Amerikalı mütəxəssis TQDK-da çıxış edib

Azərbaycan Diplomatik Akademiyasında çalışan Cənis Ostin TQDK-nın modelindən razılıqla danışıb

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) “ABŞ təhsilinə ümumi baxış” mövzusunda təqdimat keçirilib. Təqdimatla Azərbaycan Diplomatik Akademiyasının tələbə qəbulu üzrə direktoru Cənis Ostin çıxış edib. Tədbirdə TQDK sədri Məleykə Abbaszadə, sədrin müavini Namiq Babayev, komissiyanın əməkdaşları və ekspertləri, iştirak ediblər.

Komissiyanın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, Cənis Ostin məruzəsində ABŞ təhsil sistemi, bu ölkədə ali məktəblərin müxtəlif pillələrinə qəbul prosedurlarından bəhs edib. O, hazırda ABŞ-da 132 mindən artıq ibtidai və orta məktəb, 6500-ə yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərdiyini deyib. 2007-ci ildə bu ölkədə 15,6 milyon nəfər bakalavr təhsilinə, 2,3 milyon magistraturaya, 357 min nəfər isə peşə təhsilinə qəbul olunub. Yaxın gələcəkdə qəbul olanların sayının daha da artırılması nəzərdə tutulub.

Cənis Ostin Amerika Birləşmiş Ştatlarında abituriyentlərin ali təhsil almaq imkanları, müraciət prosesi, tələbə qəbulu modelləri və seçim prosedurları barədə də ətraflı məlumat verib. Ekspert məruzəsinin sonunda Azərbaycanda çalışdığı müddətdə ali və orta ixtisas məktəblərinə qəbul qaydaları ilə tanış olduğunu və TQDK tərəfindən tətbiq edilən qəbul modelini yüksək qiymətləndirdiyini deyib.

Daha sonra tədbir iştirakçıları amerikalı ekspertin məruzə ətrafında geniş fikir mübadiləsi aparıblar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO