“Alma ” bu həftə çıxmır(Təsisçinin və baş redaktorun açıqlamaları)

Hər bazar köşklərə çıxan “Alma” qəzeti bu həftə işıq üzü görməyəcək. “Media forum” saytına açıqlamasında qəzetin baş redaktoru İsrail Musayev bildirib ki, yaradıcı heyət gedəndən sonra bunu etmək o qədər də asan deyil.

Kollektivin istefasına münasibət bildirən təsisçi İlkin Həsənli qəzetə yeni adamlar cəlb etmək üçün çalışdıqlarını deyib: “Qəzet yeni kollektivlə çıxacaq. Heç bir kurs dəyişikliyi olmayacaq. Mən ümumiyyətlə yaradıcı işlərə müdaxilə etmirəm. İndi də kollektivin formalaşmasına müdaxiləm olmayacaq. Bütün bu kimi işləri baş redaktor İsrail Musayev özü həll edəcək”.

Qəzetin kursunda heç bir dəyişiklik olmayacağını bildirən İ.Musayev yeni kollektiv üçün namizədləri müəyyənləşdirdiyini qeyd edib: “Qəzetin yaradıcı heyəti bütünlüklə gedib – şef-redaktor Zahir Əzəmət, redaktor Elnur Astanbəyli, jurnalistlər Natiq Muxtarlı və Günel Mövlud. Bu həftə işləri çatdıra bilmədiyimiz üçün qəzet çıxmayacaq, amma gələn həftə “Alma” köşklərdə olacaq”.

Baş redaktor qəzetin kursunda, üslubunda heç bir dəyişiklik olmayacağını deyib: “Çalışırıq qəzetin imicinə uyğun jurnalistlər gətirək ki, nəşrin ruhu itməsin. Namizədləri təxminən müəyyənləşdirmişik, lakin yaxşı vəsait lazımdır. Zahir Əzəmət istefa versə də, işlərin yola qoyulmasına kömək edir”.

İstefaya adi mübahisənin səbəb olduğunu vurğulayan baş redaktor deyib: “Mən bir jurnalisti işdən çıxardım, kollektiv isə onu müdafiə etdi. Bir daha həmin jurnalistlə işləyə bilməyəcəyimi söylədikdə isə bütün kollektiv istefa verdi”.

Baş redaktor qəzetin yenə də yenə də gənclərin olacağını deyib: “Mən həmişə demişəm ki, bütün siyasi yalanlar operativ yalanları ifşa etməyə çalışır. “Alma” sadəcə olaraq daşlaşmış yalanların üzərinə gedir. Biz yenə də daşlaşmış yalanların üzərinə gedəcəyik. Əvvəlki üsluba yaxın redaktorların tapılması bəlkə də çətin olacaq. Əvvəla, qəzetin kursuna uyğun yazılar lazımdır. Redaktə elə də güclü təsir göstərmir. Yazı hazır olandan sonra redaktor yazının ümumi ruhunu dəyişə bilməz. Onda gərək bütün yazını məhv etsin. Ona da mən imkan vermərəm”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO