Şamaxı Rəsədxanası 50 illik yubileyə hazırlaşır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) yaranmasından 50 il keçir.

AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yubiley münasibətilə bu ilin sentyabr ayının ikinci yarısında rəsədxananın yerləşdiyi Şamaxı şəhərində beynəlxalq konfransın keçirilməsi, bundan başqa rəsədxananın 50 illik fəaliyyətinin elmi nailiyyətlərini özündə əks etdirən elmi məcmuənin buraxılması nəzərdə tutulur. Məcmuə 2 hissədən – elmi və bədii hissədən ibarət olacaq. Məcmuənin elmi hissəsində rəsədxananın elmi nailiyyətlərini özündə əks etdirən materiallar, bədii hissəsində isə ŞAR-ın, əsasən veteran əməkdaşlarının qələmə aldıqları memuarlar, şeirlər əks olunacaq.
Ötən 50 ildə rəsədxana tərəfindən 1000-ə yaxın ulduzun spektral xüsusiyyətləri öyrənilib, onlarla qalaktikanın, planetar dumanlıqların fiziki xüsusiyyətləri tədqiq olunub, planetlərin və onların peyklərinin sistematik müşahidələri aparılıb, Günəş sisteminin kiçik cisimlərinin mənbəyi barədə keyfiyyətcə yeni nəzəriyyələr işlənib. Günəş fizikasının ayrı-ayrı problemləri üzrə və Günəş-Yer əlaqələrinin öyrənilməsində maraqlı nəticələr əldə olunub. Astronomiya tarixi üzrə müvafiq irsin araşdırılmasında dəyərli əsərlər yaradılıb.
Qeyd edək ki, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun “Astrofizika” Sektoru bazasında 1960-cı ildə yaradılıb. Rəsədxana Şamaxı rayonunun Y.Məmmədəliyev adına qəsəbəsində yerləşir.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO