“ABŞ-ın hazırki siyasəti demokratik dəyərlərə zərbə vurur “

“Bakı 2015 I Avropa Oyunlarına Dəstək: Vətəndaş Cəmiyyəti Koalisiyası” “Qərbin ikili standartları: demokratiya və insan hüquqları” mövzusunda dəyirmi masa keçirir.

Trend-in məlumatına görə, tədbirdə millət vəkilləri, QHT rəhbərləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edir.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov bildirib ki, I Avropa Oyunları yaxınlaşdıqca ölkəmizə qarşı qarayaxma kampaniyası daha da güclənir.

O qeyd edib ki, bu günlərdə ABŞ Dövlət Katibi Con Kerrinin Azərbaycana qarşı planı ilə bağlı mətbuatda yayılan sənəddə hər şey açıq-aşkar bəlli olur, sənəddə ciddi faktlar ortaya qoyulur: “Bütün bunlar da, sözsüz ki, qərbin ikili standartlarından irəli gəlir. Düşünürük ki, ölkəmizə qarşı aparılan bu çirkin kampaniya əvvəllər də olduğu kimi, bu dəfə də bir nəticə verməyəcək”.

Daha sonra “Müstəqil dövlətlərdə keçirilən beynəlxalq idman və mədəniyyət tədbirlərini siyasiləşdirmək cəhdləri: Azərbaycan nümunəsi” mövzusunda çıxış edən millət vəkili Zahid Oruc deyib ki, Azərbaycana qarşı C.Kerrinin rəhbərliyi ilə hazırlanan bu sənəd mahiyyət etibarı ilə əvvəlki sənədlərdən fərqlənir:

“Müstəqillik dövründə çoxlu müxtəlif hadisələrlə rastlaşmışıq. Bu günlərdə rastlaşdığımız sənəd isə çox maraqlı faktlarla ortaya çıxıb. Əminəm ki, bu iki hissəli bir plandır. Bir hissəsi artıq mətbuatda yayımlanıb. Əminəm ki, ikinci hissəsi də var”.

Z.Oruc bildirib ki, ABŞ-ın hazırki dönəmdə dünya siyasəti özünün bərqərar etmək istədiyi demokratikləşməyə, demokratik dəyərlərə zərbə vurur: “Faktiki olaraq ABŞ-ın demokratiya sahəsində yürütdüyü syasət dünya dövlətlərinin xalqlarını qorxutmaqdadır. Demokratiya qeyri sabitliyin müaribələrin və toqquşmaarın sinoniminə çevrilib”.

Z.Oruc bildirib ki, ABŞ Azərbaycanda öz tərəfdarlarını itirməkdədir və bu heç şübhəsiz həm də Azərbaycanı itirməkdir.

Koalisiyanın koordinatoru Aydın Quliyev isə çıxış edərək bildirib ki, bəzi qərb ölkələri özlərini demokratik inkişaf yolunda model hesab edirlər: “Amma təcrübə göstərir ki, özünü klassik demokrat kimi göstərməyə çalışanlar öz ölkələrinə baxmırlar, öz daxillərində cərəyan edən hadisələrə münasibət bildirmədən digər ölkələri ittiham edirlər ki, bu da ikili standartlara yol açır”.

A.Quliyev ABŞ-da və digər qərb ölkələrində insan hüquqları sahəsində mövcud problemlər, polis zorakılığı, jurnalistlərin müstəqil fəaliyyətinə qoyulan qadağalar və s. barədə konkret faktlarla misallar gətirib.

O qeyd edib ki, bu faktlar həmin ölkələrdə insan haqlarının real vəziyyətinin necə olması barədə aydın təsəvvür yaradır.

Daha sonra çıxış edən “İctimai Problemlərin Tədqiqi Assosasiyası” İctimai Birliyinin sədri Məhərrəm Zülfüqarlı “ABŞ-da və Avropada irqi və dini ayrıseçkilik hallarının artması: multikulturalizmin iflası” mövzusunda çıxış edib.

O qeyd edib ki, dünyaya demokratiya öyrətməyə çalışan ABŞ insan haqları ilə bağlı 13 konvensiyadan 9-na qoşulmayıb: “Avropa Birliyinə gəldikdə isə insan haqları ilə bağlı vəziyyətə nəzarət edən heç bir qurum yoxdur. Başqa ölkələrin insan haqları barədə vəziyyətə münasibət bildiririlər, amma özlərində insan haqları ilə bağlı heç bir qurum yoxdur. Bu da orada vəziyyətin qeyri-normal olduğunu göstərir”.

“Konstitusiya Araşdırmaları” Fondunun rəhbəri Əliməmməd Nuriyev isə “Dövlət orqanlarının və beynəlxalq təşkilatların fəaliyyətində korrupsiya” mövzusunda çıxış edərək deyib ki, Azərbaycanı korrupsiyada ittiham edənlərin özlərində kifayət qədər korrupsiya faktları mövcuddur:

“Bildiyiniz kimi, beynəlxalq təşkilatlarda da korrupsiya faktlarına rast gəlmək olar. Onlar qrant ayırırlar, həmin qrantlar necə xərcləndiyini bilirlərmi? “Freedom House” Təşkilatının vəsaitlərinin 80 faizi ABŞ büdcəsindən gəlir. Ona görə də həmin dövlətin maraqlarına xidmət edir. Demokratiya və insan haqları ilə bağlı yaydıqları bəyanatlarda da maliyyələşdirdikləri dövlətin maraqlarını əsas tuturlar. Bütün bunlara diqqət etdikdə görürük ki, onlar Azərbaycana qarşı qərəzlidirlər”.

Tədbirdə şıxış edən millət vəkili Çingiz Qənizadə isə ABŞ-ın separatçılara dəstək verməsindən danışıb. O qeyd edib ki, beynəlxalq hüququn əsas prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyüdür: “Dövlətlərin ərazi bütövlüyü pozulanda isə hansı hüquqdan danışmaq olar? Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib, amma bu gün işğalçı bir dövlət ABŞ-dan pul alır ki, bu da separatizmin, işğalçılığın “inkişafına” yönəlir”.

Ç.Qənizadə qeyd edib ki, İlk Avropa Oyunlarından sonra Azərbaycanın nüfuzu bir daha artacaq, on minlərlə insan Azərbaycana gəlib burada reallıqları göstərəcəklər: “Bundan narahat olan qüvvələr tələm-tələsik Azərbaycana qarşı belə addımlar atırlar”.

Millət vəkili qeyd edib ki, Azərbaycana qarşı olan münasibət səmimi deyil: “Bu bizim müsəlman, eyni zamanda, güclü olmağımızdan irəli gəlir. Amma Azərbaycan ABŞ-dan daha səmimi münasibət gözləyir”.

Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov da çıxış edərək bildirib ki, ABŞ hakimiyyətinin yüksək etalonunda olan şəxslər Azərbaycana qarşı qərəzli mövqedədir: “2003-cü ildən Con Kerri vəzifəsinə başlayıb və elə uğurlu nailiyyətlər əldə etməyib. ABŞ qədər əslində beynəlxlaq hüququ pozan ikinci bir dövlət yoxdur. ABŞ-da əldə bayraq edirlər ki, onlarda korrupsiyaya qarşı mübarizə inkişaf edib. Lakin onların aşkar etdiyi fakt isə sözsüz ki, hər şey aydındır”.

E.Nəsirov hesab edir ki, Azərbaycana qarşı təzyiqlərin kökündə Azərbaycanın azad siyasət yürütməsi dayanır: “Biz onların dediklərini etsək, bizdə insan hüquqları inkişaf etmiş adlandırılacaq”.

“APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı isə çıxışında qeyd edib ki, İlk Avropa Oyunlarına qarşı kampaniya ilə bağlı əlimizdə olan sənədlər hələ ki, bunlardır: “Amma hesab etmirəm ki, bu, kampaniyanın tam olaraq mahiyyətini göstərir. Məncə, göstərilən faktlar kampaniyanın bir qismini əhatə edir. Çünki söhbət iki illik bir layihədən gedir. Bizim yazdığmız yalnız o layihə çərçivəsində işlənəcək bir neçə layihədir. Bu, çox böyük bir şəbəkə, çox böyük bir layihədir və müxtəlif tərəfləri, qolları var. Nəzərə alaq ki, bu layihənin tapşırıldığı alt təşkilatlar var. Həmin təşkilatların özlərinin hazırladığı alt layihələr var. Yəni, söhbət çox böyük bir şəbəkə və çox böyük bir “qara piar” kampaniyasından gedir. Layihədə görünən odur ki, bir cümlə də olsun, Dağlıq Qarabağ məsələsi və bu problemin əleyhinə bir şey yoxdur. Amma layihəni dəstəkləyən sponsorların hamısı “xalq diplomatiyası” məsələsində çox fəal olan, Ermənistanda hakimiyyətlə xalq arasında münasibətlərin möhkəmlənməsinə, Ermənistanın dövlətçilik siyasətinin möhkəmlənməsinə pullar ayıran, sərmayə qoyan NED təşkilatı, Azərbaycanda isə yalnız “xalq diplomatiyası”na və hətta separatçı qurumun mediasının möhkəmlənməsinə pul qoyan təşkilatlardır. Həm “Media Support” təşkilatı, həm də NED dəfələrlə Tiflisdə, Avropanın müxtəlif mərkəzlərində separatçı qurumun rəhbərlərini, ekspertlərini və maliyyə üzvlərini çağıraraq tədbirlər keçiriblər. Əlbəttə, qarşılıqlı olaraq orda bizim də bəzi ekspertlərimiz və QHT-lərimiz iştirak edib və bununla bağlı mediada çox sayda açıq faktlar var. Təbii ki, bu məsələlər o zaman başladı ki, Azərbaycan cəbhə xəttində mənəvi, psixoloji üstünlüyü tam olaraq əldə etmişdi. Eyni zamanda, prezidentin çox qətiyyətli çıxışları var idi və Dağlıq Qarabağ məsələsi üçün başqa yol qalmırdı. Mən hesab etmirəm ki, insan haqları istənilən bir dövlətin daxili işidir və fikrimcə, Azərbaycanın da daxili işi deyil. Amma eyni zamanda, bunu da nəzərə alaq ki, bu məsələyə qərəzli münasibətin olduğu da ortadadır. Mən bir faktı da qeyd etmək istəyirəm. Bir maraqlı fakt ortaya çıxıb ki, 2006-cı ildə İtaliyada Qış Olimpiya Oyunları, 2012-ci ildə Londonda Yay Olimpiya Oyunları keçirilib. İndi biz beynəlxalq təşkilatların həmin vaxt həmin ölkələrə münasibətini monitorinq edirik və məlum olur ki, 2006-2007-ci illərdə “Human Rights Watch” təşkilatının İtaliya, 2012-2013-cü illərdə isə İngiltərə üzrə ümumiyyətlə monitorinqi olmayıb. Hansı ki, həmin illərdə bu ölkələrdə insan haqlarının vəziyyətinin monitorinqi daha ciddi olmalıdır.

Tədbirdə çıxış edən digər iştirakçılar da İlk Avropa Oyunları ərəfəsində Azəbaycana qarşı aparılan qarayaxma kampaniyasını pisləyib, ABŞ-ı və Avropanı ədalətli mövqe nümayiş etdiməyə çağırıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO