“Ağdamda keçirdiyim günlərin hamısı ömrümə yazılasıdır…”

İlk dəfəydi ki, Qarabağa, doğma Ağdamıma o yerlərdə doğulmayan şəxslə gedirdim. Həmsöhbətim nə Ağdamda, nədəki Şuşada dünyaya gəlib. Heç uşaqlığı da oralarda keçməyib. Amma Ağdamı, Şuşanı, Qarabağı qarabağlılardan çox sevir. Həqiqətən düz deyiblər ki, qarabağlı olmaq üçün, azərbaycanlı olmaq üçün tək o yerlərdə dünyaya gəlmək yox, həm də bu diyarı sevmək lazımdır.  Özüdə sidq ürəklə…

Bir neçə il idi ki, həmsöhbətimin bir tədbirdəki çıxışı  səsinin məlahətiylə məni ovsunlamışdı. Hətta həmin çıxışın səs yazısını əlimin altında saxlayır və hərdən onu həvəslə dinləyirdim. Nəhayət ki, “Qarabağ bülbülləri”nin yaradcısı Murad Rzayevin altmış illik yubileyindəki çıxışını bu günlərdə  yazıya köçürə bildim.

Çıxışını  Hüseyn Kürdoğlunun Ağdama həsr etdiyi şeirlə başlayırdı:

Doyunca baxasan ağ dama gərək
Qarqarın suları Ağdama gərək
O yerin qədrini  bilməyənlərin
Qara gözlərinə ağ dama gərək…

Sonra isə özünün yazdığını oxuyurdu.

Ağdamdı
Qara damdı, ağ damdı
Ağdamı gözləməkdən
Gözümüzə ağ damdı 

Çıxışına davam edərək deyirdi:

– Əgər tale üzümüzə gülsəydi Qarabağ bülbüllərini, Xudu Məmmədov təbrik edə bilərdi, Şahmar Əkbərzadə təbrik edə bilərdi, Zeynal Məmmədov təbrik edə bilərdi, Yusif Əhmədov təbrik edə bilərdi, Famil Mehdi təbrik edə bilərdi, çünki adını çəkdiyim insanların hər biri Qarabağ tarixində mənəvi haqq qazanmış şəxsiyyətlərdir…

Ancaq təkcə Arif Babayevin bu səhnədən onları təbrik eləməyi  o deməkdir ki, Arif Babayevin şəxsində  bütün musiqi ictimaiyyəti və muğamat dünyası bu kollektivi təbrik edir, çünki Arif Babayev bütov muğam dünyası deməkdir…

Bu gün “Qarabag bülbülləri”nin  burda olan nümayəndələri işğal olunmuş ərazilərimizin işğal olunması mümkün olmayan səs əraziləridir, muğam əraziləridir…

Səs yazısı davam edirdi. Mən isə  özümdən asılı olmayaraq bu çıxışın təsiri altında həmsöhbətimin  telefonunu yığırdım…

Bu dəfəki həmsöhbətim xalq şairi Zəlimxan Yaqubdur. Şairin mənzilində oturub xatirələrimizdə Ağdama gedəsiyik:

– Qarabağ deyiləndə, Ağdam deyiləndə ürəyimdən qara qanlar axır. Çünki o yerlərin coğrafiyasını da, iqlimini də, dağını-dərəsini də, insanlarını da çox yaxşı tanıyıram. Dostlarımın sayəsində oraları qarış-qarış gəzmişəm. Yaradıcı insanların arasında  Qarabağı doyunca bəlkə də mənim qədər gəzən olmayıb.

O yerlərlə tanışlığım tələbəlik illərindən başlayır. Ağdamın Suma kəndindən Qələndərovlar ailəsi ilə  dostluğum var idi. Bu dostluq telləri indi də davam edir. Ailənin kiçik oğlu Musa Qələndərovun şeirə poeziyaya olan sevgisi bizim dostluğumuzü dahada  möhkəmlətdi. Atası Məhəmməd kişi danışanda elə bilirdin bir natiqdir. Savadı olmasada, amma elə məntiqli danışardı, sazı sözü özündən çox istəyərdi. Evlərində olanda birdən sazı əlimizə alıb o yerlərin ustad aşığı Aşıq İslamla deyişərdik. Aşıq İslamın gözəl saz ifası var idi. Heyf o günlərdən…

O kəndlə bağlı bir hadisə heç yadımnan çıxmır.  Qələndərovlar ailəsində sevinc-sevincə qarışıb. Ailənin oğul övladının xeyir işidir. Biz də burdayıq. Məclisin şirin yeridi. Özümdə göylərdə var-gəl edirəm. Dolmuşam. Mağarda hamı ayaq üstə çıxışıma qulaq asır. Yalan olmasın bəlkədə səkkiz yüz  adam var. Belə məqamda yaşlı, dümağsaçlı, qara kələayağılı ağbirçək bir xanım mənə yaxınlaşıb alnımdan öpdü, saçımdan opdü:

– Bala, Allah səni göylər kimi dirəksiz saxlasın, deyib mağardan çıxdı.  

Bu hadisəni  Xudu müəllimə danışanda dedi ki, xalq budu, millət budu. Gör nə qədər ucada olmalısan ki, dirəksiz qalasan…

Ağdamı, Qarabağı məni daha çox sevdirən isə Zeynal Məmmədovla dahi Xudu Məmmədov  olub…

Bir gün Kitabsevərlər Cəmiyyətinin xəttiylə Ağdama getmişdim. Mədəniyyət şöbəsinin müdiri hörmətli Çimnaz Əliyevanın kabinetində oturmuşduq. Xanım dedi ki, tələsmə, indi səni bir nəfərlə tanış edəcəm. Heç on beş dəqiqə keçmədi ki, içəri orta boylu, eynəkli, dolu bir adam daxil oldu.  Çimnaz xanım bizi tanış elədi. Oturduq. Rəhmətlik nəhəng adam idi. Füzulini əzbərdən bilirdi. Dedi, söhbət elə görüm.  Xeyli söhbət etdik. Nədən danışdısa  cavab verdim. Dərya idi, rəhmətlik. Dedi, hansı şair Ağdama gəlibsə  önümdə diz çöküb.  Amma mən sənin qarşında diz çökürəm, sən məni ağlatdın. Sən mənə dağ çəkdin…

Aşıq Ələsgər  haqqında yazdığım poemanın əsasında pyes tamaşaya qoyulmuşdu. Zeynal müəllim bundan xəbər tutan kimi təklif elədi ki, gəl onu premyerasını Ağdamda edək. Mədəniyyət evi  ağzına kimi dolu idi. Çoxlu qonaqlar dəvət edilmişdi. Rəhmətlik atamda Gürcüstandan gəlmişdi. Gənc Tamaşaçılar Teatrının quruluşunda tamaşa çox uğurla keçdi. Sonda Xudu müəllimlə Zeynal müəllim səhnəyə çıxıb tamaşaya  xeyr-dua verdilər…

Kasıb vaxtımdı. Amma bir təhər yığıb-yumrulayıb özümlə bir az pul götürmüşəm ki, təqdimatdan sonra qonaqlıq verim. Axşam Zeynal müəllimə dedim ki, bəs mən qonaqlıq vermək istəyirəm. Dedi nə qədər pulun var. Qədərin söylədim.  Güldü, bu məqamda nə desə yaxşıdı. Dedi, ona bizim bazardan uşaqlara konfet alarsan…

1983-cü ildə Üzümçülər evində yaradıcılıq gecəm keçirildi. Onun da təşkilatçısı Zeynal müəllim idi. Orda da Xudu müəllim, Famil müəllim, Şahmar müəllim nələr  demədilər, nələr danışmadılar…

Beləcə, Zeynal müəllimlə tanışlığımız dostluğa çevrildi…

Bir gün “Aşıq Ələsgər” tamaşasının premyerasından sonra Novruzlu kəndinə getmişik. Qonaqlıqdı. Birdən ayağa qalxdım, dedim ki, burda qolu qüvvətli adam kimdi, mən bu saat onu yıxa bilərəm. Bu məqam iştirakçılardan biri yerindən qımzandı. Çox zilə çıxma, dedi. Zeynal müəllim üzünü ona tutub, tələsmə,  şairin sözünün axırın gözlə.

Mən bu adamları belə görürəm, burda bu qədər enli kürək, laydivar, cüssəli adamları görürəm, bunlar mənə qüvvət verib, mən pəhləvana dönmüşəm. İstənilən adamın kürəyini yerə vura bilərəm. Açığı, özümü elə Borçalıdaki kimi hiss edirəm.

Molla Pənah Vaqif deyir ki, “sən ey Qarabağın İbrahim xanı Borçalıdan gələn dərəni saxla”.

Sən demə  Vaqif elə bu kəndi nəzərdə tuturmuş.

Bu məqam Zeynal müəllim dedi ki, sən elə Boraçalıdasan. Sonradan mənə məlum oldu ki, kəndin bu məhəlləsi vaxtıylə  Borçalıdan köç edibmiş… 

Səfərlərin birində Zeynal müəllim məni bir həftə şəhərdə saxladı. O bir həftədə gəzmədiyim yer qalmadı.  Abdal-Gülablıda Aşıq Valehin məzarını ziyarət etdik. Nəvəsi Xaspolad kişiylə görüşdük…

Ağdamın yolu, izi, küçəsi, hər daşı-qayası, hamısı qaynayırdı. Ağdama deyərdilər, bura Azərbaycanın mərkəzidir. Bazarında nələr yox idi…

Ağdamda keçirdiyim günlərin hamısı ömrümə yazılasıdır…

Ağdamın bir ziyalısıda Yusif Əhmədov idi. O, Mikayıl Müşfiqin tələbə yoldaşı olmuşdu. Deyərdi, dünya ovucumuzun içindədir. Cüssəli bir adam idi. Əlini sıxanda az qalırdı çiynin yerindən qopsun. Səməd Vurğunla yaxın dost olmuşdular. Poeziyanı yüksək səviyyədə bilirdi. Onunla bağlı bir hadisəni danışım.

30-cu illərdə  Yusif Əhmədov Qazaxda müstəntiq işləyirmiş. Bir gün Səməd Vurğun onun yanına gəlir. Atasının adı Yusif olduğundan, ona dədə deyirmiş. İçəri keçir, deyir,  “ay dədə bir qazaxlı köpəkoğlu işi dolaşdrıb. Məni sənin yanına minnətə göndərib. Əclaf boş vaqonu dolu adıynan “Rusetə” göndəribmiş. Yoldada onu tutublar.”

Qış vaxtıymış. Odun peçidə gurhagur yanırmış. Yusif kişi onun adın soruşur. İstintaq işini tapır. Görür ki, qalaq-qalaq izahat, filan. Peçin ağzın açır istintaq işini atır odun üstünə. Deyir nətər ola, ola. Kim soruşsa deyəcəm ki, bəs Səməd xahiş elədi, məndə yandırdım. Yusif müəllim deyirdi, allah ikimizin də üzünə gülmüşdü. Hec o istintaq işindən sonra bir xəbər çıxmadı. Səməd Vurğunun xahişi də elə bil allahın xahişiydi…

Bir gün Yusif Əhmədovla Ağdam Çörək Muzeyini ziyarətə getmişdim.  Muzeydə də ayrı bir aləm idi. Nələr yoxuydu orda. Bu məqam Yusif müəllim dedi ki, indi qulaq as bu qıza gör, sənin şeirlərini, sən yaxşı deyirsən, yoxsa bu qız. Qız nətər gözəl söylədisə ordaca ona bir şeir yazdım:

Sən şeir oxuyanda
Gur ocaqdan götürüb, köz baxışı göz əli
Səni nurdan yaradıb, təbiətin öz əli  
Gözəlliyə qovuşdum ay Qarabağ gözəli
Sən şeir oxuyanda.

Kimdi belə oxuyan, fikri kim, meyli kimdi
Bu dili bayatılı, dodağı neyli kimdi
Qoy gəlsinlər Ağdama, görsünlər Leyli kimdı
Sən şeir oxuyanda.

Daş ürəklilər belə sənət nədi duyurdu
Bir ahəngə can verib, 
Yerlə göy oxuyurdu 
Sən şeir oxuyanda…

Mən Qarabağla bağlı, Ağdamla bağlı onun həm sevinciylə, həm kədəriylə, həm ayrılığı, həmdə vüsalıynan bağlı gözəl bir ömür yaşamışam. Bütün ömrüm Qarabağla bağlı olub…

Xudu müəllimlə dostluğum Bakıdan başlasa da Ağdamda bərkidi. Bir gün Ağdamdayıq. Məclisin şirin yeridi. Xudu müəllim üzünü Zeynal müəllimə tutub, bir saz tapmaq olarmı, dedi. Nə tapmaq olmursa, de onu da tapaq gətirək. Heç yarım saat keçmədi ki, sazı gətirdilər. Saza əlimi vurdum, sazdaki saz idi. Aldım ələ, çıxdım meydana.  Məclisin sonunda Xudu müəllim soruşdu ki, dediklərini yazmısanmı. Mənim də dəliqanlı vaxtımdı, nə yazmaq, nə filan.  Dedim yox yazmamışam. Dedi, sənə bir tapşırıq. Mütləq  burda söylədikərini bir yerə yaz şəhərdə görüşəndə oxuyacağam.

Hec bir az keçməmişdi Xudu müəlim iki nəfərlə Bakıda, Yasamalda qaldığım ilk sınıq salxaq evimin qapısını döydü. Açdım ki, Xudu müəllim. Soruşdu ki, poemanı yazmısanmı. Mən şair adamam, o vaxtı bir söz idi demişdim. Dedim yox, dedi mütləq yaz. Heç içəri keçmədi. Üstündən bir xeyli keçdi. Bu dəfə qapını açanda baxdım ki, yenə Xudu müəllim iki nəfərlə gəlib. Bu dəfə içəri keçdi. Allah verəndən yeyib içdik. Amma bu dəfə söz verdim ki, yazacağam…

Sazı yanıma qoydum. Bütün nəhənglərin – Əmrahın, Kamandarın, Hüseyn Saraclının, Ədalətin  səs yazılarına qulaq asıb, sonra özümdə ifa edirəm. On gün ərzində bütün bölmələri beləcə ifa edəndən, o ruha köklənəndən sonra bir ay ərzində poemanı hazır elədim.  Zəng elədim Xudu müəllimə ki, bəs poema hazırdı. Söylədi ki, onu oxumaq lazımdı. Rəhmətlik alimimiz Camal Mustafayevin evində Xudu müəllimin, Zeynal müəllimin və digər dostların iştirakıyla poema müzakirəyə çıxarıldı. Zeynal müəllimində qarşısında qalın kağız vərəqlər var idi.  Təqdim elədim. Xudu müəllim üzün mənə tutub, oxu görək nə yazmısan.

O dəftər sizdə olsun, fəslin adını deyin mən sinədəftər oxuyacağam. Bir fəsil, iki fəsil, nəhayət söylədim qurtardım.  Zeynal müəllim qalxdı ayaga, əlindəki kağızları ortadan bölüb, “mənim gücüm tənqidə yox, ancaq bu vərəqləri bölməyə çatır. Burda tənqid ediləsi bir məqam yoxdu. Sən saza abidə yaratmısan Zəlimxan” -dedi…

Nəhənglərin məclisdəki xeyr-duasından sonra poemanı çapa verdim…

Gənclərin bu gün  oxumağa marağı yoxdu. Sanki cəmiyyətdə  cılızlaşma gedir. Təsəvvür edin ki, mən ədəbiyyatda  bax gördüyün bu  kitabların hesabına Zəlimxanlıq etmişəm. Hamısını oxumuşam. Zeynal müəllimin bir kitabxanası var idi, rayonda birinci idi. Nə qədər kitab olardı, ilahi. Ağdamda hamı ona “bala Marks” deyərdi. Təsəvvür elə ki, dahi Çingiz Aytmatov avtoqrafında yazırdı ki, xoşbəxtəm ki, mənim  Ağdamda Zeynal Hüseyn oğlu kimi dostum var… 

Zəlimxan Yaqub söhbətimizin sonunda maraqlı bir faktı da söylədi.

– Kəpənəkçi, Saraclı, Sadaxlı Qarabağdan köçənlərdir. Demək 13-14 əsrdə Qarabağda vəba xəstəliyi baş alıb gedir. Deyirlər dağ ətəyinə köçsək bəlkə bu xəstəlikdən qurtula bilək.  Gedənlər altı qardaş olub. İkisi atları xəpənək xəstəliyindən sağaldan, ikisi silah düzəldən, ikisi isə yəhər-yüyən düzəldən. Beləcə, onlar Borçalıda kök atlblar. Qarabağ  atlarınında səsi-sorağı məhz onların hesabına Borcalıyadək gedib çıxıb.

Söhbətimizn sonuna yaxınlaşırıq. Bir saatın necə keçdiyini hiss etmirəm. Şair kitab rəfindən  iki dəftərini gətirib vərəqləyir. Biri Zeyanla müəllimə həsr etdiyi şeirlə başlayır:

-Ustadimiz Zeynal bəyə ən ulu sevgilərlə. Xudu müəllimlə telefon sohbətimdə dedi ki, Ağdama gedirəm. Zeynal bəyin bağında təzə güllər əkməyə…

Eşitdim bağında gül becərirsən,
O gündən şadlanıb, gülürəm ustad
Mənə pay verdiyin dünya sevinci
Məndə ellərlə bölürəm ustad!

Min yolla, min izlə görüşürəm mən
Damlayam, dənizlə görüşürəm mən
Bakıyam Təbrizlə görüşürəm mən 
Hər  zaman səcdənə gəlirəm ustad!

Həyatdan uzaqda qaynamaz qanı
Torpağa bağlıdır şairin canı
Əlinlə bəzənən bağı bostanı
Gəzməkdən ötrü ölürəm ustad!

Şairə sonuncu sualımı verirəm.

– Qarabağın bu qədər əzab-əziyyətə düşməsinə səbəb nə oldu?

– Səbəb Qarabağın gözəlliyidir, ömrüm. Qarabağ bir dünya gözəlidir. Çirkin adamnan kimin nə işi var.  Həmişə gözəl adam dilə-dişə düşür. Şübhəm yoxdu ki, mən ora gedəcəyəm. Ən böyük həqiqət odur ki, torpaq bizimdir.

Şairlə bir saatlıq söhbətim burdaca bitir. Bir saatlıq söhbətdə illərin dərsin aldım şairdən.

Söhbətdə iki məqam diqqətimi çəkdi. Biri saza həsr etdiyi poemanın əlyazmasında heç bir düzəlişin edilməməsi idi. Şairdən bunu soruşanda cavabı gecikdirmədi:

– Mən yazımı sinəmdə hazırlayıb, sonra yazıram, ay oğul.

Söhbətin digər bir  məqamı isə onun gövrəlməsi idi. Şair Yasamaldakı ilk sınıq-salxaq evi haqqında danışanda bir anlıq tutuldu. Gözündən yaş gəldi…

ZƏLİMXAN YAQUB BƏLKƏDƏ QARABAĞ ÜÇÜN DARIXDIĞI KİMİ, İLK SINIQ SALXAQ  EVİ ÜÇÜN DƏ DARIXIR…

Mənzilini tərk edərkən yanvarın 21-də televiziyada bir verilişə baxmağımı xahiş etdi. Nəyə həsr olunduğunu soruşanda  65 yaşım tamam olur söylədi. Bundan xəbərsiz olduğumdan özümü itirdim. Amma eybi yox, ŞAİR…

Ad günün mübarək Zəlimxan müəllim!

Gəlin  inanaq ki, heç olmasa 70  yaşınızı Abdal-Gülablıdakı “Damcı” bulağında keçirmək  bizə qismət olacaq…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO