ən xoş dəmləri, ən kef çəkməli əyyamları məhz burda – adı böyük hərflərlə yazılmağa layiq bu əzəmətli evin himayəsində keçmişdi. Böyük sanskrit, ivrit, papauas, əski eskimos, ritual-Tibet dillərində, istisnasız olaraq bütün Qrenland dialekt və ləhcə-ləri də daxil olmaqla sivil azsaylı bəşəriyyətə bəlli yetmiş iki dildə oxumağı da, yazmağı da, pozmağı da, bülbül kimi ötməyi də, hərdən balıq kimi susmağı da bacaran, həmçinin əla karateçi, samboçu, boksçu, cüdoçu, paraşütçü olan 17 yaşlı bu növcavan plaş və qılınc cəngavərinin çətin və nəcib peşəsinin sirlərinə Kədərli Cəngavər Surəti haqqında romanlar müəllifinin peşəsi ilə həmahəng surətdə vaqif olmuşdu. Dronqo məhz burda – əvvvəlcə YAT-da (Yerli Axtarış Təşkilatı), sonra BAT-da (Beynəlxalq Axtarış Təşkilatı), nəhayət SAT-da (Siyasi Axtarış Təşkilatı) xüsusi kurslar, ümumi məşğələlər keçmişdi.

Və budur, indi o yenidən bu möhtəşəm binanın məhrəm ağuşundadır – bu dəfə öz doğma cənub diyarındakı şəhərdən xüsusi şifrəli çağırışla (bu çağırış “Styopa dayı” kitabının prezentasiyasında iştirak etməkçün ezamiyyət kimi rəsmiləşdirilmişdi) və “kabuslardan” (şah Abbası taxtda, Nadir şahı qundaqda görmüş çekistlərin gizli ləhcəsində rəsmən ölmüş sayılan, əslində isə mövcud olan və başqa ad-soyadlarla fəaliyyət göstərən çekist kadrlar belə adlanırdı) birinin şifroqramına əsasən uçub gəlmişdi.

Beləliklə, Dronqo divarları palıddan olan, üzəri qoz ağacıyla işlənib, dəridən örtük çəkilmiş kabinetdədir. Tam təminat naminə bu dekorasiyanın altında qırmızı ağacdan, sementdən, üzərinə adi davar kağızı çəkilmiş dəmir betondan ibarət bir neçə qat da vardı; Dronqo da təbii ki, bundan agah idi – əgər kimsə, nə vaxtsa (baxmayaraq ki, praktiki olaraq bu əsla mümkün iş deyil-di) xəlvəti guşənin axtarışı həvəsinə düşüb həmin qatları lay-lay eşib töksəydi belə, əzəl-axır Moskvadakı və haçansa onun vətəni olmuş nəhəng ölkənin irili-xırdalı cümlə şəhər-kəndlərindəki kommunal mənzillərin divarlarına çəkilmiş adi kağızla rastlaşacaqdı.

Və bu da məlum həqiqət idi ki, indi qəfildən onun vətəninə çevrilmiş cırtdan ərazidə nə belə kağızlar vardı, nə bu cür kommunal mənzillər, nə də eynən bu sayaq paqonlu “kabuslar” – bu acı həqiqəti Dronqo qəfil təəssüf hissilə dərk etdi. Ötən əyyamların, “vahid qardaşlıq ailəsinin”, Karel göllərindən tutmuş Kuril cəzirə-lərinəcən sərələnmiş nəhəng dövlətin, azman məmləkətin nostaljisi son vaxtlar onun qəlbinin dərinliklərində soyuyub səngimək bilməyən həzin sızıltılara çevrilmişdi. Kuril cəzirələrini anarkən Dronqo hiddətlə düşündü ki, cızığından çıxaraq bütün hədləri və sədləri aşmış azğın yaponlar hələ üstəlik haçansa onlara məxsus olmuş adalara öz mıxlarını çalmaq xəyalına düşüblər; elə Finlandiya da bir vaxtlar qonşusu Kareliyaya məhz bu cür – amansız Qoliafın letargiya yuxusundan istifadə edən David ədəbsizliyi ilə tamah salmışdı.

Təyin olunmuş vaxt Dronqo üst-üstdən iki dibi olan dəri üzlü kresloda əyləşmişdi. Yaxşı bilirdi ki, bu altlıqların birində İsraildə istehsal edilmiş xüsusi cihaz gizlədilib və onun vasitəsilə kresloda əyləşənin mədəsinin qurultusuna əsasən ürəyinin necə döyünməsini, döyünməyə uyğun olaraq da, şəxsin ruhi vəziyyətini tam dəqiqliyi ilə müəyyən etmək mümkündür. Ətrafdakıların nəzərinə çarpdırmadan vaxtdan xəbər tutmaq imkanı əldə etsin deyə, jiletinin üçüncü düyməsinə keçirilib quraşdırılmış elektron saata göz yetirəndə SAT şefinin qeyri-dəqiqliyi Dronqonu heyrətə saldı: görüş təyin olunan vaxtdan nə az, nə çox – düz qırx saniyə keçmişdi. O həm SAT generalı, yeri gəlmişkən deyək ki, həm də YAT və BAT-ın digər zabitləri kimi əsl peşəkar idi; əsl peşəkar üçünsə bəzən qırx saniyə gecikmək bütöv bir ölkənin, bəlkə bütün kürreyi-ərzin itirlməsi ilə nəticələnə bilərdi.

Dronqo 1964-cü ildə Moskvadan Fici adasına edilən telefon zənginin otuzca saniyə yubanması ucbatından o zırpılıqda Çinin bir milyard bəndəsilə bahəm, ardınca da Şimali Koreyanın, Vyetnamın, Laosun, Kampuçiyanın, ən axırda da Monqolustanın və Anqolanın əldən çıxmasını xatırladı. Ancaq bütün bu ifrat dərəcədə səhih haqq-hesabla yanaşı, Dronqo otağın küncündəki çox nataraz soyuducunun məxsusi olaraq açılmış kiçik dəliyindən artıq 50 saniyə ərzində öz qonağına göz qoyan SAT generalının yüksək peşəkarlıq səviyyəsini hər halda dəqiq dəyərləndirə bilmədi. Elə soyuducu da bayırdan baxanda soyuducu idi; əslində onun pərdələnib maskalanmış xəlvəti qapısından xüsusi eskalatorla metropolitenin xəritədə heç izi-tozu da olmayan gizli stansiyasına enmək su içmək qədər asan idi və adi metro qatarlarının üzünə bağlı olan məxsusi relslərlə Uryupinskinin ucqarlarına qədər getmək mümkündür. Burda isə SAT-a məxsus kosmodrom və bu kosmodromda günəş sisteminin istənilən guşəsinə uçmaq üçün istənilən saniyə havaya qalxmağa müntəzir dayanan kosmik gəmilər vardı. Bütün cidd-cəhdlərə və trilyonlarla dolları havaya sovurmasına baxmayaraq MKİ, FTB, MOSSAD, İNTELİCENS SERVİS xidmətləri həmin kosmodromun varlığı və harada yerləşməsi barədə heç nə aşkarlaya bilməmişdilər; kosmodromun varlı-ğından və yerindən bu dünyada cəmi-cümlətanı üçcə adam xəbərdar idi – SAT generalı, adını dünyada heç kəsin, hətta heç özünün də bilmədiyi baş konstruktor, bir də gözətçi Vasya dayı.

***

Dronqo bu fövqəlgizli obyekt barədə yalnız öz analitik təfəkkürünün, bir qayda olaraq, dünyanın bütün aparıcı və aparı-lan ölkələrinin kəşfiyyat və əks-kəşfiyyat xəritələrini çaşbaş salan qeyri-adi dərrakəsinin köməyi sayəsində öyrənib bilmişdi. Məsələ orasındadır ki, generalın içəndə mütləq üçadamlıq heyətdə içmək şakərindən təsadüfən xəbər tutan Dronqo anlamışdı ki, həmin tərkibdə ikinci adam lap yəqin ki, baş konstruktor olasıdır və burasını anlayandan sonra yeni yapon firması AUM SENRİKE kompüteri vasitəsilə baş konstruktorun tərcümeyi-halından hali olub, onun uşaqlıq dostu Vasili İvanoviçin adını asanlıqla öyrənmişdi. Yerdə qalanlar, necə deyərlər, texniki məsələlərdi və Dronqonun peşəkarlığı qarşısında elə bir ciddi əngəl törətmirdi; o, İnternet vasitəsilə Vasili İvanoviçin – Vasya dayının Uryupinskinin qırx iki kilometr yetmiş metr iyirmi səkkiz santimetrliyində olduğunu müəyyənləşdirəndən sonra burada yerləşdirilən fövqəlgizli obyektin yerini millimetrinəcən ölçüb hesablamışdı.

İndi soyuducu tərəfdən gələn “Ağdam” portveyninin kövrək qoxusunu hiss edən Dronqonun dərhal dalağı sancdı. Bir tərəfdən ona qatmaqarışıq duyğular hakimdi; o son dərəcə məhrəm xatirələrə dalmışdı, digər tərəfdən, rasional analitik dərrakəsi hesabına düzgün qərar çıxartmağa çalışırdı. Şəxsi hissləri həmişə olduğu kimi ötüb keçmiş illərin həzin həsrətinə bələnmişdi. Portveynin qoxusu ona ötən əzəmətli və gözəl əyyamları xatırladırdı. O əyyamları ki, istər adına Zəhmətkeşlərin Birinci Ölkəsi de, istər Proletariatın Vətəni; istərsə də onu lap Şər İmperiyası adlandır, fərqi yoxdur, azman məmləkət dünyanın quru hissəsinin altıda birini tutmuşdu və onun Taymırdan Pamirəcən göz işlədikcə uzanıb gedən ucsuz-bucaqsız ənginliklərində camaat eyni “Ağdam” çaxırından gillədirdi. Və hazırda SNQ (Dronqo acı rişxəndlə düşündü ki, bu miskin abbreviaturanın məhz Q hərfilə bitməsi əsla təsadüfi deyil) kimi işarə edilən nəhəng ərazini başına götür-müş bütün bu bərli-bəzəkli viskilər, şerri-rendilər, cin, vermut və likörlər yalnız ona xidmət edir ki, canbir qəlbdə yaşayan adamları bir-birindən ayırsın. İndi hər kəs təkbaşına içib təkbaşına da ölür. Bəs bu sağlam kollektiv duyğusu hara qeyb oldu? Harda qaldı o günlər ki, insanlar içmək eşqinə düşəndə də cütləşir, nəinki cütləşir, hətta üçləşirdilər…

Üç. Dronqo bu rəqəmin dini-mövhumi mənası üzərində baş sındırmağa girişdi. Necə deyərlər, Allah da “üçlüyün” tərəfindədir, atalar da üçdən deyib; sonrasına qalanda – üç bahadır, üç muşketyor, üç gonbul, Üçüncü İnternasional; elə Moskva da üçüncü Romadır. Şişkinin şam meşəsində üç çoşka, üç ayı var; elə marksizm də üç mənbədən və üç tərkib hissədən qidalanmışdı, nəhayət əsli-nəsli bilinməyən murdar, mənfur demokratlar tərə-findən dəfələrlə lənətlənmiş, rüsvay edilmiş, şərlənmiş, ləkələnmiş NKVD üçlüyü…

Bütün bunlar itirilmiş Keçmişi xatırlatmaqla Dronqonun qəlbini nostalji hisslərlə ehtizaza gətirir, onu əməlli-başlı qəribsədirdi. Əlbəttə, həmin Keçmişin qayıdacağına Dronqo ürəkdən inanırdı, qəti əmin idi ki, bu Keçmiş gələcəkdədir, ancaq nə yazıqlar ki, bu gündə deyildi. “Sən ey Üçatlı kirşə, hara çapırsan belə? Yaxşı ki, hələ “Vesti” proqramı ekranlara üç atla qədəm basır; yaxşı ki, şalvar-pencək-jilet üçlüyündən ibarət “troyka” kişi kostyumlarını yasaqlamaq hələ başabəla demokratların ağlına gəlməyib” – Dronqo zirehli jiletin düymələrini sığallaya-sığallaya düşüncələrə qərq olmuşdu.

Ancaq heç bir şübhə yeri yox idi: çaxır qoxusu soyuducu səmtdən gəlirdi və bütün alternativ variantları əlbəəl beynində vurub-çıxan Dronqo qoltuğundakı parabelluma yüngülcə toxunub soyuducuya tərəf yeridi. Bu cür əlüstü vurub-çıxmağı, cəld hesablamağı elə SAT generalı da bacarırdı; onlar hər ikisi yüksək səviyyəli xalis peşəkarlar idi, ancaq saniyənin neçədə birinisə Dronqo daha çevik hesablamışdı və aradakı məsafəni iti addım-larla bir andaca qət edib sərt hərəkətlə soyuducunun qapısını taybatay açdı.

– Salam, general! – dedi.

– Sizin fenomenal analitik səriştənizdən mənə çox danışıblar, ancaq bu dərəcədə çevik reaksiyanı, doğrusu, gözləmirdim. Neynək, gəlin tanış olaq, Dronqo, – deyə general əlini şəstlə irəli uzatdı. – Yejov.

– Neynək, hesab edərik ki, həqiqətən belədir…

Dronqo aşkar eyhamla cavab verib, bununla da generala çox incəliklə qandırdı ki, bəs məlumatı yetərincədir: yəni qarşımdakının “Yejov” deyil, “Yaqoda” olduğundan yaxşı xəbərdaram. Amma hər halda burası onluq deyildi; indi Dronqo nədənsə qəfildən vətəninə çevrilmiş tamamilə başqa bir dövlətin vətəndaşı idi. Di gəl, buna baxmayaraq vaxtaşırı, təqribən həftədə iki dəfə Moskvadan – ya “Beriya”dan, ya “Menjinski”dən, ya “Vışinski”dən, ya “Andropov”dan, ya da “Kryuçkov”dan çağırışlar alırdı. Təbii ki, butun bu soyadların həqiqi olmadığını yaxşı bilirdi; yəni BAT generalı “Menjinski” əslində YAT polkovniki “Vışinski” idi, “Beriya” gerçəkdə “Mikoyan”, “Mikoyan” özü isə “Primakov” idi. Konspirasiya məqsədilə bəzən SAT, YAT və BAT zabitləri özlərini QAT (Qabaqcıl Axtarış Təşkilatı), ÇAT (Çöl Axtarış Təşkilatı), yaxud MAT (Məxfi Axtarış Təşkilatı) intendatları kimi qələmə verirdilər.

– Belə eşitmişəm ki, siz bizim təklifə razılıq vermirsiniz, – deyə özünü “Yejov” kimi qələmə verən “Yaqoda” dilləndi.

– Xeyr, – Dronqo qətiyyətlə cavab verdi, – mən daha bu oyundan çıxmışam. Bir də nəzərə alın ki, indi mən tamamilə başqa bir dövlətin vətəndaşıyam.

– Bu heç, burası bizlikdir, yoluna qoyarıq, – deyə “Yaqoda” – “Yejov” gülümsədi. – Əgər siz qısa müddətə bizim planımızın həyata keçməsinə kömək etsəniz, nə siz, nə də sizin dövlətiniz bizlər üçün daha yad olmazsınız.

Dronqo fikrə getdi: “Görəsən həqiqətən də bu şəxs kimdir və hardandır: SAT-dan, YAT-dan, BAT-dan, QAT-dan, ÇAT-dan, yoxsa MAT-dan? Görəsən onun gerçək soyadı necədir?” Əlbəttə, Dronqo çox istəsəydi, müəyyən müddətə müsahibinin kimliyini, nəçiliyini və soyadının necəliyini dəqiqləşdirə bilərdi, axı soyadla-rı araşdırmaq üzrə o, dünyanın üç (ah, yenə bu məlum rəqəm!) mütəxəssisindən birisi idi. Misal üçün, yalnız sadəlövh adamlar elə zənn edirər ki, Stalinin əsl soyadı Cuqaşvilidir; Lenin, Ulyanov və Blank isə eyni adamdır. Daha maymaqlarsa indiyənəcən də elə düşünürlər ki, Qızıl meydandakı Mavzoleydə ümumxalq tamaşasına verilən saralmış mumiya (hansı ki, əl-ayaq dırnaqları bugünəcən də uzanır) məhz o şəxsinkidir. Amma həmin adam əgər həqiqətən Lenin olmuş olsaydı, təkcə elə Dronqonun bu sirri bilməsinə görə öz tabutunda, daha doğrusu, öz məqbərəsində üç dəfə o üz-bu üzə çevrilərdi.

Yeri gəlmişkən, əsl peşəkar olan Dronqo Azman Məmləkətə canla-başla qulluq göstərdiyi vaxtlarda bu dunyaya ağalıq edənlərin təkcə elə bu sirrinimi bilirdi? Əsla! O Azman Məmləkəti Belovejsk meşəsində üç növcavan (pərvərdigara, yenə üç!) biabırcasına bada vermədimi?! Onlardan biri sonralar dirijor kimi məş-hurlaşdı; keçmiş sovet diviziyalarını Almaniyadan – əski Sovet torpaqlarından məhz onun rəhbərlik etdiyi orkestrin sədaları altında çıxartdılar. Müsibətə bax ki, musiqi də saxta səslənmişdi: ya musiqiçilər qədərincə içməmişdi, ya da dirijor qədərini aşmışdı. Ancaq hər şey xeyli öncədən başlamışdı – onların MKİ-si bizim AT-ların (Axtarış Təşkilatları) hamısını geridə qoyub hər yerə öz nüfuzlu casuslarını yerləşdirmişdi və bu casuslardan birincisi şeytan nişanəli, iblis qaşqalı adam idi.

Həmin vaxt Dronqo Himalayda podaqra xəstəliyindən müalicə olunurdu, yoxsa Azman Məmləkətin dağılmasına heç vəchlə yol verməzdi. Bir zamanlar vahid və nəhəng vətəni olmuş Azman Məmləkətin dağılmasında şəxsi günahının olmasını Dronqo bu günəcən özünə bağışlaya bilmirdi. O nəhəng Vətəni bütöv əskinassayağı xırdalayıb müstəqillik adıyla hərəyə qəpik-quruş kimi paylamışdılar. Himalayda müalicə bəhanəsilə Dronqo əslin-də amerikan kəşfiyyatının Nepaldan olan rahib-rezidentlərinə göz qoyurdu; göz qoya-qoya da “Mayak”la Xalq Deputatları Qurultayından radiotranslyasiyanı dinləyərkən xüsusi Holland cihazı vasitəsilə alqışların uğultusunun, öskürəklərin xışıltısının artıb-azalma dərəcəsini tutuşdurub nüfuzlu casusların sayı ilə deputat-ların ümumi sayı arasındakı nisbəti dəqiq müəyyənləşdirmişdi. Nisbət heç də ürəkaçan deyildi və zorakılığı əsla xoşlamayan Dronqo nepallı rahib-rezidentlərin əl-qolunu sarıyıb Budda məbədinin zirzəmisində gizləyəndən sonra onları qarşıdakı beş il üçün zəruri qida məhsulları ilə təmin edib, bu işi məxsusi olaraq tutub əhliləşdirdiyi Qar Adamına tapşırmışdı.

Çıxmayan cana ümid çoxdur, deyiblər və Dronqo da ilk uçaqla Moskvaya şığıyıb nicatı mümkün olan şeyləri xilas etmək qərarına gəlmişdi. Katmandudan birbaşa reyslə düz Moskvaya uçmaq əlbəttə ki, risq tələb edirdi; artıq dörd bir tərəfdə Qarabağ kartını ortaya atıb körükləyən erməni diasporunun casusları onu ovlaya bilərdi. Dronqo qət etdi ki, hamının başına səbət hörsün; bu məqsədlə də təyyarələri və reysləri əlüstü dəyişə-dəyişə Ceyms Bondun adına verilən pasportla Sinqapurdan, Sidneydən, Madaqaskardan, Qonoluludan, Keyptaundan, Neapoldan, Amsterdamdan, Stokholmdan adlayaraq nəhayət Rio-de-Janeyroda yerə endi və xüsusi olaraq kosmik əlaqə kanalıyla xəbərdar edilmiş rezident onu Liberiya bayrağı altında üzən bolqar sualtı atom qayığına ötürdü.

Sualtı atom qayığı rəqibləri çaşdırmaq və güman edilən əsas marşrutdan yayındırmaq naminə Panama kanalının böyründən sivişib, Süveyş kanalının altından keçdi, sonra da Hind okeanından, Atlantik okeandan, Sakit okeandan, Şimal Buzlu okeandan adlayıb, Dronqonu Peruya gətirib çıxartdı ki, burada da yerli hindu qəbiləsinin başçısı Kata-Pulta (əslində – “Ştazi”nin mayoru Vladimir Volf ) ona Oldriç Eymsin adına pasport verib dirijablda Alyaskaya ötürdü. Alyaskada, boğazın o üzündə ölkəsinin ərazisi başlanırdı, ancaq Dronqo sərhədi pozmaq kimi rahat və yüngül işi özünə rəva bilməzdi – axı bu çox asan, dedikcə sadə işdi; rəqib onu əlüstü ifşa edərdi. Və bu səbəbdən Dronqo öz simasını son günlər üçüncü dəfə dəyişməli olmuşdu. Eskimos fəhlə və kommunist hərəkatının veteranları, əslində DTK-nın məxfi bölməsinin üzvləri olan eskimos balıqçıları sifətini dəyişməkdə ona kömək etdilər; elə də çətin başa gəlməyən tibbi-kosmetik əməliyyatın nəticəsində Dronqo çox asanlıqla qadın qiyafəsinə düşdü.

***

Kosmetik əməliyyat təkcə sifətdə aparılmışdı, qalanına Dronqo dünyasında razı olmazdı. Beləcə o, məşhur siyasi xadim baronessa Koksun görkəmində böyük məbləğə bir ərəb şeyxinin hərəmxanasına satıldı. Şeyx altı qırıcı təyyarədən ibarət mühafizə dəstəsi olan xüsusi aerobusu Dübeydən Alyaskaya göndərdi və 12 saatdan sonra Dronqo altun qapılarla, mərmər pilləkənlərlə, şərbət fəvvarələri və süd gölləri ilə süslənmiş zəngin hərəmxanada peyda oldu. Öz halalca malının başqa cinsə mənsub olduğunu öyrənəndən sonra ehtirası bir az da cuşa gələn son dərəcə çılğın və hövsələsiz şeyxin istəklərindən yaxa qurtarmaq üçün Dronqo öz qeyri-adi dərrakəsinin bütün incəliklərini və sözün əsl mənasında yüksək ixtisaslı peşəkar fəndlərini işə salmalı oldu. Zövqü-səfa və keyfin indiyəcən xoruz səsi eşitməmiş fantastik vədləriylə şeyxin saqqızını oğurlayan Dronqo axır ki, hərəmxanadan canını qur-tara bildi. Düzdür, bu o qədər də asan başa gəlmədi – bundan ötrü Dronqo bir neçə saatın ərzində şeyxin qırx kənizindən otuz beşinə kef vermək zorunda qaldı (daha neyləmək olardı?) və sübh çağı bədənində yüngülcə yorğunluq hiss etsə də, qarşısında duran vəzi-fənin ümumdünya önəmini bir an da unutmadan ağır zəhmətini uğurla başa çatdırdı. Səhər erkən təpədən dırnağacan pərəncəyə bürünmüş halda o, Q.Novovoytovanın pasportuyla SSRİ adlanan ölkənin – həmin ölkənin ki, hələ nimdaş tikməni xatırladan indiki xəritələrdə olduğu kimi deyildi; o vaxtkı xəritələrdəki kimi vahid al-qırmızı rəngiylə göz oxşayırdı – hava sərhədini keçdi.

Elə görünürdü ki, sanki hər şey qaydasındadır: yəni, Dronqo bir quş qanadında özünü hadisə yerinə yetirib ölkəni dağılmaqdan xilas etməyin ikicə addımlığındadır. “Şeremetyevo-2” hava limanının qadınlara məxsus ayaqyolusunda pərəncəni tez-tələsik əynindən soyunub ataraq fortoçkadan özünü kişilərə məxsus ayaqyoluna saldı; çox bahalı və qəşəng olan qırxhörüklü pariki başından çıxarıb ondan uzun saqqal və Rutskoyunku sayaq lopa bığlar düzəldib taxdı. Adəti üzrə, öz sevimli “Pekin” mehmanxanasına düşdü. Dərhal duş qəbul eləyib üzünü qırxdı, ətirlənib telefonla nahar sifariş etdi; televizorun, eyni vaxtda da skeller və skemblerin kənardan dinləməni əngəlləyən xüsusi cihazların düyməsini basdı; güman ki, nömrə nəzarət altında idi və Dronqo istəmirdi ki, rəqib onun hansı televerilişə üstünlük verməsi barədə əlavə məlumat toplasın.

İyirmi dəqiqədən sonra nömrənin qapısı döyüldü.

– Buyurun, – deyə Dronqo qətiyyətlə dilləndi; daha iyirmi saniyədən sonra nəinki təkcə onun, həm də nəhəng superdövlətin taleyi həll olundu. Qapıda ilahi gözəlliyə malik elə bir ofisiant xanım dayanmışdı ki, öz varlığıyla şeyxin hərəmxanasındakı qırx hərəmin qırxının da qiymətini bir göz qırpımında Dronqonun gözündə üçcə qəpiklik (!) elədi. Anlamaq əsla çətin deyildi ki, bu təbiət möcüzəsi ofisiant nədi, ən ölü yerindən bir ölkənin, nəinki bir ölkənin, bəlkə üstəlik bir neçə xarici xüsusi xidmətin hallıca-dulluca polkovniki idi ki, durmuşdu. Libası da deyilənlərə muğayir deyildi – əynində Sen-Loran koftası, Karden yubkası, üst-başında Tiffani ləl-cəvahiratı, ayaqlarında Valentino tuflisi. Beş nömrəli zərif “Şanel” qoxusuna altı nömrəli zərif “Şanel” qoxusu qarışmış, üstünə bir damcı da “Kristian Dior” əlavə edilmişdi. Şinyonu “Klayn” firmasına məxsusdu, kirpikləri “Maks Faktor” firmasına, dişləri isə Beverli-Hilzli diş həkiminə. Peşəkar gözlər-dən o da yayınmadı ki, qızın geniş sinəsinin görkəmi təbiətin ilahi möcüzəsi yox, silikon məhsuludur.

Ofisiant xanım – əsl Mata-Xari – qab-qacağı masa üzərinə düzərkən Dronqo fürsət tapıb qızın cibindəki balaca çantanı hiss olunmadan çəkib çıxartdı və onunla (hələ ki, qızla yox, çanta ilə) birgə yuyunmaq bəhanəsilə hamam otağına keçdi. Öz gümanında zərrəcə yanılmamışdı: çantada səssiz atan tapança, birində hamiləliyə qarşı, digərində zəhər həbləri olan iki flakon, Moskvanın, Monte-Karlonun, bir də neyçünsə Ulan-Udenin məxfi obyektlərinin xəritələri, ratsiya, kosmik rabitə telefonu, 50 kilometrlik məsafədən istənilən danışığı tuta bilən kiçik aparat, qaranlıqda görmə cihazı, Maşa Rasputinanın konsertinə iki, kazino, kitabxana və Sandunov hamamına üst-üstdən üç bilet vardı. Əlbəttə ki, skeller və skembler də öz yerində. Bunlardan başqa çantada müxtəlif ad-soyadlara verilmiş bir neçə pasport, Pskovdakı körpələr evinə (Dronqo həmin körpələr evinin DTK yuvalarından biri olduğundan xəbərdar idi) və San-Fransiskodakı feminist qadınlar klubuna (bu yuvada ABŞ kəşfiyyatı işləyirdi) daxil olmaq üçün buraxılış vəsiqəsi vardı. Təbii ki, bütün bunlar Dronqodan ötrü yenilik deyildi və əl boyda çantanın içini ələk-vələk edərkən məhz bu şeyləri görəcəyinə əsla şübhə etmirdi. Onu mat qoyan bircə şey oldu: döşün ölçüsünü böyütmək üzrə sığorta şirkətinin qəbzi – qəbz zəmanət verirdi ki, sevişmənin qızğın anlarında partnyor öz tərəf-müqabilinin, yəni zərif cinsin məməsini dişləsə, şirkət həmin varidatın sahibinə dəymiş mənəvi və fiziki ziyanın əvəzini müvafiq məbləğdə ödəyir; xüsusi ekspert komissiyasının diş yerinin kişi xeylağına aid olub-olmadığını müəyyən etməsi ayrıca olaraq nəzərdə tutulmuşdu. İt qapmasının, qadın dişləməsinin və dişləmin protez dişlərlə edilməsinin əvəzi ödənmirdi.

Dronqonun analitik dərrakəsi bu cür hallarda vərdişkar olduğu EHM sürətiylə vurub-çıxmağa başladı. Çantadakı şeylərin hamısını fərz etmək mümkündü, ancaq bəs bu dişləmədən sığorta nəmənəydi? Dronqo sualın cavabını qəfildən – dezodorantı üstünə növbəti dəfə fısqırdanda tapdı. Sən bir işə bax! Necə olub ki, o bunu qabaqcadan anışdıra bilməyib? Dronqonun bu və ya başqa şəkildə əzəl-axır çanta ilə tanış olacağını aşkarca bildiyindən, qız sığorta qəbzini ora qəsdən qoymuşdu. Məqsəd? Məqsəd bu idi ki, Dronqo döşlərin həqiqətən silikon olmasına, büsqalterin altında başqa heç bir şeyin gizlədilmədiyinə inansın. “Elə bax burdaca ilişmisən!” – Dronqo düşündü. İndi o artıq dəqiq bilirdi ki, bu kəşfiyyatçı ofisiantla necə davranmaq lazımdır və ölkəni dağılmaqdan necə xilas etmək mümkündür.

Suyu baçoka buraxıb otağa keçdi. Bir neçə hərarətli söz, incə nəvaziş, qılıqlı səs, süzgün baxış, üstəlik də televizordakı Puqaçova-Kirkorov dueti (çox yerinə düşdü bu duet) hər şeyi asanlıqla qaydaya saldı. Əvvəlcə Valentino, sonra Tiffani, sonra Sen-Loran, nəhayət Karden əyin-başdan sürüşüb düşdü. Dronqo zərrəcə yanılmamışdı – büsqalterin bir cüt fincanı altından silikon istehsalı deyil, dünyanın nüvə ölkələrinin beşinin də nüvə obyektləri qeyd olunmuş xəritə-yarımkürələr göründü; tumanın altında isə tam mütənasib şəkildə yerləşdirilmiş və məharətlə gizlədilmiş müşahidə borusu vardı. Dronqo hiss etdi ki, qız da onun alt paltarına hədsiz maraqla baxır və onların altında qeyri-adi, fövqəladə nəiynsə görünəcəyini intizarla gözləməkdədir. “Bax, elə bu yerdəcə səni pərt qoyacam!” – Dronqo düşündü; Mata-Xarinin intizarı müqabilində, əfsuslar ki, onun tumanında qeyri-adi və görünməmiş heç bir şey yox idi.

Amma bu yerdə təbiətin artıq büsbütün başqa qanunları işə düşüb meydan oxumağa başladı. O qanunlar ki, onların qarşısında duruş gətirməyə dünyanın heç bir kəşfiyyat yaxud əks-kəşfiyyatı, heç bir siyasi yaxud ideoloji qüvvəsi qabil deyil. Axı hər ikisi – həm Dronqo, həm də onun tərəf-müqabili – təkcə məxfi işlərdə deyil, seks aləmində də əsl peşəkarlar idi.

Və budur: zaman əriyib yoxa çıxdı; Əbədiyyətlə An bir vəhdətdə qovuşdular. Bütöv bir əsr qısa saniyəyə sığışdı, dəqiqə əsrə bərabər oldu. Yerlə Göyün, Vulkanla Okeanın əzəli-əbədi görüşü yenidən baş verdi. Kişi dünyanın ən dərin qatına çökdü, qadın Kainatın bütün kometalarını, meteorlarını, asteroidlərini qəbul etdi. Bəlli olmayan bir müddətdən sonra isə onlar həm mələk, həm də şeytan ehtirasıyla düşgünləşmiş və yorğunlaşmış, cənnətin bütün həzzini, cəhənnəmin bütün məşəqqətini dadıb dərk etmiş halda böyür-böyürə uzanmışdılar. Hər ikisi də öz skellerlərinin düyməsini basmışdı. Birdən Dronqo dəhşət içində düşündü ki, ömründə ilk dəfədir öz əsas vəzifəsini sevgi nəşəsinə qurban verib. Çünki kəlləçarxa qalxan şəhvətin gücündən onlar ofisiant xanımla həmahəng surətdə qeyri-adi iniltilərlə vəcdə gələndə (təbii ki, skembler və skellerlər bu səsləri batırırdı) Dronqo fürsəti əldən vermiş, Qurultayın iclasına gecikmişdi. Qurultayda isə onun olmamasından istifadə edən nüfuzlu casuslar Kommunist Parti-yasının rəhbər rolu haqqındakı altıncı maddəni Konstitusiyadan çıxarmağa müvəffəq olmuşdular. Beləliklə də, Yer üzünün altıda bir hissəsi didib-parçalanmaq üçün digər beş hissənin qabağına atılmışdı…

***

Və indi, illər ötəndən sonra, əldən verilmiş imkanlar barədə acı düşüncələrə qərq olmuş halda Dronqo YAT-BAT-SAT generalının kabinetində əyləşib suala verəcəyi qəti cavabı düşü-nürdü: son nəticədə Konstitusiyanın altıncı maddəsinin bərpası, buna uyğun olaraq da sovet hökumətinin əvvəlcə dünyanın altıda bir hissəsində, sonra da qalan beş hissəsində hökmran olması üçün nəzərdə tutulan məsul vəzifəni – Amazonka çayının subasar sahə-sində yerinə yetirməyə o razıdırmı? Məqsəd ali və mühüm idi; deməli ali məqsəd üçün ortaya qoyulan girov da yalnız həyat ola bilərdi. Artıq fikirləşməyə vaxt qalmamışdı; Dronqo “Razıyam!” deyə zabitlərə məxsus qaydada qəti cavab verib dərhal da soruşdu ki, öz vəzifəsinin icrasına nə vaxtdan başlaya bilər?

Generalın üzünün bircə əzası da tərpənmədi; o, xalis peşəkar idi.

– Otuz saniyədən sonra, – deyə “Yejov-Yaqoda” dilləndi.

– Artıq iyirmi beş saniyədən sonra, – Dronqo dəqiqləşdirdi; o, generaldan da betər peşəkardı; son üç kəlmənn söyləndiyi müd-dətdə keçən saniyələri əlüstü hesablamışdı.

Və general kabinetdəki əlli beş telefondan birinin dəstəyini qaldırdı:

– O razıdır!

Sonra xəttin o başındakı Allah bəndəsinin sözlərini dinlə-yib qəti şəkildə raport verdi:

– Baş üstə, Feliks Edmundoviç!

Çevirəni: Mahir N. Qarayev

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO