Abel Məhərrəmov: “Bakı Dövlət Universitetinin yataqxanaları söküləcək “

Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlərin oradan köçürülməsinə 2011-ci ildə başlanılacaq. Modern.az-ın məlumatına görə, bu barədə Milli Məclisin deputatı, BDU-nun rektoru Abel Məhərrəmov məlumat verib.
Rektor bildirib ki, hazırda 7000 tələbəni yerləşdirmək mümkün olan yataqxanalarda yaşayanların 90 faizi qaçqın və məcburi köçkünlərdi. Onun sözlərinə görə, vaxtilə universitetin yataqxanalarını qaçqın-köçkünlər tutduğundan tələbələr yataqxanasız qalıblar, kirayələrdə yaşamağa məcburdurlar.

Yataqxanasız isə universitet təsəvvür etmək mümkün deyil. Dünyada yataqxanasız universitet yoxdur. Yataqxana həyatı universitetin bir atributudur.

”Ona görə də yataqxanalar tələbələrin ixtiyarına verilməlidir. Prezident İlham Əliyev məcburi köçkünlər üçün evlərin tikilməsi haqda vacib sərəncam imzalayıb. Bunun üçün vəsait ayrılıb, hazırda tikinti gedir. İlk növbədə BDU-nun yataqxanalarındakı məcburi köçkünlər yeni evlərə köçürüləcək”.

A.Məhərrəmov deyib ki, BDU-nun yataqxanaları boşalandan sonra həmin binalara tələbələr yerləşdirlməyəcək, çünki o binaları sökəcəklər. “Biz könhəlmiş, kommunal şəraiti yaxşı vəziyyətdə olmayan yataqxanaları söküb, onların yerində yeni, daha müasir yataqxana kompleksi inşa etməyi düşünürük. Bakı Dövlət Universitetinin Baş Planında da yeni yataqxana kompleksinin inşası nəzərdə tutulub”

Son illər tələbə yataqxanasında sıxlıq daha da artmaqdadır. Bu, yataqxanada yaşayan qaçqın və köçkünlərin ailə üzvlərinin sayının artması nəticəsində baş verir. Çünki 15 il öncə 5 yaşında yataqxanada yerləşdirilən qaçqın uşağı indi gəncdir, evlənmək istəyir və bu sıradan olanlar arasında evlənənlər də az deyil.

“Dövlətqaçqınkom”dan verilən məlumata görə, Abşeronun Masazır qəsəbəsində məcburi köçkünlər üçün yaşayış binaları tikilir, BDU-nun yataqxanalarından çıxarılan ailələr orada yerləşdiriləcəklər.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO