Adı “reket ” siyahısına düşmüş bəzi nəşrlərin məsələsinə baxılacaq

Üzərlərindən “reket nəşr” adının götürülməsi üçün Mətbuat Şurasına xeyli mətbuat orqanı müraciət edib. “Media forum” saytına açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, qurumun katibliyi bununla bağlı monitorinqə başlayacaq.

Onun sözlərinə görə, “Reket nəşr”lərin müəyyənləşdirilməsinə dair təlimat”a əlavə ediləndən sonra bu məsələyə baxmaq mümkündür: “Bəzən Mətbuat Şurasının “reket qəzetlər” siyahısına düşən nəşr birdəfəlik dayanır, elələri də olur ki, peşə-davranış qaydalarına uyğun çalışmağa başlayırlar. Vaxtilə adları “reket nəşr”lər siyahısına salınmış bəzi qəzetlər bir il müddəti keçiblər. Onların məsələsinə baxılmalıdır”.

Şuranın İdarə Heyəti təlimatla bağlı əlavəni oktyabrın 22-də qəbul edib.

Şura aşağıdakı hallarda KİV-lərin üzərindən “reket nəşr” adının götürülməsinə baxa bilər:

– Şuranın müvafiq qərarının qəbulundan ötən 1 (bir) il müddətində etik prinsiplərin pozulması ilə əlaqədar barəsində Şuraya əsaslı şikayət və müraciətlər daxil olmadıqda;

– Şuranın müvafiq qərarının qəbulundan sonrakı 1 (bir ) il müddətində Şuranın apardığı monitorinqlər zamanı fəaliyyətində peşə prinsiplərinin pozulmasının aşkarlanmadığı, az aşkarlandığı və ya mövcud pozuntu faktlarının ictimai qınağa əsas vermədiyi müəyyənləşdirildikdə;

– “Reket nəşr” elan olunan KİV-in Şuraya üzərindən “reket nəşr” adının götürülməsinə dair rəsmi müraciət ünvanlamasından, bunun üçün Təlimatda nəzərdə tutulan tədbirlərin reallaşdırılması istiqamətindəki tövsiyyələrə əməl etməyə razılığını bildirdikdən sonra;

– KİV-in üzərindən “reket nəşr” adının götürülməsi prosedurunun həyata keçirilməsinə məlum nəşrin redaksiya kollektivi ilə əmək müqaviləsi bağladığını, əmək və vergi qanunvericiliyinin tələblərinə riayət etdiyini sübut edən sənədləri Şuraya təqdim etdikdən sonra;

– Məlum nəşrin il ərzində ən azı 12 nömrəsi çıxdıqdan sonra.

Yuxarıdakı bəndlərdə göstərilən müddəaların dəyərləndirilməsinə ayrılıqda deyil, kompleks şəkildə yanaşılır və bununla bağlı yekun qərarın qəbulu Şura İdarə Heyətinin müstəsna səlahiyyəti daxilindədir.

KİV-in üzərindən “reket nəşr” adının götürülməsinə və onun adının “qara siyahı”dan çıxarılmasına əvvəlcə komissiya, sonra Şuranın İdarə Heyətinin iclasında baxılır və sadə səs çoxluğu ilə qərar qəbul olunur.

Şura tərəfindən “reket nəşr” elan olunmuş KİV-lərin üzərindən “reket nəşr” adının götürülməsi Şuranın bu barədə müvafiq qərarının KİV-lərdə dərci hallarında gerçəkləşmiş sayılır.

Şura İdarə Heyətinin müvafiq qərarı ilə üzərindən “reket nəşr” adı götürülmüş KİV-lərə Şuranın rəsmi məlumatının dərc edilmədiyi təqdirdə üzərindən “reket nəşr” adının götürülməsi haqqında informasiya yaymamaq tövsiyyə olunur.

Üzərindən “reket nəşr” adının götürülməsi KİV-i gələcəkdə bu təlimatın tətbiq dairəsindən kənarlaşdıra bilməz.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO