Amerikalılar Azərbaycan haqqında nə bilirlər? – SORĞU

Dünyanın digər paytaxtlarından fərqli olaraq, Vaşinqton siyasi maraqların görüşdüyü yerdir. Bu baxımdan burada nüfuzlu imic yaratmaq vacibdir. Burada yaşayan bir sıra millətlərin nümayəndələri öz ölkələrinin lobbisini yaratmağa çalışırlar. Azərbaycanlılar da belə edir.

Amma bu fəaliyyət amerikalılara həqiqətən də təsir edirmi? Onlar Azərbaycan haqqında nə bilirlər? Ümumiyyətlə, sadə amerikalıların Azərbaycan adlı ölkənin mövcudluğundan xəbəri varmı? APA-nın Vaşinqton müxbiri İzabel Levin bu suallara tapmaq məqsədilə şəhərin müxtəlif bölgələrində yüzə qədər amerikalı arasında sorğu keçirib.

Vaşinqton. İzabel Levin-APA. Corctaunda Potomak çayının sahili ilə gəzərkən Corctaun Universitetinin orta yaşlı əməkdaşı Cek Petersonla qarşılaşdım.

– Azərbaycan haqqında eşitmisiniz?
– O nədir ki? – deyə suala sualla cavab verdi.
– Azərbaycan… Ölkədir…
– Hə, yadıma düşdü. 90-cı illərin əvvəllərində mən orada olmuşam. Orada yaxşı və ucuz kürü var! Bir də ki gözəl arxitekturaya malik binalar. Bir az Parisi xatırladır…

Cek Peterson deyir ki, Azərbaycanda bir daha olmaq istərdi, amma ölkə haqqında bundan artıq heç nə bilmir.

“Farragaut West” metro stansiyasına tərəf yollanıram. Parkda iki nəfər küçə musiqiçisi ilə rastlaşdım.

– Ey, uşaqlar, Azərbaycanın harada yerləşdiyini bilirsiniz?
– Azərbaycan? O nədir?
– Bu keçmiş sovet ölkəsidir…Rusiya və İran haqqında nə isə bilirisniz? Azərbaycan onların arasında yerləşir.
– Hə, Rusiya, ayılar, Sibir, hə. İran bir az dəhşətli ölkədir. Hmm, bu Ader…onun adı necə idi? Bu maraqlı yer olmalıdır…

Bir neçə küçə aşağı düşüb “DuPont Circle”ə tərəf irəliləyərək bir kafedə dayanıram. Burada uşaq həkimi Suzan Heninqsə rast gəldim. O deyir ki, Azərbaycandan bir neçə xəstəai olub.

– Mən Azərbaycandan olan üç yaşlı oğlanı müayinə edirdim, onun anası ilə çox ünsiyyətdə olmuşam. Bir dəfə o mənə dadlı şirniyyat gətirmişdi. Paxlava. Çox şirin və ləzzətli idi!

Bir neçə məhəllə irəliləyərək Ağ Evlə üzbəüz parkda skamyada oturub səhər qəzetini oxuyan yaşlı kişiyə yaxınlaşıram.

– Azərbaycan haqqında nəsə bilirsiniz?
– Azərbaycan? Hə, bilirəm. Mən o oteldə – Ağ Evin yanında yerləşən və adətən ABŞ prezidentinin qonaqlarına xidmət edən prezident otelini göstərir – portye işləyirəm. Mən uzun müddət orada işləmişəm və çox dövlət adamları, prezidentlər görmüşəm… Azərbaycanın prezidentini də görmüşəm. O bu oteldə qalırdı. O kifayət qədər yaşlı idi, amma yaşına görə yaxşı görünürdü…
– Onunla danışmaq imkanınız olub?
– Danışmaq? Yox. Orada çoxlu mühafizəçi vardı və bir də mənin vəzifəm qonaqlara yaxşı xidmət göstərməkdir, söhbət etmək yox… Amma o çox yaxşı, mehriban və şən görünürdü.

Həmsöhbətimlə sağollaşıb, National Mall Parka yönəlirəm. Orada Cuill Franklinlə rastlaşıram. Deyir ki, Milli İncəsənət Muzeyində işləyir. Azərbaycan haqqında soruşuram, o Azərbaycanın təbii sərvətləri və iştirak etdiyi enerji layihələri barədə kifayət qədər məlumatlı görünür.

Kapitoliyanın yaxınlığında gənc cütlüyə yanaşaraq eyni sualla müraciət edirəm. Lekeyşa və Kevin deyirlər ki, altı ay Yekaterinburqda ingilis dili dərsi deyiblər və orada çoxlu azərbaycanlı ilə qarşılaşıblar. Cütlük deyir ki, Dağlıq Qarabağ münaqişəsi barədə eşidiblər.

Daha sonra “L’Enfant Plaza” biznes mərkəzinə daxil olub portyeyə öz sualımı verirəm. O deyir ki, bu ölkə barədə o qədər çox məlumatı olmasa belə, supermarketlərdən üzərində “Azərbaycan məhsulu” sözü yazılmış nar şirəsı və siroplar alıb.

Hələ də ABŞ-da Azərbaycan haqqında kifayət qədər bilgi yoxdur. Niyə? Mən əslən azərbaycanlı olan məşhur alim Lütfi Zadədən bu barədə soruşuram.

“Fikrimcə, Azərbaycan diasporu kifayət qədər aktivdir, amma məsələn, erməni diasporu kimi çoxsaylı deyil. Burada təxminən 1,5 milyon erməni var, amma fikirləşmirəm ki, ABŞ-da yaşayan azərbaycanlıların sayı bu qədər çox olsun. Məncə yaşadığım Kaliforniyada Azərbaycanın Baş Konsulluğu və Azərbaycanın ABŞ-dakı digər nümayəndəlikləri fəal iş görürlər. Yaxşı olardı ki, Azərbaycandan ABŞ-a oxumağa daha çox tələbə gəlsin. Onlar gənc və aktivdirlər. Onlar Azərbaycan ideyalarının, mədəniyyətinin və dəyərlərinin yayılmasına kömək edə bilərlər”.

Vaşinqtonda iqtisadiyyat təhsili alan azərbaycanlı tələbə Vasif İsmətov başqa bir amili vurğulayır:

“Azərbaycanlılar, məsələn yəhudilər kimi, kompakt yaşamırlar. Azərbaycan diasporunun o qədər də böyük tarixi yoxdur və sayı azdır. Azərbaycan diasporunun əsas hissəsi 90-cı illərin əvvəllərində ABŞ-a köçmüş adamlardır. Burada İrandan olan azərbaycanlılar da var, amma onlar adətən özlərini Azərbaycana aid etmirlər. Buna zaman lazımdır, fikrimcə, gələcəkdə vəziyyət daha da yaxşı olacaq”.

36 yaşlı mühəndis Yeganə Rəsulova on ildən çoxdur ABŞ-da yaşayır. O deyir ki, amerikalıların Azərbaycan haqqında az bilgiləri olmasına həmişə təəssüflənib, amma onun fikrincə, bəzən bu məsələdə azərbaycanlılar özləri müqəssirdir:

“Bizim diaspora hərdən bir yerə toplaşır, amma sizcə onlar bu zaman nə edirlər? Dolma, paxlava, plov bişirirlər. Məgər bizim göstərə biləcəyimiz elə bu qədərdir? Biz ancaq bunu bacarırıq? Azərbaycanın bu qədər dəyərləri var və mən burada yaşayan bütün azərbaycanlıları millətimizi, ölkəmizi təbliğ etməyə çağırıram”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO