Ağdamın musiqi həyatı

Ağdamın musiqi həyatında həmsöhbətimin xüsusi yeri var. Onunla Ağdamdakı yaşadığı Xurşud banu Natəvan küçəsindən başlamış, musiqi dünyasına aid olan bütün məqamlar barəsində söhbətləşdik. Bir nömrəli yeddiillik musiqi məktəbindən, Üzeyir Hacıbəyli adına Ağdam Orta İxtisas Musiqi Məktəbindən, o cümlədən “Şur” ansamblından, ümumilikdə isə Ağdamın musiqi həyatından…

Bugün doğma şəhərindən gətirdiyi tara bir mizrab belə vurmadığını deyir. Deyir əlim gəlmir. Tarı açıb silirəm, təzədən sandığına qoyuram.

“Azərbaycana onlarca dahi sənətkar bəxş edən Qarabağ  torpağı bu gün Ağdamsız  o sənətkarları bir də yetişdirə bilməyəcək”- bunu da həmsöhbətim deyir.- O torpağın suyun içməyən, havasını ürəkdən sinəsinə çəkməyən  ağdamlıdan ciddi sənət ummaq da günahdı…

 

Əslən Pərioğulları kəndindən olan həmsöhbətim bu kənddən olan Ağakişi bəyin nəslindəndir. Beləliklə, əməkdar mədəniyyət işçisi Fərhad Paşayevlə söhbətim keçmişə səyahətlə başlayır.

 

–          Ağdamın musiqi həyatında Əlipaşa Daşdəmirovun ayrıca yeri var. Hələ müharibədən əvvəl xanəndəliklə məşğul olan Əlipaşa müəllim Ağdamda ilk muqisi məktəbin yaradıcısı hesab olunur. Bu təxminən 1934-1935-ci illərə təsadüf edirdi. Müharibə dövründə fəaliyyətini dayandıran məktəb 1947-ci ilə yenidən şagird qəbulu elan edə bildi. Yadımdadı ki, altı yaşım olanda atam məni musiqi məktəbinə gətirmişdi.

Onunla atam bərk dost idilər…

Əlipaşa müəllim musiqidə ilk müəllimim olub. Sonradan iş elə gətirdi ki, orta məktəbi bitirib sənədlərimi Politexnik İnstitutuna versəm də qəbul ola bilmədim. Şəhərdə xəbəri eşidən Əlipaşa müəllim atamdan sifariş göndərdi ki, tarın da götürüb  məktəbə gəlsin.

Artıq 1958-ci il idi. Əlipaşa Daşdəmirov Ağdamda  Orta İxtisas Musiqi Məktəbini yaradaraq ona rəhbərlik edirdi. O vaxtlar nədənsə məktəbə hamı “uçilişa” deyərdi. Sentyabrın 12-də olan görüşdən sonra mənə ərizə yazdırıb məktəbə qəbul elədi…

 

“Uçilişa”nın ilk məzunlarından olan Fərhad Paşayev iki il ərzində Əlipaşa Daşdəmirovdan, Lətif Səfərovdan, Məşədi Bahadur Mehrəliyevdən və hətta o zamanlar məktəbin tədris hissə müdiri olan Xosrov Fərəcovdan dərs aldığını deyir. Onun musiqiçi kimi yetişməsində məhz bu insanların mühüm rolu olduğunu söhbətimizdə dəfələrlə qeyd elədi.

–          Məşədi Bahadur Mehrəliyevin sinfində muğamın sirlərini öyrənir həm də tarda xanəndəlik sinifində oxuyanları müşaiyət edirdim…

Artıq musiqiçi kimi yetişdiyimi görən Ə.Daşdəmirov üçüncü kursda məni orkestr müəllimi təyin elədi. Paralel olaraq Xalq Teatrında musiqi rəhbəri  kimi işləməyə başladım…

 

Xatırladım ki, Ağdam Dram  Teatrı rəsmən ləğv edildiyindən Xalq teatrı statusunda fəaliyyət gösətrirdi. Bacarıqlı rejissor Heydər Şəmsizadənin  səhnə quruluşu verdiyi “Əsli və  Kərəm”, habelə “Leyli və Məcnun”  tamaşaları teatrın repertuarına salınmışdı.

Xeyli müddət qardaşı Kamal kamançada, Fərhad Paşayev isə tarda bu tamaşaları müşaiyət etmişdi. O illərdə “Kərəm”  və “Məcnunu” yenicə əsgəri xidmətdən qayıdan Arif Babayev  oynayırdı. “Əsli”  və “Leyli”ni isə Narınc Məlikova ifa edirdi. 

–          İki il ərzində musiqi rəhbəri  kimi daim xalq teatrının tamaşalarını müşaiyət etmişəm,- deyə Fərhad müəllim söhbətə davam edir, – 1962-ci ildə orta ixtisas müsiqi məktəbini uğurla bitirdim. Deyim ki, ilk buraxılışda artıq o dövrdə tanınmış sima olan  Xosrov Fərəcov, Calal Əliyev, Lətif Səfərovdə eyni vaxtda birlikdə diplom  aldıq. Qeyd edim ki, adını çəkdiyim insanlar öz sənətlərini yüksək səviyyədə bilsələrdə diplomları yox idi…

Konservatoriyaya daxil ola bilmədiyimdən 1962-ci ilin  avqust ayında imtahanları verib Politexnik İnstitutunun hidromeliorasiya fakultəsinə  daxil oldum. İnstitut illərində əslən  ağdamlı olan, professor Qəni Məmmədovun  mənə çox köməyi dəymişdi. Bir il ərzində Politexnik İnstitutda ansambl yaratdım. Səksən rubl əməkhaqqı alırdım. 40 rublda təqaüd aldığımdan hərdən evə də pul göndərirdim.

1963-ci ildə  isə sənədlərimi indiki Neft  Akademiyasına verib “Avtomatika” fakultəsinə daxil oldum. Belə olan halda istədim  ki, gündüz “AZİ”də oxuyum, “politexnikdə” isə qiyabi təhsil alım. Amma alınmadı…Beləliklə, neft sahəsinin mütəxəsisi kimi institutu bitirib Ağdama gəldim.

Həmsöhbətim deyir ki, musiqisiz yaşaya bilmədiyim üçün ondan ayrıla bilmədim…

Bu arada söhbət “Şur” ansamblından düşür.  Fərhad müəllim bununla bağlı maraqlı bir tarixçəni danışdı.

-1961-ci il idi.  Bakıda “Dzerjinski” adına klubda bədii özfəaliyyət ansambllarının ümumrespublika festivalı keçirilirdi.

Ağdam Mədəniyyət Evinin xalq çalğı alətləri ansamblı da festifalda iştirak edirdi. Festifalın münsifləri heyətinin sədri xalq artisti Əfrasiyab Bədəlbəyli idi.

“Şur” muğamını ifa etdik. Arif Babayev, Qədir Rüstəmov, İsa Hüseynov və  Nazim Babayev çox ustalıqla “Şur”u ifa etdilər.

 Bununla da sanki bir tarix yazdılar. Məhz elə o gündən  Əfrasiyab Bədəlbəyli bizim kollektivə “Şur” ansamblı deyə çağırdı. Kollektivində adı o gündən belə adlanmağa başlandı.

“Şur” ansamblı Ağdam Mədəniyyət Evinin nəzdində Xosrov Fərəcov yaratmışdı. Böyük məktəb idi. 1958-ci ildən 1978-ci ilədək özü də ona rəhbərlik etmişdi. Deməliyəm ki,   Xosrov Fərəcov gözəl tarzən idi. Ansamblda birinci olaraq özü, sonra məni yanında otuzdurardı….

 

Xosrov Fərəcov 1978-ci ildə vəzifəsindən uzaqlaşdırılandan sonra bir il “Şur” rəhbərsiz qaldı. Nəhayət, 1979-cu ildə Fərhad Paşayevi ansambla bədii rəhbər təyin etdilər. O illərdə elə bir dövlət tədbiri olmurdu ki, “Şur” orda çıxış etməsin. Keşmiş SSRİ respublikalarında və bir sıra xarici ölkələrdə yaddaqalan çıxışları olmuşdu.

  Rayon rəhbərliyi və yerli ziyalılar hər daim ansamblın fəaliyyətiylə maraqlanır və  kollektivə öz köməkliklərini göstərərdilər. Bu işlərdə o dövrdə mədəniyyət şöbəsinin müdiri işləyən Çimnaz Əliyevanın böyük zəhməti vardı…  

        -Nəhayət, 1988-ci ilin  aprel ayında  mənə  “Əməkdar Mədəniyyət işçisi”  fəxri adı verildi… 

Söhbətimin sonunda yaşadığı küçə barəsində danışırıq. Buna qədər asta-asta danışan Fərhad müəllim evinə çatanda səsi titrəyir. Özünü  tox tutub davam edir.

Və məlum olur ki, Natəvan küşəsi Ağdamın ən kiçik küçələrindən sayılır…

 

Natəvan küçəsi Axundov küçəsinin kəsişməsində bir tərəfdən Çərkəz Firidunovun həyətinin barısı ilə başlayırdı. Lakin onların mənzili M.F.Axundova açılırdı. Hamınn “aptek Yunis”  kimi tanıdığı Yunis Zeynalovun mənzili, Siyavuş Eyvazovun qayınatasıgilin, sonra Musa müəllimgilin mənzili gəlirdi.

“DOSAAF”da işləyən Rəşid müəllimin, Fərhad Paşayevgilin,  “karyerdə” baş mühasib işləyən Arif Məmmədovun mənzili gəlirdi. Küçənin sonunda olan Tamara arvadgilin evlərinin bir tərəfi “Kommunist” küşəsinə çıxırdı.

Uzunluğu üç yüz metr olan Natəvan küçəsinin Axundovla üzü İmartətə tərəf gələndə yolun sol tərəfi “SMU”- 2-nin rəisi işləyən Səməd Hüseynovun, “pojarni” Məhinin evi,“Mexanizasiya” texnikumunda dil-ədəbiyyat  müəllimi işləyən Tofiq Əlizadənin, Ağdam Bankının müdiri işləyən Mamed müəllimin mənzili gəlirdi.

“Sobez”də işləyən Camal İsmayılovun, uzun illər milis sistemində  işləyən Məhərrəm Əliyevin, avtobazada işləyən Rabilin mənzili də bu sirada idi. Rabilin qardaşı Sabirin mənzili ilə Kommunistlə kəsişmədə idi…

 

Beləliklə, daha bir ağdamlıyla söhbətə yekun vururam…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO