Abidə Menecerləri Forumunda “Davamlı inkişaf və irsin idarə olunması” mövzusunda müzakirələr aparılıb

İyunun 30-da Bakıda UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası işə başlayıb. İyulun 10-dək davam edəcək sessiya çərçivəsində Dünya İrsi Gənc Peşəkarlar Forumu və Dünya İrsi Abidə Menecerləri Forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, Abidə Menecerləri Forumu iyunun 30-da öz işini davam etdirib.

Forumun dördüncü günündə Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəzin (ICCROM) təmsilçisi Gamini Vijesuriyanın moderatorluğu ilə “Davamlı inkişaf və irsin idarə olunması ilə bağlı əsas məsələlər” mövzusunda müzakirələr aparılıb. Tədbirdə Bakıda yerləşən abidələrin 2050-ci ilədək idarə olunması üzrə əsas fəaliyyət istiqamətlərindən və zəruri prinsiplərdən danışılıb.

Qrup şəklində aparılan müzakirələr zamanı qədimilik və müasirlik arasında harmoniya, etibarlılıq, müxtəliflik, qoruma, memarlıq, Bakının rəmzləri, görünmə bucağı, müvafiq konservasiya üzrə məsələlərlə bağlı fikirlər dinlənilib. Mütəxəssislər tolerantlıq, multikulturalizm və mənəvi dəyərlərin qorunması ilə bağlı məsələlərə toxunublar. Müzakirələrdə, həmçinin iştirakçılar şüurlu münasibətin artırılması və vahid şəhər anlayışı ilə bağlı düşüncələrini də bölüşüblər.

Tədbirdə hər bir iştirakçı öz ölkəsindəki abidələr və onların qorunmasına dair məruzə ilə çıxış edib. Çıxışlarda abidələrin mühafizəsi sahəsində müsbət və mənfi meyillər barədə məlumat verilib, bu istiqamətdə UNESCO-nun fəaliyyəti, təşkilatın yardım edə biləcəyi məqamlardan bəhs olunub. Ölkələrin özünəməxsusluğu, mədəni müxtəlifliyi, irsin qorunmasına dövlət dəstəyi, vətəndaş münasibəti və bu sahədə könüllülük məsələlərinə xüsusi diqqət yetirilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO