Almaniyanın məşhur “Nitro” jurnalı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərdən yazır

Almaniyanın məşhur “Nitro” jurnalında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin əks olunduğu məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifləri Bettina Şellonq-Lammel və Bernd Lammel münaqişənin tarixi, beynəlxalq ictimaiyyətin problemin həllinə yanaşma tərzi, müharibənin dinc sakinlərin həyatına vurduğu ağır zərbə, məcburi köçkünlərin gündəlik həyatı barədə faktlar, sənədlər və canlı şahidlərin fikirləri əsasında dolğun təsəvvür yaratmağa çalışıblar.

Azərbaycana səfər və araşdırmalar əsasında hazırlanmış məqalədə bu gün dünyada baş verən müxtəlif münaqişələr fonunda artıq onilliklərdən bəri davam edən Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq diqqətin azaldığı diqqətə çatdırılır. Vurğulanır ki, Almaniyanın Federal Kansleri Angela Merkelin münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında həllinə çalışacağına dair vədinin reallığa çevriləcəyi, yoxsa quru vəd olaraq qalacağı da sual doğurur.

Məqalədə “Dağlıq Qarabağ münaqişəsinin həlli yolu varmı?” sualına “Prinsipcə hə, amma…” cavabını verən müəlliflər bu “amma”nın arxasında hansı məsələlərin dayandığına aydınlıq gətirirlər. Qeyd edilir ki, Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan bu işğalı dünya ictimaiyyətinə “azadlıq müharibəsi” kimi təqdim edir. Həmçinin işğal həmin ərazidə ermənilərin yaşaması ilə izah olunur və ərazi bütövlüyü prinsipinə məhəl qoyulmadan öz müqəddəratını təyinetmə hüququ əsas götürülür.

Ötən əsrin 80-90-cı illərinə nəzər salan müəlliflər Sovet İttifaqının süqutu ərəfəsində milli və dini zəmində təsvir edilən münaqişə ocaqlarının yarandığını qeyd edirlər. Bildirilir ki, bəzən Ermənistan və Azərbaycan arasında davam edən münaqişə bu kontekstdə interpretasiya edilir. Dinc əhali üçün qəbuledilməz olan status-kvo hətta ATƏT-in Minsk qrupunun həmsədrlərini də çıxılmaz vəziyyətə salıb. İşğal olunmuş ərazilərə 2010-cu ildə ilk dəfə səfər edən həmsədrlər öz hesabatlarında münaqişədən əvvəl mövcud olmuş şəhər və kəndlərin işğaldan sonra tamamilə dağıdıldığını qeyd ediblər.

Məqalədə bildirilir ki, BMT Nizamnaməsinin ikinci maddəsinin dördüncü bəndi əsas götürülərək münaqişə ilə bağlı 1993-cü ildə qəbul edilmiş qətnamələrə məhəl qoyulmur və bu vəziyyət 27 ildən çoxdur ki, davam edir. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal atlında saxlamasına baxmayaraq, Yerevan Azərbaycanı Dağlıq Qarabağdakı erməni əhalisinə hücum etməkdə ittiham edir. Hətta Ermənistanın sabiq prezidenti Serj Sarkisyan 2016-cı ildə Berlinə səfəri zamanı bu məsələyə primitiv cavab da vermişdi. O, ermənilərin Dağlıq Qarabağda yaşamalarının onların həmin əraziyə etnik iddialarını və öz müqəddəratlarını təyinetmə hüququnu əsaslandırmaq üçün kifayət etdiyini demişdi. Onun cavabında isə orada yaşayan digər millətlərdən heç söhbət belə getmirdi.

Yazıda ermənilərin Dağlıq Qarabağ ərazisinə kütləvi şəkildə köçürülməsinin tarixinə də diqqət yetirilir. Bu ərazilər uğrunda maraqların XVIII əsrdə daha da kəskinləşdiyi və yekunda Rus imperiyasının həmin ərazilərdə öz mövqeyini möhkəmləndirdiyi qeyd edilir. Vurğulanır ki, bunun ardınca 120 min erməni Türkiyə və İrandan indiki Azərbaycan ərazilərinə köçürülür. Sovet İttifaqı tərəfindən yüksək muxtariyyət statusu verilən Dağlıq Qarabağa erməni köçü dayanmaq bilmir. SSRİ-də yüksək vəzifələr tutmuş, Stalinin silahdaşı olmuş Anastas Mikoyan 1945-ci ildə Livandan erməni ailələrinin SSRİ-yə köçürülməsi barədə sərəncam imzalayır. SSRİ-nin ən qanlı siyasətçilərindən biri olan, NKVD-nin ölüm siyahılarını imzalayaraq günahsız insanları ölümə göndərən və Polşada Xatın qətliamında əli olan Mikoyan onilliklər boyunca kütləvi deportasiyalar formasında daxili kolonializm siyasəti aparırdı. Krım tatarları, Volqa almanları, eləcə də digər xalqlar süni səbəblərlə kütləvi şəkildə öz yurd-yuvalarından didərgin salınırdılar. Mikoyanın ermənilərlə bağlı imzaladığı dekret isə onların Türkiyə və ya Ermənistana köçürülməsini deyil, məhz Dağlıq Qarabağa köçürülməsini nəzərdə tuturdu. Türkiyədən deportasiya edildikdən sonra klanlaşmış erməni icması yerli cəmiyyətə inteqrasiya etmirdi, onlar, əksinə, mütəşəkkil cinayətkarlığa, narkotik ticarətinə və beynəlxalq terrorizmə meyilli idi. Bu icmanın Monte Melkonyan kimi tanınmış simaları Parisin Orli hava limanında və ya Moskva metrosunda cinayət aktları törədiblər.

Müəlliflər ermənilərin Dağlıq Qarabağa köçürülmələrinə dair bir faktı da oxuculara təqdim edirlər. Qeyd olunur ki, 1978-ci ildə ermənilərin bu ərazilərə köçürülməsinin 150 illiyi münasibətilə ucaldılmış abidə bu faktı tarixdən silmək üçün məhz onların özləri tərəfindən məhv edilib.

Məqalədə hazırda Azərbaycanda bu münaqişə nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün yaşadığı da vurğulanır. Diqqətə çatdırılır ki, Azərbaycan Hökuməti onların həyat şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görür, vaxtilə çadır düşərgələrində yaşayan insanlar artıq mənzillərlə təmin olunublar, 100 yaşayış məntəqəsində indiyədək 300 min mənzil tikilərək bu insanların istifadəsinə verilib.

Bildirilir ki, bu gün Ermənistan Qarabağ ermənilərinin müqəddəratını təyinetmə hüququna istinad edərək öz iddialarını əsaslandırmağa çalışır, lakin hüquqi cəhətdən Dağlıq Qarabağ və onun ətrafındakı işğal edilmiş əraziləri geri qaytarmaq hüququ Azərbaycana məxsusdur.

Yekunda qeyd edilir ki, Cənubi Qafqazdakı bu münaqişə ocağının hər an alovlanma təhlükəsi var. Açıq müharibə bütün regionun sabitliyini poza və onun təsiri Avropaya da çata bilər. Əgər ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həllində ciddi irəliləyiş əldə etməsə, bu vəziyyət azərbaycanlıların səbrini tükəndirə bilər. Yerevandakı hazırkı vəziyyət risk amilidir. İndi Avropa İttifaqının və ATƏT-in diplomatik alternativlər təklif etməsi lazımdır.

Elgün Niftəli, AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

dfsdffdsfs

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO